Gürcüstanda karbamid zavodunun təməli qoyulub

Sentyabrın 18-də Gürcüstanın Kulevi azad sənaye zonasında karbamid zavodunun təməlqoyma mərasimi keçirilib. ARDNŞ-dən 168.az-a daxil olan məlumata görə, mərasimdə Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın maliyyə naziri Aleksandr Xetaquri və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, illik istehsal gücü 660 min ton olacaq zavodun tikintisinə 1500 işçi cəlb ediləcək. İstismara verildikdən sonra zavodda 300-ə yaxın adamın çalışacağı nəzərdə tutulur. Layihənin investisiya dəyəri minimum 100 milyon ABŞ dolları məbləğindədir.

Zavodun inşasının 2016-ci ildə başa çatdırılması planlaşdırılır. ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Azərbaycanla yanaşı qonşu Gürcüstanda da karbamid zavodunun inşası iki qardaş ölkədə aqrar sənayenin inkişafına, azot gübrəsinə təlabatın ödənilməsinə, eləcə də region bazarlarına yeni və perspektivli məhsul çıxarılmasına əlavə imkanlar yaradacaq. 

Təməlqoyma mərasimindən sonra karbamid zavodunun tikintisi ilə bağlı müqaviləni Gürcüstan hökuməti tərəfindən bu ölkənin iqtisadi inkişaf naziri xanım Vera Kobalia, ARDNŞ tərəfdən isə “SOCAR Georgia İnvestments Ltd”nin baş direktoru Əfqan İsayev imzalayıblar. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə