“Ümid” qaz yatağının istismarına başlanıldı

Bu gündən Azərbaycanda “Ümid” qaz yatağının istismarına başlanıb. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev açıqlama verib.

Onun sözlərinə görə, yataqdakı ilk hasilat quyusundan ölkənin qaz sisteminə bu gündən etibarən gündə 1 mln. kubmetr qaz vurulacaq: “Quyunun neft məhsuldarlığı 200 tondur. Növbəti quyunun gələn ilin əvvəlindən işə düşəcəyi gözlənilir. Bu yataqdan çıxarılan qaz ölkənin daxili tələbatının ödənilməsinə yönəldiləcək”.

Qeyd edək ki, «Ümid» dəniz strukturu Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə Xəzər dənizində yerləşən qaz yatağıdır. Yataq 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib. 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb. 1977-1992-ci illər ərzində burada 9 kəşfiyyat quyusu qazılsa da, bunların heç biri məhsuldar layları üzə çıxarda bilməyib. 2009-cu ilin avqustunda «Ümid»də kəşfiyyat quyusunun qazılmasına başlanıb.

Nəticədə «Ümid» dəniz strukturunda 6500 metrdən artıq bir dərinlikdə qaz yatağı aşkar edilib. Yatağın ehtiyatları 200 mlrd. kubmetr qaz və 30-40 mln. ton kondensat təşkil edir. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə