Dövlət Neft Fondunun aktivləri 11 faizdən çox artıb

2012-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 10 076,4 milyon manat, xərcləri isə 7 531 milyon manat təşkil edib. Fonddan Trend-ə verilən məlumata görə, neft müqavilələrinin həyata keçirilməsindən əldə edilən gəlirlər 9 636 milyon manat, o cümlədən mənfəət nefti və qazının satışından 9 625,7 milyon manat, tranzit ödənişlərindən isə 5,7 milyon manat səviyyəsində olub.

Hesabat dövrü ərzində xarici investorların verdiyi aktivlərdən gəlir 0,2 milyon manat olub. Yanvar-sentyabrda ARDNF vəsaitlərinin idarə edilməsindən 440,4 milyon manat əldə edilib. Bonus ödənişləri 1,6 milyon manat, akrlar üzrə ödənişlər isə 2,8 milyon manat təşkil edib. Üç rüb ərzində Fondun məzənnə fərqlərindən gəlirləri 79,3 milyon manat olub.

Fondun xərclər strukturunda qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə 251,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə isə 115,1 milyon manat ayrılıb.

Dövlət büdcəsinə transfertlər 7 038,4 milyon manat olub.
2007-2015-ci illər üçün dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin xaricdə təhsilinə 8,3 milyon manat xərclənib. Həmçinin, Bakı-Tbilisi-Qars dəmiryolunun tikinti layihəsinin maliyyələşdirilməsinə 97 milyon manat ayrılıb.

ARDNF-in idarə edilməsi üzrə xərclər 21,1 milyon manat olub.

Valyuta məzənnəsinin fərqindən asılı olaraq, Fondun xərcləri 289,2 milyon manat təşkil edib.

2012-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, Fondun aktivləri ilin əvvəlinə (29,8 milyard ABŞ dolları) nisbətən 11,4% artaraq 33 192,4 milyard ABŞ dolları təşkil edib.

2012-ci ilin birinci rübündə Fond qızılın satın alınmasına başlayıb və oktyabrın 1-nə olan məlumata görə, alınan qızılın həcmi 10 ton 891 kiloqram (350 146 unsiya) təşkil edib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə