Putinlə bağlı altı cəhət: o, inkişaf etmiş ölkəni idarə etmək üçün deyilmiş (TƏHLİL)

Amerika-Rusiya münasibətlərinin get-gedə gərgin fazaya qədəm qoyduğu indiki şəraitdə Birləşmiş Ştatların müxtəlif dairələrinin Rusiya prezidenti Vladimir Putinin fəaliyyət xüsusiyyətlərinə dair baxışları özünü daha qabarıq formada göstərməkdədir. Bu mənada məşhur «Foreign Policy»də gedən məqalənin müəllifləri - ekspertlər Fiona Hill və Klifford Qeddinin irəli sürdükləri fikirlər maraq doğurmaqdadır. Ekspertlər Kreml rəhbərini çox vaxt simasız, mahiyyətsiz, ürəksiz, haradan üzə çıxması məlum olmayan, ancaq özündə təəssürat yaratmağı bacaran adam kimi dəyərləndirirlər. Onlar Putinlə bağlı başlıca olaraq altı xüsusiyyət müəyyənləşdirirlər ki, yazımızda əsasən həmin cəhətləri təhlil edəcəyik.

Birinci cəhət V.Putinin həqiqi dövlət adamı olmasıdır. Mövcud xüsusda bildirilir ki, onun hakimiyyətə gəlməsi ölkə elitasının konsensusu nəticəsində baş vermişdi. Belə rəy əsas götürülmüşdü ki, dövlətdə qayda-qanun yaratmaq, daxili böhranı aradan qaldırmaq, beynəlxalq aləmdəki rəzilliyə son qoymaq həyati əhəmiyyətlidir.

İkinci cəhət Putinin necə deyərlər, tarixin adamı olmasına dair fikrin önə çəkilməsidir. Rusiyanın dövlət başçısı keçmişi interpretasiya etməklə özünün siyasi qərarlarını cəmiyyətdə möhkəmləndirmək yolu tutur. Bununla da tarixi legitimlik mantiyasını formalaşdırır. Mövcud deyimlə bağlı maraqlı fakt: Putin prezildent postuna qayıtmaq niyyətini Rusiya tarixinində islahatları ilə xüsusi anılan Stolıpinin ölmünün 100 illiyinin tamam olduğu gün verdi.

Eyni zamanda Putin üçün tarix dərin şəxsi məna da daşıyır. Belə ki, prezidentin atası və anası doğma şəhərləri olan Leninqradın (indiki Sankt-Peterburq) blokadası dövrünü yaşayıblar. Valideynlərinin tərcümeyi-halları Rusiyanın həmişə ona qarşı düşmən kəsilən ətraf aləmlə mübarizə ruhunda olmasına dair tarixi narrativə tam uyğun gəlir. Bu baxışa görə, Rusiya dövləti həmişə bütün bəlalardan xilas olaraq özünün dözümlülüyünü ortaya qoymağı bacarır.

Üçüncü xüsusiyyət survivalistlikdir. Yəni daim fövqəladə vəziyyətlərə hazır olmaq ümunitetini özündə saxlamaq. Belə hesab edilir ki, tarixin xoşagəlməz gərdişi Rusiya əhalisini çətin durumlardan çıxan insanların toplumuna çevirib. Belələri həmişə məsələnin pis tərəflərini düşünürlər və hazırdırlar. Putin isə hakimiyyətdə olduğu müddətdə özünün şəxsi survivalistliyini milli səviyyəyə qaldırmağı bacarıb. Bu cür yolla o, Qorbaçov və Yeltsin dövründən yığılıb qalmış dövlət borclarını aradan qaldırıb, həmçinin fövqəladə vəziyyətlər üçün tədarük tədbirlərini gücləndirib. Mövcud xüsusda neft və qaz ehtiyatları bazasının yaradılması önə çəkilir.

Yad - amerikalı ekspertlərin Putin üçün müəyyənləşdirdikləri dördüncü cəhət də budur. Onların fikrincə, Rusiya prezidenti hələ gəncliyindən özündə hamı üçün yad olmaq imicini formalaşdırmağı bacarıb. Adi fəhlə övladı kimi o, bir çox xüsusiyyətləri ilə hətta keçmiş Dövlət Təhlükəsizlik Komitəsində («KQB») də yad təsiri formalaşdırmışdı.

Xidmətdə yüksəlişi çox yavaş-yavaş baş verib, özü də yüksək, üzdə olan postlara təyin edilməyib. Məsələn, heç vaxt Sovet İttifaqı Kommunist Partiyasının funksioneri olmayıb. Sonradan, daha doğrusu 1996-cı ildə siyasi və biznes dairələrindəki qüvvələrin loru desək, başını yığmaq məqsədilə Moskvaya dəvət edilən də o, hamıya yad idi.

Amerikalıların Putin üçün müəyyənləşdirdikləri beşinci xüsusiyyət bazar sisteminə bələdçilikdir. Onların bildirdiklərinə görə, özünün hamıya yad görünən görkəmi və proqmatizmi sayəsində Putin kommunizmin bir sıra əsas prinsiplərini sıradan çıxarmağı bacardı. Ancaq ekspertlərin fikrincə, Rusiyanın dövlət başçısı ötən əsrin 90-cı illərindən Sankt-Peterburqun kapitalizminə nəzər salaraq belə bir qərara gəlib ki, bazar sistemində qalib gələn tərəf heç də yaxşı malını ucuz qiymətə satan yox, başqalarının zəif yerlərinə zərbə endirməyi bacarandır.

Nəhayət, F.Hill və K.Qeddi müştərək məqalələrində Rusiyanın dövlət başçısını idarəedici casus kimi qələmə verirlər. Dövlətin iqtisadiyyatın bütün sahələrinə aktiv müdaxiləsini nəzərdə tutan müəlliflərin qənaətincə, Putin Rusiyanın inkişafının etatist vəzifələri ilə xüsusi mülkiyyət arasında balans yaratmağı bacarıb. Özünün idarəedici casus identikliyinə güvənərək bir sıra problemlərdən çıxış yolunu müəyyənləşdirib. Hələ Sankt-Puturburqun vitse-meri vəzifəsini tutarkən sahibkarlar onun üçün tərəfdaş yox, hədəf olublar. Putin sahibkarların meriya qarşısındakı vədlərini yerinə yetirmələri üçün şəxsi və maliyyə informasiyalarını əldə edərək həmin məlumatlardan təzyiq vasitəsi kimi yararlanıb. Sonralar eyni metod oliqarxlara qarşı mübarizə də dövriyəyə buraxılıb.

Daha sonra ekspertlər bildirirlər ki, hazırda V.Putin üçün müəyyənləşdirdikləri altı xüsusiyyət bir-biri ilə ziddiyyət təşkil etməkdədir. Məsələn, survivalist Putin bazar münasibətli Putinlə təzad təşkil edir. Bazar münasibətli Putinin qarşısını idarəedici agent missiyası kəsir. Müəlliflərin fikrincə, Rusiya prezidenti mərkəzi planlaşdırılmaya malik bazarın vacibliyini dərk edir, ancaq iqtisadiyyatın tam liberallaşmasından nə isə anlaya bilmir.

Yekunda Hill və Qeddi belə qənaətə gəlirlər ki, Putin sadəcə Kremlə işləyən, gözlənilmədən yüksək vəzifəyə çəkilmiş xüsusi təyinatlı casusdur. Ekspertlərin fikrincə, Putinin tərcümeyi-halındakı ayrı-ayrı məqamların təhlili göstərir ki, ondan heç bir halda inkişaf etmiş ölkənin lideri ola biləcək, apardığı siyasətə görə elektorat qarşısında məsuliyyət  daşıyacaq şəxs çıxmaz. Hazırda isə Kreml rəhbəri öz müvəffəqiyyətinin qurbanıdır. Çünki Putinin yaratdığı stabillik dövründə formalaşmış şəhər orta sinfi Qərb dövlətlərində olduğu kimi, siyasi hüquqlara can atır. Ona görə də Rusiyanın dövlət başçısı hazırda dilemma qarşısında qalıb.  Ölkəni inkişaf etdirmək üçün prezidentə bir növ, kreativ sinif gərəkdir. Amma Putin həmin siniflə də dil tapa bilmir. Nəticədə isə ortaya ziddiyyətin çıxması proqnozlaşdırılandır: Putin nə qədər Rusiyanı modernləşdirmək istəsə də, bir o qədər siyasi açıqlığı və dövlət başçısının istefasını tələb edənlərin sayı artacaq.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə