Ruzulu varis və möhkəmlənən monarxiya (BAXIŞ)

Zahid ORUC, Milli Məclisin deputatı

“Mən onsuz da İngiltərə kralliği ilə izdivacdayam”-bu sözlər şahzadə I Yelizavetanın üzərinə gələn ictimai təzyiqlərə verdiyi cavab idi. 45 il dövlətin birinci şəxsi olsa da, ailə həyatı qurmayan və idarəçiliyi ilə ölkəsinin tarixinə “qızil dövrü”n müəllifi kimi düşən “nikahdankənar qız”. Atasi VIII Henrinin bir neçə dəfə evlənməsi ilə qazandiği mənfi imic fonunda Yelizaveta bütün ömrü boyu tək yaşamağa üstünlük verdi və “bakirə şahzadə” kimi səhnəni tərk etdi. Lakin onun bu üzdən övlad sahibi olmamasi taxt-tacın gələcək aqibətini hüdudsuz saray oyunları ilə üz-üzə qoydu, qanlı savaşlara yol açdı.

Bu tarixdən 500 il vaxt keçib. İndi Britaniya monarxiyasının sabahı nəinki bir, Corc Aleksandr Lui birgə üç varisin üzərində qərar tutaraq etibarlılığını inamla qoruyub saxlayır.

Bu quruluşu feodalizmin qalığı sayanların çoxluğuna və dövlət başçısını seçkilər vasitəsilə müəyyənləşdirməyin tərəfdarlarına baxmayaraq son illər ərzində monarxiya daha da möhkəmlənib. Tacqoymanın 60 illiyi ilə bağlı keçirilən ümumxalq tədbirləri, dəbdədəli evlilik mərasimləri və indi də gələcək kralın doğuluşu sübut edir ki, Britaniyada Monteskyö nəzəriyyələrini bərqərar etmək mümkün olmayacaq. Respublika quruluşunu burada təsis etmək üçün gərəkən sosial baza üstünülük qazana bilmir. Bəli, milyonlarla insan monarxiyanı qeyri-legitim sayır, onu azadlıq ideallarını boğduğuna və yalnız bir sülalənin hüquqlarını üstün tutduğuna görə ləğv etməyə çağırır. Lakin coxluq belə düşünür ki, stabil olaraq dövlətin bütövlüyünü özündə təcəssüm etdirən bu sistemdən imtina etmək üçün köklü əsaslar yoxdur. Əksinə, indi elə bir ölkə vamı ki, 50 il sonrakı başçısı bəlli olsun? Bu ki, amansız hakimiyyət çarpışmalarının qarşısını alan bir amildir. Təzəcə dünyaya gəlmiş varis hələ gözünü tam açmamış dünyanın hər yerindən, istər prezident, istərə də sadə vətəndaşlardan birlikdə milyonlarla təbrik və xoş sözlər qazanırsa, bu, Taxt-Tacın nüfuzu deməkdir. Sistemin qeyri-demokratikliyini bəyan etməklə iş bitmir. Faktiki olaraq, insanların nəzərində mütləqiyyəti deyil, inamı və etibarı əks etdirən hakimiyyətdən niyə imtina edilsin ki? 

Lakin burada bir incə məqam da var. Hədsiz rituallıq və sadə xalqdan uzaqlaşmış görünən Şahzadə İnstitutu millətin sevimlisi olan Diananın ölümü ilə ilə çətin həyat imtahanı verməli oldu. Midltonun şəxsi taleyini bu acıdan qaynaqlandı. Ali təhsili zamanı sevib-seçdiyi Keytin orta sinfi təmsil etməsi rəiyyətə qayıdış və sülalə hakimiyyətini millətlə yenidən qovuşdurmaq cəhdi idi. Sadə dillə desək, o, zadəgan titullu birisinin qızı ilə deyil, keçmiş şaxtaçı övladını şəxsi ömrünə və siyasi Taca layiq gördüyündən əsil nağıl qəhramanına çevrildi.

Ona görə dəqiqədə 25 min tvit-bu rekord mesajlar, 62 ağır çəkili toplardan 3 saat ərzində atılan yaylım atəşləri və Bukinqemdə saatın zəngli salamlaması ilə ingilislər “öz körpələrini” alqışlamaq üçün meydanlara çıxdılar. Bu sadəcə bir dövlət törəni deyildi. Adamlar ora qəlblərinin səsi ilə gəlmişdilər. Artıq gələcək kral anasının da dediyi kimi, onun əhatə olunduğu ən yüksək dayə, müəllim və qoruma heyətinə baxmayaraq, tərbiyəsi ilə özünün məşğul olacağını bildirməsi sübut edir ki, sarayın donuq və qapalı rejiminin buzu sınacaqdır. Corcun “isalahatlara başladığını” artıq söyləyə bilərik.

Bütün rəsmi tədbirlərə, mediada düzənlənən silsilə tarixi-məlumandarıcı təqdimatlara baxmayaraq şahzadə Diananın adı yenə də haşıyənin içərisindədir. Axı onun nəvəsi dünyaya gəlib. Görünür, saray o məşum hadisələrin yaratdığı ictimai şokdan yaxşı dərs alıb və bir daha ona toxunulmazlıq verdiyini göstərməyə çalışır.

Bəs yeni varisin Britaniya iqtisadiyatına bir təsiri varmı? Nə qədər qəribə görünsə də yaranan xoş ictimai eyforiya ÜDM-də 0,3 faizlik artıma səbəb ola bilər. Bunu peşəkar hesablamalar sübut edir. Kütləvi dövriyyəyə çıxan Kraliça suvenirləri, artan şərab satışı və xalq gəzintiləri, həmçinin turist axını fonunda ölkəyə gələn əlavə iqtisadi fayda məhz bu qədər olacaqdır. Üstəlik, onun adına kəsiləcək yeni pul sikkələri də əhalinin maraq göstərdiyi və dəyərləndiridiyi simvolik vasitələrdən biridir.

Bir sözlə, Britaniya 1000 ildir ki, keçmişlə gələcəyi uğurla birləşdirir və qədimliyini qoruyub saxlayır. Bu ənənə neçə-neçə körpəni beşikdəcə boğmağa, yaxud “nikahdan kənar” elan etməyə, gizli çəkişmələrə və edamlara səbəb olsa da 21-ci əsrə uğurla gəlib çıxa bilib. İndi isə Kembric şahzadəsi ailə ağacının mühüm bir budağına çevrilir. Dumanlı Albionun sabahı yeni varisin pöhrə verib ucalması ilə birlikdə gələcək. Ona görə bu adı yaxşı yadda saxlayın - Corc Aleksandr Lui!

Yazı Zahid Orucun facebook səhifəsindən götürülüb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə