“İpək Yolu” SİDİB sahibkarlığa böyük dəstək olacaq

Dekabrın 21-də “İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək” İctimai Birliyinin (“İpək Yolu” SİDİB) rəsmi açılış tədbiri olub. Tədbirdə Avropa ölkələrinin nümayəndə heyəti, orta Asiya və Rusiyadan iş adamları, təşkilat nümayəndələri, yerli iş adamları və millət vəkilləri iştirak ediblər. Ümumilikdə 350 şirkətin iştirak etdiyi açılış mərasimində 70 şirkətin tanıtım sərgisi təşkil edilib.

Tədbirdə çıxış edən “İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək” İctimai Birliyinin sədri Rəşid Çulaqov sözügedən birliyin təsis edilməsini ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu deyib. Sədrlik etdiyi ictimai birliyin görəcəyi işlər haqqında danışan R.Çulaqov Azərbaycanda sahibkarlığın inkişafına dəstək olacaqlarını vurğulayıb: “Yerli şirkətlərin dünya ticarətinə qoşulmaları üçün bir çox işlər həyata keçirəcəyik. Bunun üçün iş adamlarımızı dünya bazarı ilə, xarici investorları isə yerli iş imkanları ilə tanış edəcəyik. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına uyğun olaraq bölgələrimizdə də sahibkarlığın inkişafına, ölkədə qeyri-neft sektorununu inkişafına dəstək olmağı planlaşdırırıq. Eyni zamanda çalışacağıq ki, iş adamlarımızın sərmayə risklərini də maksimum səviyyədə azaldaq”. Azərbaycanda fəaliyyət göstərən universitetlərlə əlaqələrə dair planları haqqında da danışan R.Çulaqov hazırda Qafqaz Universitetinin texnoparkı ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb: “Ali təhsil alan gənclərin işlə təmin olunmasına, onların yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsinə dəstək olmaqla sahibkarlığın, bütövlükdə ölkə iqtisadiyyatının inkişafına dəstək olacağıq”.

Tədbirdə iştirak edən Türkiyə İşadamları və Sənayeçilər Konfederasiyasının (TUSKON) sədri Rızanur Meral çıxışında bildirib ki, “İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycanın şirkət və iş adamlarının dünyaya açılmasında böyük rol oynayacaq: “Bir millət iki dövlət olaraq Azərbaycanın inkişafı bizi çox sevindirir. Ümid edirik ki, bu ictimai birlik ölkə iqtisadiyyatının böyüməsinə dəstək olacaq. Bizdə öz təcrübəmizi azərbaycanlı qardaşlarımızla bölüşməyə hazırıq ”.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) sədri Məmməd Musayev isə çıxışında qeyd edib ki, ölkədə aparılan iqtisadi islahatların, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin nəticəsidir ki, Azərbaycan dünya miqyasında davamlı inkişaf edən ölkəyə çevrilib: “Ölkədə azad sahibkarlıq mühitinin formalaşdırılması iqtisadiyyatın inkişafına güclü təkan verir. “İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək” İctimai Birliyinin fəaliyyətə başlaması bizləri çox sevindirir. Ümid edirik ki, bu birliklə əməkdaşlığımız ölkəmizdə sahibkarlığın yeni istiqamətlərdə inkişafına böyük töhfə verəcək”.

Tədbirdə çıxış edən Milli Məclisin İqdisadi-siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə “İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək” İctimai Birliyinin fəaliyyətə başlamasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu ictimai birlik həm azərbaycanlı, həm də türkiyəli iş adamlarının bir araya gəlməsinə, birgə fəaliyyətinə və bir mərkəz ətrafında birləşməsinə imkan verəcək: “İpək yolu kimi bir dəhlizin adını daşıyan ictimai birliyin yaradılması mühüm işdir. Bu birlik dövlətlərimizi, xalqlarımızı daha da yaxınlaşdıracaq. Bundan başqa “İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək” İctimai Birliyinin fəaliyyətə başlaması ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesini də sürətləndirəcək. Belə ictimai birliklərin səmərələri fəaliyyəti nəticəsində dünya ilə əlaqələrimiz genişlənəcək, ölkə iqtisadiyyatı sürətlə şaxələnəck. Bu ictimai birliyin təsis edilməsi adından da göründüyü kimi sahibkarlığa böyük dəstək olacaq”.      

Tədbirdə “İpək Yolu” SİDİB ilə ASK və TUSKONLA əməkdaşlığa dair sənəd də imzalanıb.

Məlumat üçün bildirək ki, “İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək” İctimai Birliyi 2012-ci ildə təsis edilib. Hazırda 100 üzvü var. 150 ölkənin sahibkarlarını və iş adamlarını birləşdirən təşkilatlarla əməkdaşlıq edir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə