Çingiz xanın qəbri tapılmaq üzrədir? (ARAŞDIRMA)

Bunun baş verməsinin geosiyasi dəyişikliklər doğuracağı bildirilir

Ölümündən 800 il keçdikdən sonra da Çingiz xanın qəbirinin axtarışları davam edir. Hazırda bu iş üçün nəinki yeni texnologiyalara əl atılır, hətta dünyanın bir çox yerlərindən mütəxəssislər də cəlb olunur. Həvəskar arxeoloqlar Google xəritəsində kosmik sputniklərdən çəkilmiş şəkillərdən yararlanırlar. Ümumən istəklərinin nəticə verəcəyini söyləmək mümkündür. Hərçənd onu da deyək ki, axtardıqları heç də asan başa gələn deyil və illər ərzində ona çatmağa hesablanmış bütün cəhdlər uğursuzluğa düçar olub.

Ümumən Monqol imperiyasının banisinin qəbri çoxlarına sakitlik vermir. Müəyyən qisim dünyanın fatehinin ölüm səbəbini bilmək istəyir. Bəziləri qəbirdəki xəzinənin axtarışındadır (belə bir ehtimal var). Amma qəbrin yerini müəyyənləşdirmək sanki açılması mümkün olmayan sirdir. Bu məqsədə çatmaq üçün təkcə isanlar deyil, belə desək, təbiət də çox çalışıb. 800 il ərzində dəyişmiş təbii-çoğrafi mühiti nəzərdə tuturuq.

Tanınmış orta əsr tarixçisi Rəşidəddin özünün əlyazmalar toplusunda Çingiz xanın ölümü barədə yazır ki, böyük sərkərdə Tanqut ölkəsinin sərhədlərindən kənarda xəstəlik nəticəsində dünyasını dəyişib. O da deyilir ki, qəbir yerinə aparan yoldakı bütün adamlar, hətta təsadüfən görünənlər belə öldürülüb. Sonra qəbri qazanlar aradan götürülüb. Ardınca onları öldürənlərin axırına çıxılıb.

Başqa versiyada deyilir ki, hökmdarın basdırıldığı məkanda sıx ağaclıq əkilib, hətta həmin yerə doğru çayın axını da dəyişdirilib. Görünür, ərazinin möhkəm soyuqluğu da rolunu oynayıb.

Digər tərəfdən, böyük hökmdarın ölümündən sonra yaranmış əfsanəyə görə, onun qəbrini tapan hər bir şəxs öləcəkdi. Buna görə də kimsə axtarışa cəhd göstərməyib və uzun müddət beləcə davam edib.

Ümumənsə Şərqdə əfsanələr həddən artıq çox yayılıb. Məsələn, əmir Teymurun məzarı ilə bağlı vəziyyəti xatırlamağa dəyər. Bildirildiyinə görə, onun qəbri lənətlənmişdi. Amma bu deyimlər məcara axtaranları yollarından döndərə bilməmişdi. Daha bir sözə inansaq, Çingiz xanın qəbri onun ölümündən 30 il sonra açılıb.

Bəziləri deyir ki, Çingiz xanın qəbrini Tuvada (Rusiya Federasiyasının tərkibinə daxil olan muxtar vilayət) axtarmaq lazımdır. Çünki Monqol imperiyasının banisinin vətəni qədim uryanxayların, yəni tuvalıların yaşadıqları ərazidədir. Mövcud versiyanın müəllifi Tuva Universitetinin professoru Nikolay Abayeviin fikirləri əslində təzadlı təsir bağışlamaqdadır. Onun sözlərinə görə, Rusiyadakı tarixçilərin çoxu Çingiz xanın Altay-Sayandan olduğuna söykənirlər. Həmin yer də ya müasir Tuvaya, ya da şimal-qərbi Monqolustan ərazisinə təsadüf edir ki, burada da etnik tuvalılar yaşayıblar.

Əlbəttə, ehtimallarla razılaşmayanlar da var. Məsələ burasındadır ki, Çingiz xanın dövründə «uryanxay» etnoniminə Cənubi Sibirin bir çox xalqlarında rast gəlinir. Məsələn, müasir yakutlar və Baykal ətrafı bir çox türk tayfaları özlərini belə adlandırırdılar. Yeri gəlmişkən, monqolların tarixi ilə bağlı qədim sənədlərdə Tuva sakinləri «oyin» adlandırılıb, «uryanxay» isə məhz Baykal türklərinə münasibətdə işlədilib. Bundan başqa deyilir ki, Tuva ərazisində imperiyaya birləşmiş tayfalar uzun müddət işğalçılara qarşı ciddi müqavimət göstəriblər. Bu baxımdan döyüşkən tumatların monqollara qarşı üsyanları xüsusi vurğulanır. Onlar çox aciz şəkildə böyük orduya qarşı vuruşublar. Hətta döyüşlər zamanı Çingiz xanın göndərdiyi Boraqul noyon öldürülüb. Tumatlara qarşı Çingiz xanın böyük oğlu Cucinin başçılığı ilə qoşun da göndərilib. Tumatlardan sonra isə başqa tayfalar üsyana qalxıblar. 1220-ci ildə müqavimət qırılsa da, Tuvanın dağlıq ərazilərində partizan dəstələri mübarizələrini davam etdiriblər. Bütün bunlar isə onunla nəticələnib ki, Çingiz xan Cuci ulusuna daxil olan bu ərazini özünün şəxsi mülki elan edib. Ümumən 1225-ci ildə müqavimət tamamilə yatırılıb. Böyük hökmdar isə iki il sonra dünyasını dəyişib.

Bütün bu faktlar ondan xəbər verir ki, Çingiz xanın mühafizə dəstəsində tuvalılardan heç kəs ola bilməzdi. Bunu professor Abayev də vurğulayır və bildirir ki, orduya belə qeyri-leqal regiondan əsgərlər toplanması sadəcə mümkünsüzdür. Hökmdarın ölümündən bir neçə il öncə qanı su yerinə axıtdığı bölgədə basdırılmasını ehtimal etmək ağlabatan deyil. Alimin bildirdiyinə görə, əgər belə bir hal baş versəydi, həmin ərazinin əhalisi cəsədi tapmaq üçün yerin altını üstünə çevirərdi.

Buna görə də Çingiz xanın qəbrinin onun işğallarına bir növ, leqal yanaşmış bölgələrdə axtarmağın tərəfdarları daha çoxdur. Buna görə də hazırda amerikan və monqol alimlərindən ibarət belə demək mümkünsə, beynəlmiləl komanda diqqəti dağlıq Hentey bölgəsinə cəmləşdirir. Sözügedən yer Monqolustanın şimal-şərqində Rusiya ilə sərhəddə yerləşir. Qeyd edək ki, hələ 1960-cı illərdə Almaniya Demokratik Respublikasından və Monqolustan Xalq Respublikasından olan ekspedisiya üzvləri buradan sümüklər, mismarlar, kərpic və ehram bünövrəsinin qalıblarını aşkarlayıblar. Həmçinin içərisində ox ucluqları olan daş kurqanlar da tapılıb. Amma insan qalıqlarına rast gəlinməyib.

SSRİ-nin dağılmasından sonra Tokiodakı «Yomiuri Shimbun» qəzetinin maliyyə vəsaiti hesabına Henteydə yapon ekspedisiyası tədqiqat işləri aparıb. Həmin vaxt mətbuatda böyük hay-küylə qarşılanmış fəaliyyət demək olar nəticəsiz qalmışdı.

2001-ci ildə ərazidə çikaqolu ticarətçi Mori Kraviçanın rəhbərliyi ilə aparılmış işlər sonradan Monqol hakimiyyətinin etirazı ilə dayandırılır. Səbəb isə X əsrə aidliyi bildirilmiş keçikçinin sümük qalıqlarının aşkarlanmasından sonra ekspedisiyanın bir neçə üzvünün bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsi və «Çingiz xanın qəbrinin lənəti öz sözünü deyir» kimi fikirlərin qəzetlərə yol tapması olur.

«800 il ərzində Hentey dağ massivi bağlı rayon olub. Çingiz xan belə istəyib». Bunu «National Geographic» layihəsinin eksperti Albert Lin deyir. Onun sözlərinə görə, bu günlərdə həmin yerdən XIII-XVI əsrlərə aid nəhəng tikinti qalıqları tapılıb. Arxeoloqlar Henteydən çoxsaylı müxtəlif maddi-mədəniyyət nümunələri, o cümlədən ox ucluqları, keramika məmulatı və s. aşkarlayıblar.

Hazırda 10 min kvadrat kilometrlik məhz həmin məntəqədə pilotsuz ekspedisiya təyyarələri dövrə vurur, minlərlə könüllü isə sputnikdən alınmış foto şəkilləri dəqiqliklə öyrənir. Ən son elmi və texniki nailiyyətlərdən istifadə edilməklə məlum olmayan geoloji qalıqlarının qeyri-adi strukturunun identifikasiyası həyata keçirilir.

«Əgər Monqolustan ərazisində Çingiz xanın qəbri aşkarlansa, bu, böyük geosiyasi rezonans da doğuracaq». Bunu isə «Çingiz xan: həyatı, ölümü və yüksəlişi» kitabının müəllifi Con Men deyir. Həm də Çində bir çoxu hesab edir ki, Monqolustan Tibet kimi Çinin tərkibində olmalıdır. Vaxtilə Hubilay xanın dövründə olduğu kimi.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə