Əhliman həkimin diaqnozu - faciə (REAKSİYA)

Əvəz RÜSTƏMOV

Ölkədə gedişatı tərs gətirən işlər çoxdur və buna görə ayrı-ayrı şəxslərdə günah axtarmaq düzgün olmazdı. Ümumən toplum olaraq bir çox məqamlara münasibətimiz də yerində deyil. Hazırda gündəm İsmayıllı olayı olsa da, son vaxtlar əsgər ölümlərindən, ordudakı özbaşınalıqlardan danışırıq, amma şübhə etmirəm, elə tanışlarımız, qohumlarımız var ki, çavuş övladlarının hərbi xidmət zamanı tabeçiliyindəki əsgərləri loru desək, minmələrilə fəxr edir, onların hərəkətlərini kişilik nümunəsi kimi qələmə verirlər. Bundan danışmayacam. Ola bilər, indi deyəcəklərim də yerində olmayacaq. O mənada ki, haqqında bəhs etdiyim məsələ indinin söhbəti deyil və hər hansı prosesi şəxslər üzərindən əlaqələndirmək istəmədiyimdən bir çox məqamların fərqinə varmamışam. Bəzən varmış, sadəcə bezmişəm. Yəqin hansısa hadisəyə, olaya münasibətdə içinizdəkiləri üzə çıxarmaqdan, təkrar-təkrar eyni bir mətləbdən söz açmaqdan, günahkar aramaqdan, nəhayət, konkret hədəf müəyyənləşdirməkdən usandığınız anlar olur. Mümkündür ki, hətta ürəyinizdə təxminən belə də demisiniz: əşşi, heç onluq da deyil.

Bəlkə, böyük hesabla indi haqqında danışacağım adamlıq da bir şey yoxdur. Əvvəldə demişdim axı, toplum olaraq problemlər yaşayırıq və bu problemlər məngənəsində kimisə diqqət mərkəzinə gətirmək o qədər də yerinə düşmür. Amma elə adamlar var ki, sadəcə özləri-özlərini hədəfə çevirirlər. İndi deyə bilmərəm, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, hörmətli deputatımız Əhliman Əmiraslanovun nişangaha çevrilmək niyyəti olub, ya yox. Amma illərin alimi sayılan bu şəxs söylədikləri ilə özünü bulvardakı tir tüfənglərinin hədəflərindən də betər hədəfə çevirir.

Sən demə, ölkə tibbində narahat olmalı bir şey qalmayıb, bircə biologiya, xüsusən də tibb sahəsində xaricdə müdafiə olunan elmi işlərin keyfiyyətindən savayı. «Təsəvvür edin ki, əvvəl Moskvada yaşaya-yaşaya 8-10 ilə doktorluq dissertasiyası, 5-6 ilə namizədlik dissertasiyası yazıb müdafiə edirdik. İndi isə 1-2 ilə doktorluq diplomu gətirirlər», - deyən Ə.Əmiraslanovun sözlərinə görə, özləri dissertasiya yazmamış adamlar Ali Attestasiya Komissiyasının Ekspert Şurasının tərkibinə də düşürlər. Deməli, təsadüfi simalar həqiqi işlərə rəy verirlər və alimin təbirincə desək, faciəmiz də elə budur.

Faciə. Düz eşitdiniz. Əhliman müəllim «faciə» sözünü işlədib. Hələ ətraflı danışmaq istəmirəm ki, onun Ali Attestasiya Komissiyasının Ekspert Şurasının tərkibindən narahatlığı daxili intiriqa notları üzərində köklənənə oxşayır. Məncə, daha böyük faciə gələcək alimləri müəyyənləşdirən qurum barədə belə bir iddianın dilə gətirilməsidir. Amma cənab rektor bunu önəmsəməsin, əsla məsələdən narahatlıq duymasın. Əsas mübarizə aparıb qalib gəlməkdir. Onun qoluna, bilmirəm, bu, düzgündürmü, başına qüvvət.

Mənim işim deputatımızın dilinə gətirdiyi «faciə»dədir. Yox, «faciə» qədim yunan sözü deyil. Nə dəxli var, kimin sözüdür. Elmə aidiyyatı yoxdursa da, təəssüf ki, həyatımızın demək olar, bütün sahələrilə bu və ya digər dərəcədə qırılmaz tellərlə bağlıdır. Təbii, söhbət tibbdən gedirsə, bu bağlılıqda bir mütləq zəncirvarilik var.

Millət vəkilliyini bir kənara qoyaq, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru. Hamısını saymıram, amma Əhliman müəllimin vəzifələri və adları az deyil və görünür, çatışmayan AAK-ın Ekspert Şurasına təsirdir. Yəqin elə buna görədir ki, cənab Əmiraslanov tibbimiz baxımdan nəyinsə faciə olduğundan danışanda Ekspert Şurasının adını çəkir. Ola bilər, qısa kəsim, özünün olmadığı yeri faciəli sayır.

Ə.Əmiraslanovun Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərini mübahisələndirmək istəməzdim. Belə bir niyyətim yoxdur, heç bunu bacarmaram da. Amma sizləri deyə bilmərəm, mən alimin «faciə» kəlməsindəki səmimiliyə yumşaq desəm, inanmadım. Axı, cənab Əmiraslanov ümumən faciəli olduğuna azacıq şübhə yeri qalmayan sahədə əməlli başlı söz sahibidir.

Tibbimizin, səhiyyəmizin faciəsi isə özünün pik nöqtəsindədir və onu bu nöqtədən vurub salmaq mümkünsüz təsir bağışlayır. İndi deyək ki, Əhliman müəllim elmi işlərə başı qarışdığından məsələdən xəbərdar deyil. Akademik televizora damı baxmır? O, görmürmü ki, telekanallar ölkəmizdə fəaliyyət göstərən xəstəxanalara, özəl tibb mərkəzlərinə gündə xaricdən təşrif buyurtdurulmuş yüksək elmi dərəcəsi olan həkimləri reklam edirlər. Bu həkimlər camaatın burnunu, qulağını kəsib təzəsini qoyur, ürəyini, böhrəyini, orasını-burasını dəyişdirir. Həkimləri İrandan, Türkiyədən, Avropadan, Amerikadan külli miqdarda pulun müqabilində gətirirlər. Həmin tibb müəssisələri yerliləri işə götürərkən ilk növbədə xaricdə təhsil almışlara üstünlük verirlər. Bax, mənim qulağıma çatmayıb, yəqin elə sizlər də eşitməmisiniz ki, hansısa şirkət xaricdən sürücü gətizdirib işlətsin. Jurnalistikamızın vəziyyəti yaxşı deyil, amma başqası gəlib yerimizə yazmır. Əlbəttə, Əhliman müəllimin təxminən altı ay öncəki fikridir: tibbi təhsil almış mütəxəssislərin diplomlarının tanınması başqa bir sahədə diplom almış mütəxəssislərin diplomlarının tanınmasından fərqlidir. Bu fikri hörmətli akademik bilirsinizmi nə üçün işlətmişdi? Söhbət düşmüşdü ki, bəs, xaricdə həkimlərimizin diplomlarını tanımırlar. Üzərindən altı ay keçəndən sonra deputatımız sanki əcnəbi ölkələrdə qazanılan (alınan yox ha) nəinki tibb diplomlarına, hətta bu sahədəki elmi adlara qarşı da cəbhə açır. Di gedin, oxuyun, görək, xaricdə oxuya, müdafiə edə bilirsinizmi? Oxuyarsınız e, gərəkdir ki, ölkəyə ayağınızı qoyar-qoymaz cənab Əmiraslanovun da imtahanından keçəsiniz. Müəllim əziyyət çəkib, bunun üçün eynən öz sözüdür, xüsusi qurum da yaradıb. Ola bilər də, məsələn, xaricdə təhsil almış, elmi ad qazanmış hansısa cərrah öyrədilərək ölkəmizə göndərilmiş və vətəndaşlarımızın qanına susamış cəlladdır. Bir nəzər salmaq lazımdır ki, bu adam əlində heç olmasa, yağ bıçağını nətəri tutur! Hə, işə kim və necə baxmalıdır, elə məsələ də bundadır…

Əhliman müəllim düz demişdi ki, tibb sahəsi digərlərinə bənzəmir. Onun nəzərində tutduğu anlamda olmasa da, tamamilə razıyam, sahə digərlərinə bənzəmir, öz faciələri var. Faciələrdən ən başlıcası düz əməlli həkimin tapılmaması və ya çox az tapılmasıdır. Xüsusi olaraq nəzərə alın ki, Əhliman müəllim bilavasitə gələcəyin həkimlərini, mütəxəssislərini, alimlərini yetişdirməli olan Tibb Universitetinin də rektorudur. Yeri gəlmişkən, bir qədər əvvəl söz açdığım məsələdə məhz ADTU-nun diplomlarından söhbət getmişdi və hörmətli millət vəkilimiz onların xaricdə tanınmamasının davasını döymüşdü. Hələ bir qədər də əsəbi şəkildə onu da demişdi ki, məsələ mətbuatda şişirdilir. Bəzi adamlar təhsilimizə qara yaxırlar… Həmin vaxt düşündüm ki, görəsən, qaradan tünd rəng varmı ki, onu Azərbaycanın tibb təhsilinin, səhiyyəsinin gününə yaraşdırım. Rəngini bilmirəm, amma azdan-çoxdan yaraşdırmaq indiyə qismətmiş. Hər halda niyyətimin qara olmadığı məlumdur.

Faciə adamı çox şeyə vadar edir və üstündən altı ay keçəndən sonra hazırda mənə qismət olur ki, cənab Əmiraslanovun doktorluq dissertasiyası ilə bağlı bildirdiklərinə də diqqət yetirim. Hörmətli akademik, katib və rektorun sözlərindən belə çıxır ki, iki ilə doktorluq dissertasiyası müdafiə etmək mümkün deyil. Nə var, nə var keçmiş SSRİ dönəmində 8-10 ilə doktorluq dissertasiyası, 5-6 ilə namizədlik dissertasiyası yazıb müdafiə edirlərmiş.

Demək, ən azından SSRİ dövründə yaşayırıq. Elm, texnika inkişaf etməyib, internet ümumiyyətlə yoxdur. Dünyanın bir yerində oturub o biri yerindəki universitetlərdə imtahan verənlər, elmi dərəcə alanlar isə tərbiyəsizdirlər. Hə də, vaxtını elmi rəhbərin, rəyçinin, müxtəlif qəmbərquluların arxasınca sürünməklə keçirmədinsə, illərini xərcləmədinsə, saçını ağartmadınsa, başının tükünü tökmədinsə, gözünün nurunu qurban vermədinsə, əsəbin xarab olmadısa o alimliyin ləzzəti nədədi?! Bir alim ki, 35 yaşından tez ailə həyatı qurdusa, kirayələrdə yağır olmadısa, işıq pulunu vaxtında ödəmədiyindən bir şamı əridib digərini yandırmadısa, o, nə alimdir?! Alim cild-cild kitabların ram edilməsi ilə yanaşı, həyatın ən ağlagəlməz çətinliklərinin aradan qaldırılmasına varlığını, mahiyyətini xərcləməlidir! Bu mənada Əhliman müəllim xeyli demokratikdir, vur-tut 10 ildən söhbət açır. Demirik ki, elmimiz hərbimiz qədər vacibdir, hələ ondan da irəlidir?! Deməli, bu sahədə də xidmət 20 il olmalıdır. Hələ rekrut lazımdır, rekrut!

Nə isə əsəbləşdim. Əhliman müəllim dünya görmüş adamdır. Vaxt tapıb bu sözlərimi oxusa, güman edirəm, məndən inciməz. Digər tərəfdən, rekrutdursa, olsun rekrut. Onsuz da Əvəzin və ya bir başqasının sözü ilə nə tibb təhsilimiz düzələndir, nə də bir başqa sahə. İçi cənab Əmiraslanov qarışıq kim istəyir, tibbi də, səhiyyəni də necə arzulayırsa, başına ip salıb, eləcə də fırlatsın. Mənim incikliyim «faciə» sözünə görədir. Əhliman müəllim onu sadələrin dilindən almaq, öz leksikomuna daxil etmək istəyir. Məncə, heç düz eləmir. Çünki faciə ölkədə tibb təhsilinin itib-batmasından ziyan çəkən və belə getsə, gələcəkdə də fəlakət diaqnozu ilə xəstəxanalara çatdırılacaq toplumun özünü ifadə etmək üçün işlətdiyi ən ideal sözdür. O əksəriyyətin daim dilinə gətirərək, məziyyətlərini bölüşərək bəzən iynəsiz, dava-dərmansız, ən əsası həkim qayğısı və məsləhəti görmədən, vay-vay, görməyə imkan tapmadan əbədi şəfa tapdığı müqəddəs bir deyimdir. Bu yazını yazmaqla istədim ki, heç olmasa, bu deyimə qıyılmasın. İnsanlar rahat şəkildə öz faciələrinə sahib çıxsınlar.

P.S. Bu arada onu da deyim ki, mətndə Əhliman Əmiraslanova həkim deməyi unutdum. Bilmirəm, düz etdimmi?

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə