İranın ilk “kosmonavtı”

Zahid Oruc, Milli Məclisin deputatı

Dünyada siyasi və hərbi çəkisini təqdim etməyin parametrlərindən biri də orbital sistemə müstəqil peykin buraxılmasıdır. Ötən əsrin 50-ci illərindən sürət götürən, xüsusi olaraq SSRİ və ABŞ arasında “soyuq müharibə”nin - silahlanma yarışının bir komponentinə çevrilən kosmosa çıxış milyardlarla dollar vəsaitin xalqların boğazından kəsilməsinə səbəb olur, ulduz müharibələrinə hazırlığına yönəlirdi.

2009-cu ildə göyə - 140 km məsafəyə dövr edən peyk göndərməklə İran dövləti dünyanın 10 hegemonundan birinə çevrildi. Düzdür, bir çoxları bunu həyacanla qarşıladı və istər nüvə başlığının, istərsə də uzaqmənzilli raketlərin müxtəlif hədəflərə yönləndirilməsi üçün kosmosdan istifadə olunacağından narahat oldular. Elə o zamanlar -  həyacanlanmaların pik nöqtəsində İran müxtəlif heyvanları təcrübə dovşanlarına çevirməyə başlamışdı. Nəhayət, 2 gün öncə meymunu kosmosa göndərməklə və onu yerdə sağ-salamat qəbul etməklə İran alimləri elmi-texniki tərəqqiyə qadir olduqlarını sübuta yetirdilər. Bu həm də xalqın beynəlxalq dairələrlə savaşının növbəti bir uğur hadisəsi sayıldı. İndi bütün informasiya vasitələri inqilabın ildönümünə mühüm töhfə ilə getdiklərini bəyan edirlər.

Meymunların belə yürüşündən təkcə bir islam ölkəsi yararlanmayıb. Vaxtilə makakaların bir neçə sayda uğurlu və uğursuz uçuşunu Birləşmiş Ştatlar da təşkil etmişdi. O vaxtlar heyvansevərlər cəmiyyətinin sərt etirazları indi də gündəmə qayıtsa,  təəccüblənməyin. Çünki eyni problemi sovetlər ölkəsi də yaşamışdı. 1954 cü ildə məhşur adla tarixə daxil olan Layka itinin müdafiəçiləri ideoloji əkstəbliğatın önündə gedirdilər.

Yuri Qaqarinə qədər və ondan sonra sovet pullarını yeyən kosmik sənaye totalitar bir imperiyanı çökdürmüşdü. İndi İran 2019-cu ildə insanla kosmosa çıxmaq, düşmənlərinə meydan oxumaq niyyətindədir. Buna qədər yeni-yeni uzaqvuran və Avropanı lərzəyə gətirən yeni silahlar kəşf olunacaq və müsəlman qonşumuz hava məkanından da rəqiblərini qorxuya salacaq. Lakin bir başqa həqiqət də ortadadır: Qum şəhərində 4 bal zəlzələyə davam gətirməyən evlər İranda həyatın möhkəmləyini və keyfiyyətini göstərən başqa bir mənzərədir.

Göylərə Çarlz Darvinin təkamül mənbəyinin dalınca çıxmağa çalışan bir dövlətin Yerdəki sakinləri büdcələrinin necə sovrulduğunu souqqanlılıqla izləməkdədirlər. Kütləvi təbliğat eyforiyası altında “ilk kosmonavt”ın dünyadakı həmkarılarına - meymunlara necə qalib gələcəyini səbirsizliklə gözləyirlər!

Yazı millət vəkili Zahid Orucun "facebook" səhifəsindən götürülüb

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə