«Xoca» ilə özümüzü tanıtmaq(mı?) (REAKSİYA)

Əvəz RÜSTƏMOV

Yazım belə demək mümkünsə, təəssüflərlə doludur. Birinci təəssüfüm: Vahid Mustafayevin «Xoca» filmi barədə fikirlərimi məlum plagiat məsələsi ortaya çıxmazdan öncə çatdıra bilməmişəm… Ekran əsərini ANS-in efirindən izləyəndə mənə bir tamaşaçı kimi elə gəlirdi ki, o serialdır. İlk baxışdan yaxşı mənada diqqətimi çəksə də, bir-iki seriyasına baxıb qiymət verməyi düzgün saymamışdım. Sonradan fərqinə vardım ki, «Xoca» bütöv filmdir və dünyanın müxtəlif ölkələrində baş tutan təqdimatlarında əcnəbilərə vahid ekran əsəri kimi göstərilir. Nə isə, sözüm onda deyil ki, nəyə görə bir Azərbaycan vətəndaşı olaraq həmvətənlərimizin çəkdikləri, özü də Xocalı faciəsi kimi dəhşətli olayla bağlı filmə hissə-hissə baxmalıyam? Nə də belə həssas mövzuya aid ekran əsərinin konkret qurumun, yəni ANS Şirkətlər Qrupuna daxil olan ANS TV-nin kommersiya maraqları baxımından uzlaşdırılmaq cəhdinin yolverilməzliyini qabartmaq niyyətindəyəm.

Ölkədə hamının bu və ya digər dərəcədə başa düşülməsinə ehtiyacın duyulduğunu nəzərə alaraq «Xoca» filmini ortaya qoyanları da başa düşməyə çalışırdım.(?) Sizə qəribə gələr, amma təəssüfüm «Xoca» barədə məhz müsbət düşüncələrimi yaza bilməməmiylə bağlıdır. Bunu çox istəyirdim. Çünki hazırkı məlum plagiat olayınadək də filmə mənfi münasibət açıqlayanlardan fərqli olaraq, belə fikirləşmişdim ki, ekran əsərini ümumən təqdir etmək lazımdır.

Təbii, Xocalı haqqında çəkilmiş bütün filmlər məqbuldur. Prinsipcə, yaxşıdır. «Xoca» daha yaxşıdır. Amma ekran əsərində lentə alınan bütün detalları da eyni cür dəyərləndirə bilməzdim. Elə düşünülməsin ki, filmin baş qəhrəmanları olan qızla oğlanın hər addımbaşı, özü də üçüncü bir şəxsin yanında öpüşmələrinin milli nəyimizəsə zidd olduğunu xüsusi vurğulamaq niyyətindəyəm. Hərçənd bu deyilməlidir. Oradakı bir sıra epizodlarda məkan və zaman baxımından aşkar uyğunsuzluqlar da diqqətə çatdırılmalıdır. Amma istər 1992-ci ildə və elə indi də tanımadığımız şəxsin ağzının içində öpüşmək vərdişindən uzaqlığımıza, istər həmin vaxt xüsusi mebel mağazalarımızın, bu günün şadlıq saraylarına oxşayan toyxanalarımızın olmadığına, istərsə də bu kimi digər məqamlara xarici vətəndaş önəm verə bilməz. Film də dünyaya bizi tanıtdırmaq üçün çəkilibsə, o zaman xub.

Çox güman, peşəkar tənqidçilər kinoda başqa çatışmazlıqları da görə bilərlər. Mən müsbətləri görmək istədim. Sırf sujet xəttinin tamaşaçını həyacanda saxlaması, müəyyən mənada hadisələrin ümumi ahənginin faciənin miqyasının təsviri baxımından reallaqla uzlaşması, aktyor oyunu - zənnimcə, ortada peşəkarlıq mənasında təqdir ediləsi cəhətlər var.

Amma elə bir-iki epizod kifayətdir ki, «Xoca»da 2010-cu ildə çəkilmiş «Brest qalası» filmindən oğurluğun, mədəni dildə desək, plagiatın olduğunu düşünəsən. İndi bir çox işlərimizin yekə təqdim etməyimizə baxmayın, aşağı-yuxarı hamımızın əməlində plagiat var. Deyək ki, xarici media vasitələrindən materialları götürür və tərcümə edərək qəzetdəmi, saytdamı yerləşdirir, axırda da altına adımızı və soyadımızı yazırıq. Hələ telekanallarımızın verilişlərinin bir çoxunun formatının xarici telekanallardan götürüldüyünü demirəm. Ümumənsə həyatda bir çox şeylər bir-birinə oxşayır. Hətta mümkündür ki, müxtəlif areallarda yaşayan iki insan bir-birindən xəbərsiz eyni sənət əsəri yaratsın.

O gün illərin jurnalisti, hazırda Salamnyus İnformasiya Agentliyində çalışan Şirməmməd Nəzərli gözümün qabağında tanınmış qəzetlərin birində gedən elə bir materialı göstərdi ki, matım-mutum qurudu. Bir az deyindi, axırda da dedi ki, nə etsin, gedib görəcək ki, oğurluq material verən 18-20 yaşındakı gəncdir və həmin gənc yazı yazıb qonarar almaq, kollektivdə fərqlənmək istəyib. Yəni, sözüm ondadır ki, yerli miqyasda olan plagiata bir çoxumuz elə Şirməmməd müəllim kimi yanaşırıq. Hörmətli Vüsalə xanım Mahirqızı sosial şəbəkələrdə rəhbəri olduğu APA-dan oğurluğun edildiyinə dair vaxtaşırı statuslar paylaşaraq bir növ, oxu atır, yayı gizlədir. İstəsə, ad çəkə bilməz? Bilər, sadəcə başa düşməyə çalışır. Ümumən iş elə gətirib ki, Azərbaycan jurnalistikasında hamı bir-birini anlamağı özünə mənəvi norma sayır. Bəlkə ölkədə media təmsilçiləri qədər bir-birilərini anlayan ikinci peşə sahibləri də yoxdur. İndi demək çətindir ki, ANS-in «Yeni Müsavat» qəzetinə qarşı dünən xəbərini oxuduğumuz məhkəmə iddiası olmasaydı, «musavat.com» və ona yaxın «minval.az» saytı qalmaqal yaradacaq məlum videonu paylaşacaqdı, ya yox… Hər halda ortada əlahəzrət fakt deyilən bir şey var. Fakt isə ondan xəbər verir ki, plagiata yol verən nə Şirməmməd müəllimin dediyi 18-20 yaşında olan və jurnalistikaya yenicə qədəm qoyan birisi, nə də Vüsalə xanımın statuslarında üstünə təpindikləridir.

ANS-in tarixi müstəqil Azərbaycanın tarixi ilə eynidir. Belə bir keçmişə malik şirkətin xalqımız və millətimiz üçün taleyüklü məsələyə münasibətin ifadə olunmasını hədəfləyən filmində bu boyda plagiat sadəcə ağla batmır. Yəni, biz öz faciə yaşantımızı təsvir edə bilməyəcək qədərmi hissizik?! Ortada mərhum jurnalist Çingiz Mustafayevin lentə aldığı dəhşətli səhnələr var. Görəsən, həmin kadrlara baxıb fantaziyamızı peşəkarlığımızla çulğalaşdırmağı bacarmayacaq dərəcədəmi qısırıq? Ağlıma gələn odur ki, danışanda ağzımızda tüpürcəyimizi qurudan vətənpərvərliyimiz laqeydlik hislərimizə məğlub olur!

Hansısa rejissor hansısa filmin təsirinə düşə bilər. Deyək ki, bunun ayrı-ayrı epizodların quruluşunda özünü göstərməsi mümkündür. Bəs, obrazların dillərindən çıxanlara nə deyək? Film üçün yazılmış mahnının sözlərini hansı təsirlə əsaslandıraq? Yoxdur, neynəsək də, məsələnin izahı yoxdur. Və belə izaholunmaz vəziyyətlər yaşandıqca, dünya bizi «Brest qalası» filmində yağıya əsir düşməməsi üçün həmvətəni olan qızı güllələyən şəxsi başa düşdüyü kimi anlamayacaq!

ANS TV-nin «Xoca»nın İstanbulda Türkiyənin ən tanınmış sənət adamlarının iştirakı ilə keçirilmiş təqdimatı mərasimindən hazırladığı canlı reportajı izləyəndə hadisənin miqyası məni xeyli təsirləndirdi. Təbii ki, çox sevindim. Hətta öz-özümə əsəbləşdim ki, belə bir olaya nəyə görə yalnız ANS TV diqqət yetirməlidir?  Amma indi o təqdimata görə heyfslənirəm.

Bir neçə gün öncə Xocalı faciəsinin ildönümü ilə bağlı Azərbaycana gəlmiş türkiyəli jurnalistlərdən biri bəlli reallığı önə çəkərək vurğuladı ki, soyqırımı həqiqətlərinin filmlərdə canlandırılması onların dünyaya tanıdılması baxımından son dərəcə vacibdir. Bu fikri yada salıb Xocalı vəhşəti barədə yalnız 21 il sonra çəkilmiş bədii filmlə əlaqədar aşkar qüsurlara görə təəssüflənməmək sadəcə olmur. Həqiqətən bədii ekran əsərlərinin insanların düşüncə tərzinə təsiri çox böyükdür. Bu böyük təbliğat vasitəsinə plagiat damğasının asanlıqla vurulmasının mümkünlüyü təəssüfləndirici olduğu qədər də acınacaqlıdır. Biz «Xoca» ilə Xocalını tanıtmaq istəyən özümüzü çox pis tanıtdıq.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə