Hitlerə qarşı ən böyük sui-qəsd niyə baş tutmadı? (TARIX)

Faşist lideri Adolf Hitlerə qarşı 1944-cü ilin iyulunda baş vermiş sui-qəsdin əsas simalarından sayılan 91 yaşlı Evald-Henrix fon Kleystin bir neçə gün öncəki ölümü o dövrün hadisələrinə yenidən maraq oyadıb. Bu maraq heç də «Üçüncü Reyx»in ideoloji rəhbərinin aradan götürülməsi istəyi ilə əlaqədar deyil. Əsas məsələ sui-qəsdin miqyası və onda iştirak baxımından general rütbəsi daşıyan şəxslərin sayının çoxluğudur. Və üzərindən xeyli müddətin keçməsinə baxmayaraq, Hitleri aradan götürmək üçün həyata keçirilmiş sövdələşməyə daha çox diqqət yetirilməsi sövdələşmənin baş tutacağı təqdirdə dünyanın taleyinin tamam fərqli ola biləcəyi ehtimalına söykənir. Tam mümkün idi ki, fürerin 1944-cü il iyulun 20-də öldürülməsilə dünya tarixində sonra baş vermiş bir sıra hadisələrin, o cümlədən kütləvi qırğınların qarşısı alınsın. Ancaq bu baş vermədi.

Ondan başlayaq ki, Almaniya ordusunun generalları ümumən həmişə Hitlerə münasibətdə birmənalı olmayıblar. Əslində ikincinin də birincilərə etimadla yanaşdığını söyləmək mümkünsüzdür. Hələ 1936-cı ildə Almaniyanın silahsızlaşdırılmış Reyn zonasını ələ keçirdiyi vaxtdan başlayaraq, fürerin əhatəsindəki ali zabitlər özlərinin birbaşa rəhbərləri sayılan şəxsin bəzi hərəkətlərinə şübhəylə yanaşmışdılar. Qarşıdakı illərdə tərəflərin bir çox məsələlərə, o cümlədən İspaniyaya hərbi kömək göstərilməsinə, Avstriya və Çexoslovakiyanın «Üçüncü Reyx»ə birləşdirilməsinə, həmçinin İngiltərə və Fransaya münasibətə, nəhayət Polşaya hücuma dair fikirləri haçalanmışdı. Hitler əvvəlcə bəzi güzəştlərə getsə də, sonradan çoxililk təcrübəyə malik generallarının hərəkətlərində öz imperiya ambisiyalarının baş tutmasına maneçilik törədəcək ehtiyatlılıq sezmişdi. Təbii ki, bu cəhət onu razı sala bilməzdi.

Hitlerin yaxın ətrafını təşkil edən hərbi dairələrin skeptik yanaşdığı II Dünya Müharibəsinin başlanmasından sonra istər Almaniya cəmiyyətində, istərsə də ordusunda müxalif ab-hava daha da gücləndi. Buna sübut kimi Vermaxtın general-polkovniki Fon Hommerşteyn Ekvordun söylədiklərini göstərmək mümkündür. Ali rütbəli zabit deyirdi ki, təkcə nasistlərdən qurtulmaq üçün Almaniya SSRİ ilə müharibədə məğlub olmalıdır.

1941-ci ilin dekabrında Almaniyanın Moskva yaxınlığındakı döyüşdə məğlubiyyətə uğraması dövlətin içərisində müxalif fikirlərin geniş vüsət almasına səbəb olur. Nəticədə hakimiyyətlə bərabər ölkənin başlıca strategiyasını dəyişmək və müharibəni tamamilə dayandırmaq niyyətinə düşən qüvvələr fəaliyyətlərini artırırlar.

Həmin vaxt qeyd edilən məqsədlərə köklənmiş müxalifət hərəkatının tərkibinə o zamanın tanınmış simalarından sayılan generallar - fon Treskov, Olbrixt, Ştiff, Vaqner, Lindeman, fon Ştyupnagel, Bek və sair şəxslər qoşuldular. Ölkənin siyasi və hərbi kursunun dəyişdirilməsi ideyası özünə hətta «Cənub» və «Mərkəz» ordularının, Fransa və Norveçdəki hərbi birləşmələrin rəhbərləri içərisində də geniş yer tapdı. Ziyalıları, iri sənayeçiləri və bankirləri birləşdirən ictimai müxalifətə rəhbərliyi isə tanınmış xadimlərdən sayılan Karl Herdeler etdi.

1941-1942-ci illərdə pərən-pərən salınmış hərbçilərin bir qismi, habelə ictimai antihitlerçi qüvvələr sıralarına yeni üzvlərin qəbulu ilə düşərgələrini genişləndirməyə çalışdılar. Eyni zamanda mübarizələrinə ölkə elitasının təmsilçilərini də qatmağa can atdılar. Bu dairələr hitlerçilərin Kursk və Stalinqrad ətrafındakı məğlubiyyətini əllərində bayrağa çevirərək fürerə sui-qəsdi nəzərdə tutan məxfi planı işə saldılar. Məhz həmin plana əsasən 20 iyul 1944-cü il tarixdə Hitler aradan götürülməliydi. Lakin bu işi görmək elə də asan deyildi. Çünki «Canavar yuvası» adlandırılmış yerdə gizlənən fürer həmin yeri idarəçilik və təhlükəsizlik baxımından tam yararlı hala gətirmişdi. 8 müxtəlif bunkerdən ibarət olan «yuva» bir neçə qatlı minalanmış sahə ilə əhatələnmişdi. Yaxşı qorunması səbəbindən Hitler 1941-1944-cü illərdə burada 800 gün keçirmişdi. Hətta ərazidən SSRİ-nin içərilərində döyüşən Şərq cəbhəsini də idarə etmişdi. Sui-qəsdə gəlincə, bu fikrə düşənlər də planlarını içərisinə girilməsi belə həddən artıq çətin olan «Canavar yuvası»nda gerçəkləşdirməyi düşünürdülər. Onlar Hitlerin qətlini iki əldəqayırma bombanı partlatmaqla reallaşdırmağı düşünürdülər. Rəhbərə qarşı çıxışın əsas ideoloqları isə polkovnik Merç fon Kvirnheym, generallar Helmut Ştiff və Henninq fon Treskov idi. Adını sonuncu çəkdiyimiz ali rütbəli zabit hazırlaşdıqları hadisənin vacibliyini vurğulamaq üçün deyirdi ki, sui-qəsd Almaniyanın fəalakətdən qurtulmasının yeganə yoludur. «Canavar yuvası»nda Hitlerin fiziki cəhətdən məhvi Şərqi Avropa ölkələrində də iri miqyaslı hərəkətlər üçün bir növ, işarə rolunu oynamalıydı. Hərəkətin belə demək mümkünsə, alqoritmi isə qəsdin könüllü və sistemli fəaliyyət kursuna malik iştirakçılarının davranışından asılı idi.

Düşünülmüşlərin baş tutması yolundakı ilk problem ondaydı ki, sui-qəsdçilər əlavə köməyə ümid edərək bütün hərbi dairələrin komandanlığını istəkləri barədə məlumatlandırmışdılar. İkincisi, fürer tərəfdarlarının əks addımlar atmaması üçün Rastenburqla Berlin arasındakı rabitə xəttini müəyyən müddətə məhdudlaşdırmaq lazım idi. Üçüncü çətinlik fon Ştauffenberqin «Üçüncü reyx»in paytaxtına qayıtması ilə əlaqədar idi. Sui-qəsdin əsas simalarından sayılan bu şəxs Hitlerin aradan götürülməsindən sonra hökumətin fövqəladə vəziyyətlər üçün işləyib hazırladığı «Valkiriya» planının işə düşməsinin qarşısını almalıydı.

1943-cü ilin oktyabrındakı iki uğursuz cəhddən sonra sui-qəsdçilər 1944-cü ilin 20 iyul tarixini planlarının reallaşdırılması üçün yekun tarix kimi seçdilər. Bir neçə gün öncə dünyasını dəyişmiş Evald-Henrix fon Kleyst hadisələrin birbaşa mərkəzində dayanmalı imiş. Lakin tezliklə onun Klaus fon Ştauffenberqlə əvəzlənməsi baş verdi ki, sonuncunun əsas missiyası fərdi şəkildə hərəkətə keçərək içərisində bomba olan çantaları müvafiq nöqtədə yerləşdirməyə hesablanmışdı.

Maraqlıdır ki, ilk baxışdan təsadüf kimi görünən proseslərin yaşanması planı pozdu. Hadisənin törədilməsi üçün seçilmiş iclasın vaxtı 30 dəqiqə sonraya salındı. Toplantının bunkerdə keçiriləcəyi deyildiyi halda, qəfildən onun yeraltı taxta tikililərin birində düzənlənməsi qərara alındı. Digər tərəfdən, sui-qəsdi reallaşdırmalı olan fon Ştauffenberqin iclasdakı məruzəsinin müddəti də qısaldıldı. Onun Hitlerin iki metrliyinə yerləşdirdiyi çantanı qərargah zabiti nisbətən uzaqda olan taxta kətilin üzərinə qoydu. İkinci bomba isə müharibədə bir gözünü və bir əlini tamam, digər əlinin isə üç barmağını itirmiş Ştauffenberqin tələskənliyi üzündən işə düşmədi.

Beləliklə iyulun 20-si saat 12.42-də «Canavar yuvası»nda bomba partladı. Dörd zabit həlak oldu, bir neçəsi isə möhkəm yaralandı. Fon Ştauffenberq və onun adyudantı hadisə yerindən çıxmağı və Berlinə qayıtmağı bacardılar. Onlar həyata keçirdikləri əməliyyatın uğur qazandığına şübhə etmirdilər. Lakin vəziyyət fərqliydi. Hitler zərər çəksə də, bu zərər yalnız yanıq yaralarından və yüngül kontuziyadan ibarət idi.

Əməliyyata uyğun olaraq sui-qəsdçilər özlərinə yaxın hərbi dairələrə baş vermiş hadisə barədə stenoqramlar göndərməyə başladılar və burada da böyük, həlledici səhvə yol verildi. Steneoqramlardan biri fürerin Rastenburqdakı «yuva»sına ünvanlandı. Nəticədə Hitler ölkədə dövlət çevrilişinə cəhd göstərildiyindən şəxsən xəbər tutdu.

Generalların sövdələşməsinin uğursuzluqla üzləşməsindən sonra Almaniyanı edamlar və repressiyalar dalğası bürüdü. Sui-qəsddə günahlandırılmış beş mindən artıq adam güllələndi və ya edam olundu. Yeddi min nəfər isə həbsxanaya atıldı. Bu azmış kimi müxaliflərin qohum-əqrəbaları da təqiblərlə üzləşdi - böyüklər konslagerlərə, uşaqlar internatlara göndərildi. Hitlerə qarşı sui-qəsdlə birbaşa əlaqəsi olan şəxslərdən çox cüzi hissəsi sağ qala bildi ki, onlardan biri də bir neçə gün öncə 91 yaşında dünyasını dəyişmiş Evald-Henrix fon Kleyst idi.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə