Maksim Qorki harınlamışlar barədə (AKTUAL)

Dahi Maksim Qorkini oxuyarkən onun neçə illər öncə rus cəmiyyətindəki naqisliklərə münasibətdə səsləndirdiyi fikirlərin müasir dövrümüz üçün də aktual səciyyə daşıdığı sadəcə heyrət doğurur. İnsanlar arasındakı münasibətlərin ziddiyyət səviyyəsinə yüksəlməsinin labüd trayektoriyasını çox incəliklə cızan ədibin söylədiklərini doğuran motivlərdən əslində təkcə Rusiya cəmiyyətinin deyil, bütövlükdə bəşəriyyətin eybəcərlikləri boylanır. Xalqın, millətin var-dövlətinə, yaşam tərzinə qəsd yolu seçərək harın həyat tərzi sürənlərin ətrafdakılara münasibətinin tərifi kimi meydana çıxan bu fikirlərdən az və ya çox dərəcədə bütün quruluşlar öz payını götürə bilər. Hansı az, hansı çox özünüz müəyyənləşdirin.

«Qoy, qəlbləriniz qorxu ilə döyünsün, yuxunuza əcaiblər girsin, ölkəmizdə baş verən bütün ağılsızlıq və qəddarlıqlar sizi oda yaxsın. Siz buna layiqsiniz. Bu sizi ya məhv edəcək, ya da ola bilər ki, ürəyinizində çox az saxladığınız düzgünlük və təmizlik sizi acgözlüklə, hakimiyyətpərəstliklə, yalanla və hər cür alçaqlıqlarla dolu çirkablardan təmizləyəcək...

Xalqın dözümü tükənib. Uzun müddət susub, zorakılığa müqavimət göstərmədən tabe olub, dözərək sizin həyatınızı özünün qul çiyinləri üzərində saxlayıb. Baxın, daha dözə bilmir! Siz bütün həyatı boyu onun əməyini mənimsəmisiniz, axırıncı çörəyini əlindən almısınız. Nəyi aldığınızı düşünməyərək çox asan şəkildə götürmüsünüz. Siz bahalı geyimlərinizlə təmtəraqlı evlərinizdə oturaraq ac və yesir adamları hiddətləndirmisiniz. Özünüzü kişi sayaraq onlara aşağı təbəqənin adamları kimi baxmısınız. Onlar bütün bunları başa düşürdülər. Axı, bu, çox aydındır: kasıbların gözü qarşısında o yan-bu yana sülənməklə onlardan minnətdarlıq gözləmək olmaz.

Sizin insana olan etinasız, vasvası münasibətiniz onda sizə qarşı hörmət yarada bilməz. Onun üçün nə etmisiniz? Onun ürəyi yuxa olması üçünmü çalışmısınız? Siz onun ağıllı olmasınımı istəmisiniz? Siz bu barədə düşünməmisiniz. O sizin üçün işlək heyvan olub. Heç vaxt ona insan kimi yanaşmamısınız. Görəsən, onun sizin üçün vəhşi olmasında təəccüblü nədir?..

Burada təkcə həyatın anlayışsız başa düşülməsi deyil. Burada etdiyinin nə olduğunu bilən, lakin etiraf etmək istəməyən günahkarın ikiüzlülüyü də var.

Biz hələ də insanların ölənədək döyüldüyü, əyləncə üçün döyüldüyü, adamlar üzərindəki zorakılığın sərhəd tanımadığı, əzabların iyrəncilik doğuran həddədək yüksəldiyi ölkədə yaşayırıq. Yaşadığımız ölkə tapdalanmış insanın özü kimi insanı tapdalamağa hazır olduğu məkandır».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə