Avropanın Putindən öyrənmək istədiyi və ya Qərb sağçılarının yeni model axtarışı (TƏHLİL)

Müşahidəçilər son zamanlar Qərbi Avropada maraqlı tendensiyanın nəzərə çarpdığını qabardırlar. Bu tendensiya köhnə qitənin sağçı partiyalarının özlərinin ənənəvi antikommunizm ideologiyalarından daşınaraq Rusiya prezidenti Vladimir Putinin rejiminə rəğbət bəsləmələrilə bağlıdır. Mövcud xüsusda Kreml rəhbərinə hətta müəyyən dəstəklərin də göstərildiyi önə çəkilir. Əlbəttə, sirr deyil ki, Putinlə ittifaqa ayrı-ayrı Avropa liderləri (istər indiki, istərsə də keçmiş) də can atırlar. Məsələn, Almaniyanın sabiq kansleri Herhard Şreder öz vəzifəsini bir kənara qoyaraq Baltik dənizi vasitəsilə Almaniyanı qazla təmin edəcək «Şimal axını» qaz kəmərinin idarəçiliyi ilə bağlı şuraya daxil olub.

Məşhur «Ekonomiks» qəzetinin yazdığına görə, Avropa skeptiki kimi tanınan Çexiya prezidenti Vaslav Klaus Putinin xaricdəki həyacanlı oxucularındandır. Ancaq onun oportunizmi heç də ideoloji yaxınlıq anlamına gəlməməlidir.

Almaniyanın Milli Demokratik Partiyası (sağçılar) şərq almanlarının müsbət xüsusiyyətlərinə köklənən nostalji notlu fikirlər irəli sürüb. Qurumun nümayəndələri bildiriblər ki, mövcudluğunu başa vurmuş Almaniya Demokratik Respublikası hazırkı federal respublikadan fərqli olaraq daha düzgün Almaniya idi.

2011-ci ildə MDP digər sağ radikal qurum olan Alman Xalq İttifaqı ilə birləşmə niyyətini ortaya qoyub. Məlumdur ki, ikinci uzun müddətdir, millətçi fikirlər ifadə etməkdən yorulmayan Vladimir Jirinovskinin Rusiya Liberal Demokratlar Partiyası ilə sıx təmasdadır. Jirinovski Putinə müxalifətdə olduğunu bildirsə də, onun hərəkətində prezidentin millətçiliyinə və avtoritarizminə xas elementlər özünü mütəmadi göstərməkdədir. Məsələn, RLDP sədri prezident seçiləcəyi təqdirdə polis dövləti yaradacağını vurğulayıb. Onun kommunizmə meyl göstərdiyi də göz önündədir. Nəzərə alaq ki, RLDP Sovet İttifaqı Kommunist Partiyasının və «KQB»nin birgə layihəsidir. Hələ o zaman Jirinovski İkinci Dünya Müharibəsində itirdiyi şərq ərazilərini, hətta Polşa və Baltikyanının da əhəmiyyətli hissəsini Almaniyaya qaytarmaq təşəbbüsü qaldırmışdı.

Fransada ifrat sağçıların da Rusiyaya rəğbəti açıq müstəviyə keçib. Yada salaq ki, 2011-ci ildə ölkənin Milli Cəbhəsinin lideri Marin Le Pen müsahibələrindən birində Putinə rəğbət bəslədiyini deyib və bildirib ki, əgər prezident seçilsə, Fransa NATO-dan çıxaraq Almaniya və Rusiyadan ibarət üçlüyün yaradılmasına çalışacaq. Qeyd edək ki, Marin Le Pen Fransanın Milli Assambleyasında Milli Cəbhənin egidası altında çıxış Fransa-Avropa-Rusiya qrupunun nüfuzlu fiqurlarından sayılır. Bu qrup isə çoxqütblü dünya tərəfdarı olmaqla əslində Amerika təsirini azaltmağın vacibliyini strateji xətt olaraq irəli sürür.

Ekspertlər bir maraqlı məqama da toxunurlar. Onlar bildirirlər ki, Avropanın sağ radikal partiyalarının Putinin mənfi təmayüllü fikirlərini bölüşmələri onları digər avtoritar ideologiyaya sürükləməkdədir. Bu ideologiya isə əsası Benito Mussalini tərəfindən qoyulmuş faşizmdir. B.Mussolininin 1932-ci ildə filosof Covani Centile ilə birgə yazdığı «Faşizmin doktrinası» oçerkinə diqqət yetirsək, faşizm demokratiyanın, sosializmin, liberalizmin və individualizmin (həmçinin bolşevizmin, parlamentarizmin, masonizmin, pasifizmin və bərabərliyin) əleyhinə çıxış edir. Ancaq Putinin rejimi ilə İtaliya faşizmi arasında bəzi oxşarlıqların mövcudluğuna baxmayaraq, yaxınlığı olmayan cəhətlər də var. Məsələn, Mussalinidən fərqli olaraq Rusiyanın dövlət başçısı açıq şəkildə demokratiyanı inkar etmir, özünü birpartiyalı sistemin tərəfdarı kimi göstərmir. Əksinə bildirir ki, idarə olunan və suveren demokratiyanı yaradıb, ölkəni təkpartiyalılığın girovundan xilas edib, çoxpartiyalılığın hüquqi dayanıqlığını formalaşdırıb. Məhz bu mənada Putinin rejimi İkinci Dünya Müharibəsindən sonra təkpartiyalılığın açıq təbliğindən çəkinən radikal sağçılar üçün nümunə kimi götürülür.

Siyasi müşahidəçilər bu fikirdədirlər ki, Putinin yaratdığı rejim İkinci Dünya Müharibəsindən sonra Avropanın siyasi partiyalarının kökləndikləri parlament demokratiyasını avtoritar məqsədlər üçün istifadənin mümkünlüyünün göstəricisidir. Rusiyanın dövlət başçısının hər cür riskə hazır, ov ovlamaq və balıq tutmaqla məşğul olan əsl kişi obrazı isə onu xarizmatik lider kimi yaddaşlara əbədi həkk edir.

Putin mühafizəkar və milli mövqedən çıxış edən Rus Pravoslav Kilsəsilə təmaslara nə qədər meyllidirsə, Fransanın Milli Cəbhəsi də mühafizəkar katolik dairələrə bir o qədər maraq göstərir, onların baxışlarını ifadə edir. Digər tərəfdən, Qərbi Avropanın sağ radikal gücləri Putinin gəncləri öz məqsədləri naminə istifadə etmək bacarığından da yararlana bilərlər. Bu mənada Rusiyadakı «Bizimkilər» hərəkatını göstərmək mümkündür. SSRİ-nin dağılmağa doğru getdiyi bir vaxtda Kommunist Partiyasına dayaq durmaqdan daşınan sovet komsomolundan fərqli olaraq «Bizimkilər» hərəkatının üzvləri diplomatların və müxalifətin təqibini pisləyirlər ki, bu da onları Hitleryugendə və hətta Mussolininin qaraköynəklilərinə oxşadır.

Bütün bu deyilənləri ümumiləşdirərək ekspertlər belə qənaətə gəlirlər ki, Putinin rejimi müasir Avropanın sosial-siyasi məhdudiyyətləri fonunda fəaliyyət göstərməsi mümkün olan sağ avtoritar modeldir və belə görünür, Qərbi Avropanın sağ radikal qüvvələri həmin rejimi tətbiq etməyə çalışırlar.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə