85 yaşın deyil, «ərəb baharı»nın «qocaltdığı» Mübarək (TARİX)

O, 85 il əvvəlin mayında, konkret olaraq 4 may 1928-ci ildə doğulub. Vətəninə 30 il rəhbərlik edib. Qərbin, o cümlədən ABŞ-ın gerçəkləşdirdiyi «ərəb baharı» ssenarisi nəticəsində hakimiyyətinə son qoyulanlardandır. O, Hüsnü Mübarəkdir.

Mübarək hələ gənc yaşlarından hərb sənətinə maraq göstərir. Valideynləri başqa sahəyə yönləndirmək istəsələr də, təyyarəçi olmağa qərar verir. 1949-cu ildə hərbi kolleci bitirdikdən sonra Misirin hərbi hava qüvvələrində xidmətə başlayır.

1952-ci il inqilabı Misirdə dünyəvi diktaturanın əsasını qoyur. Yeni prezident Camal Əbdül Nasir ölkənin müstəmləkəçi asılılığından xilası uğrunda mübarizəyə başlayır. Həmin vaxt Süveyş kanalının milliləşdirilməsi təşəbbüsü isə beynəlxalq böhrana səbəb olur. Misir bir yandan İngiltərə, digər tərəfdən Fransanın təzyiqlərinə dözmək məcburiyyətində qalır. O zaman Hüsnü Mübarək hərbi təyyarəçi kimi 1956-cı ilin Süveyş müharibəsində iştirak edir. Üç ildən sonra gələcəyin prezidenti «Tu-16» qırıcı eskadrilyasına komandir təyin olunur. 1962-ci ildə vətəndaş müharibəsinin başlandığı Yəmənə göndərilmiş Misir kontingentinin tərkibində yer alır. Ümumən 60-cı illər Mübarəkin hərbi karyerasının çiçəkənmə dövrü kimi yadda qalır. 1969-cu ildə Misirin hərbi hava qüvvələrinin qərargah rəisi vəzifəsini tutur. 1972-ci ildə isə hərbi hava qüvvələrinin baş komandanı, paralel şəkildə müdafiə nazirinin müavini kimi fəaliyyətə başlayır. Bu postda həyata keçirdiyi ən böyük iş Misirin hərbi aviasiyasının yenidən qurulması olur. Eyni zamanda İsrailə gözlənilməz hücum planının hazırlanmasında da yaxından iştirak edir.

1973-cü il oktyabrın 6-da Suriya və Misir İsrail üzərinə hücuma keçir. Misirlilər sayı az olan İsrail ordusuna qarşı 100 min əsgər çıxarırlar. Gözəl hazırlanmış hücum İsraili çıxılmaz vəziyyətə salır. Süveyş kanalının şərq sahilinə keçən misirlilər həlledici hücuma hazırlaşırlar. Yalnız oktyabrın 15-də İsrail ordusu Ariel Şaronun rəhbərlik etdiyi diviziyanın manevri nəticəsində əks hücuma keçir. Bu hadisədən heç on il keçmir ki, Mübarək Misirin prezidenti olur. Şaron isə yalnız 2001-ci ildə İsrailin baş naziri postunu tutur.

1977-ci ildə Misir prezidenti Ənvər Sadat gözlənilmədən İsraillə sülh danışıqlarına başlamaq təşəbbüsünü qaldırır. Əlbəttə, yekun nəticədə Sadat mübahisəli Sinay yarımadasını ölkəsinə qaytara bilir. İsraillə Misir arasındakı ədavətə son qoyan sülh sazişi 1979-cu il martın 26-da Vaşinqtonda, Kemp-Deviddə imzalanır. Ola bilər, bu saziş prezident üçün həlledici olur. Belə ki, Sadat 1981-ci il oktyabrın 6-da paytaxt Qahirədə keçirilmiş hərbi parad zamanı qətlə yetirilir. Onun ölümündən sonra vitse-prezident Hüsnü Mübarək ölkədə idarəçiliyi öz əlinə alır.

Mübarəkin hakimiyyətə gəlişi daxili siyasətdə çoxsaylı dəyişikliklərlə yadda qalır. Yeni prezident siyasi və sosial gərginliyi azaltmaq üçün müxalifətə hakimiyyətlə konstruktiv dialoq təklif edir. Son iyirmi ildə ilk dəfə olaraq müxalifət partiyalarının fəaliyyətinə icazə verilir. Mübarək seçkidə qalib gəlmiş Milli Demokrat Partiyasının nüfuzunun artırılması istiqamətində işlərə də başlayır. Eyni zamanda asayişi möhkəmləndirmək və radikal islamçıların güclənmələrinə maneçilik törətmək üçün ölkədə fövqəladə vəziyyət elan edir. Dövlət təhlükəsizliyi orqanlarının həyat şəraitinin ağırlığını əsas tutaraq etdikləri üsyanı qəddarlıqla yatırır. Baş vermiş döyüşlərdə yüzlərlə insan öldürülür. 2500 əsgər təslim olur. Mübarək mütəmadi şəkildə ölkədə İslam fundamentalizminin möhkəmlənməsinə qarşı mübarizə aparır.

Hüsnü Mübarək xarici siyasətdə «qızıl orta» prinsipinə riayət edərək Qərblə Şərq arasında manevr xətti götürür. Onun hakimiyyət illərində Misirin ABŞ-dan maddi asılılığı güclənməyə başlayır. Sonradan prezident Ənvər Sadat dövründə SSRİ ilə pozulmuş əlaqələrin bərpası istiqamətində səylər göstərir. Nəhayət, 1991-ci ildə o, Birləşmiş Ştatların körfəzdəki müharibəsini dəstəkləyərək İraqa Misir hərbi kontingentini göndərir. Bu addım Vaşinqton tərəfindən yüksək qiymətləndirilir və ABŞ Misirin xarici borcunun əhəmiyyətli hissəsini bağışlayır. Nəticədə Mübarək daxildəki iqtisadi böhranla bacarmaq şansı əldə edir və bu şansdan maksimum yararlanır.

Xatırladaq ki, 2011-ci ilin yanvarında Misirdə inqilab kimi dəyərləndirilən kütləvi özbaşınalıqlar yaşanır. Cəmi bir aydan sonra, daha dəqiq desək, fevralın 11-də Mübarəkin hakimiyyətdən getdiyi elan olunur. Beləcə onun 30 illik hakimiyyətinə son qoyulur.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə