Nadanlığın təntənəsi (REAKSİYA)

Aqil CAMAL

İki aya yaxındır hər gün rastlaşdığım bir mənzərə var - paytaxtın mərkəzi yerlərindən birində - Milli Bankla Kapital Bankın arasındakı yolun kənarında günün səhər saatlarında bir dəstə polis dayanır. Onlar yolun bir tərəfindən digər tərəfinə keçən insanları güdürlər. Elə ki, bir adam yolu adladı, həmən saxlayıb cərimələyirlər. Məbləğ də nə az, nə çox 20 manat imiş. Nədi-nədi, yaxınlıqdakı yeraltı keçiddən istifadə etməyiblər.

Deyəcəksiniz ki, haqlı tələbdi, dövlət yeraltı keçidlərin tikintisi üçün nə qədər vəsait xərcləyib, tikib ərsəyə gətirib, bəs onlardan kim istifadə etməlidir? Həm də, axı müasir dünyada, böyük şəhərlərdə yeraltı və yerüstü keçidlərdən istifadə bir mədəniyyət nümunəsi sayılır... Bu mənada, Bakı sakinlərinin və "şəhərimizin qonaqları"nın keçidlərdən istifadəyə təşviq edilməsi normal haldır. Ancaq bunun üçün hal-hazırda seçilmiş üsul çox savadsız, ibtidai və nadan seçimdir.

Axı, o ərazidə heç yerdə yaxınlıqda yeraltı keçidin olması haqda heç bir yol göstəricisi vurulmayıb. Bu halda, həmin ərazidən keçən onminlərlə insan nə bilsin ki, yaxınlıqda yeraltı keçid var? Yoxsa, hər gün həmin küçəyə xidmətə çıxan polislərimiz bilməyərəkdən yolu o tay-bu taya keçən sakinləri cərimələməkdə israrlıdılar? Bu sakinlər hətta 3-4 milyon olsa belə...

Amma əgər bu proflaktik tədbir, yaxud elə polislərin öz təbirincə desək, bu reydlər sakinlərin can güvənliyinin, həmçinin yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına yönəlibsə, nə üçün daha ağıllı və nəticəsi ola biləcək vasitələrdən istifadə olunmur?

Məsələn, nə üçün yaxınlıqda yeraltı keçidin olmaması haqda heç bir işarə yoxdur? Yaxud, yeraltı keçiddən istifadənin məcburiliyinin radiusu nə qədər ərazini əhatə edir?

Yolun hər iki tərəfində səkinin kənarında nə üçün dəmir maneələr çəkilməyib ki, adamlar "buradan keçmək olmaz!" reallığı ilə barışsınlar...

Bunlar da bir tərəfə, əgər bu reydlər sağlam niyyətə hesablanıbsa nə üçün maarifləndirici yox, inzibati xarakter daşıyır? Olmazmı, polislər yolun hər iki tərəfində dayansın və "qayda"nı pozmağa çalışan insanlara durumu başa salsınlar, onları keçidlərə yönəltsinlər.

Bütün bunlar olmaya-olmaya, insanları qaydaları pozmağa qədər yaxına buraxıb, ondan sonra başının üstünü alaraq, cərimə etmək... Hazırda paytaxtın bir neçə yerində hər gün yaşanan bu mənzərəyə yalnız bir ad vermək olar - Nadanlığın təntənəsi.

"Ekspress" qəzeti, 15 may 2013-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə