«Eurovision-2013»dən sonra…

Əvəz RÜSTƏMOV

Görünür, bizlərdə də nə isə olub və ya var olduğundan ən əndərəbadi şeyləri rahatlıqla adımıza çıxa bilirlər. Gəlin, etiraf edək ki, dünyanın ictimai rəyində özümüzlə bağlı bir sıra mənfi tendensiyaların vüsət almasına görə təqsirkarıq. Ancaq onu da demək lazımdır ki, bu illər ərzində adımıza biçilən müəyyən mənfi stereotiplərin daşıyıcısı olmaqdan yaxa qurtarmağı bacarmışıq, bacarmaqdayıq, bacarmağa cəhd göstəririk. Mövcud mənada bir çox məqamlar qeyd edilə bilər. Bunlardan danışmıram və danışmayacam. Şəxsiyyətinə, sənətinə və dünya görüşünə hörmətlə yanaşdığım Murad Dadaşovun vaxtilə televiziya ekranından səsləndirdiyi iradı xatırlamaq istərdim. Cənab Dadaşov «Yeni ulduz» müsabiqəsinin ilk münsiflərindən olarkən təəssüflə bildirmişdi ki, bizdə «Eurovision» musiqi yarışmasına çıxarılması mümkün ifaçı yoxdur…

Yəqin təxmin etdiniz ki, bu fikrin dilə gətirilməsi heç də uzaq keçmişlə bağlı deyil. On il ola, ya olmaya. Amma ötən müddət ərzində bizlər «Eurovision»a nəinki iştirakçı göndərdik, hətta orada qalib gəlib nüfuzlu musiqi yarışmasını ölkəmizə gətirdik də. Əlbəttə, məsələyə skeptik yanaşsaq, deyə bilərik ki, 20 ildir əldən verdiyimiz torpağı qaytara bilməmişiksə, on il müddətində musiqi müsabiqəsində uğur qazanıb-qazanmamağın nə önəmi var? Belə düşünənlərin qərəzə köklənməyən hiddətini anlayıram.

Amma ərazimizin işğalı yaxşı mahnı oxuyub pis döyüşməyimizlə bağlı olmayıb. Döyüş ruhumuz barədə çox yazılıb və deyilib. Hazırda bölüşdüklərilə gerçək salnamə yaradan dostum Rey Kərimoğlunun müharibə xatirələrinə diqqət yetirəndə istər-istəməz düşünürsən ki, bu millətin qanına hopmuş ifaçılıq həvəsinin cəbhədə qulaqları batıran nərəyə çevrilməsi şübhəsizdir.

Nə qədər çətinliklər məngənəsində burulsa, ümidsizliyə qapılsa da, xalq elə həmin xalqdır. Döyüşkəndir, mərddir və mübaliğəli səslənməsin deyə onu da bildirim ki, dünyanın politoloji ədəbiyyatlarında xalq və kütlə üçün yazılmış aşağı-yuxarı bütün tərifləri də özündə birləşdirmək xüsusiyyətinə malikdir. Yəni, onu şəkilləndirmək, əcayib-qərayib hallarla baş-başa qoymaq da mümkündür. Özəllik ondadır ki, xüsusiyyətlərimizə döyüş meydanından qaçmaq anlayışı yaddır və əslində Qarabağ məğlubiyyətimiz böyük siyasi oyunların tanınmamağımıza, habelə yox olmağımıza yönələn «məqsədlərindən» qaynaqlanırdı. Yenə də deyirəm, toplum olaraq özümüz də günahkarıq. Amma toplum olaraq tanına, bəzi mənfi stereotipləri üzərimizdən ata bilmişik və bu prosesdə «Eurovision» mahnı müsabiqəsinin, daha doğrusu müsabiqədə iştirakımızın rolu var. Ən azından dərdimizi anlatmaq istədiyimiz Avropa insanı oxumaq və oynamaq baxımından ondan fərqlənmədiyimizi, hətta irəli olduğumuzu görüb.

Stereotiplərdən danışırdım axı. Zaman-zaman pulun köməyilə qeyri-qanuni, ağlagəlməz məqsədlər gerçəkləşdirmək mahiyyətimiz qabardılıb. Xaricilər də özəlliklərimizə yaxşı bələddirlər və ölkəmizə qarşı kampaniya aparmaq üçün çox düşünmürlər. Az qala hər uğurumuzda bizlərə «komplekslərimizi» xatırladırlar. Hələ də canımızdan çıxarmaqda çətinlik çəkdiyimiz xoşagəlməzlikləri gündəmə gətirirlər.

Diqqət yetirək, 2010-cu ildə Türkiyənin «Hürriyyət» qəzetində iddia olunmuşdu ki, həmin il Norveçin paytaxtı Osloda baş tutmuş «Eurovision» müsabiqəsindəki birincilik Azərbaycan tərəfindən satın alınıb («Eurovision-2010»da Almaniya təmsilçisi birinciliyi əldə etdi). Sözüm onda deyil ki, bu günlərdə Litvanın bir saytında pul sövdələşməsinə dair qurama səciyyə daşıdığı aydın görünən video-görüntü «Eurovision-2013»dəki ikinciliyimizə kölgə salmaq gücündədir. Amma heç düşünə bilərsinizmi ki, «Eurovision-2013»də nümayəndəsinin qalibiyyəti üçün Danimarkanın pul payladığı məsələsi gündəmə gəlsin. Mümkün deyil, yapışmır. Başqalarının adı necə, belə formada hallanırmı? Bizə isə üzərindən üç il keçdikdən sonra 2010-cu ildə yapışdırılmasına cəhd göstərilən ləkəni hətta bir qədər də primitiv tərzdə yaxırlar. Baxın, dəyərləri satın almağa qalxanlardır - deyirlər. Məsələnin birinci tərəfi budur.

İkincisi, birmənalı qəbul edilməlidir ki, inkişafımızı, irəliləyişimizi gözləri götürməyənlər çoxdur. Ötən müddətdə mənfi cəhətlərimizdə dəyişiklik aparmağa çalışdıq. Həmin qüvvələrin və onların içərimizdəki əlaltılarının davranışları isə bizləri sanki keçmişə qaytarmağa yönəlib. Yadınızdadırsa, «Eurovision-2012»nin ölkəmizdə keçiriləcəyi bəlli olan ilk gündən Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlıqları məsələləri gündəmə gətirilmişdi. Əlbəttə, bu sahədə ideal deyilik, problemlərimiz yetərincədir və həmin problemləri özümüzdən başqa da kimsə yoluna qoymur. Proses nə dərəcədə sürətlidir, bu, başqa söhbətin mövzusudur. Amma çətinliklərimizin həlli naminə səylərini birləşdirmək yox, potensiallarını başqa səmtə yönləndirənlərimiz tapıldıqca həmin sürət qənaətbəxş sayıla bilməz. Unutmayaq, «Eurovision»un siyasiləşdirilməsi təcrübəsinin böyük hesabla məhz Azərbaycanın üzərində sınaqdan çıxarılması oyununda iştirak edənlərimiz oldu. Cəmiyyətimiz və insanımız müsbət nə isə qazandımı?

Bu gün ölkəmizə qarşı açıq qısqanclıq var. Nəzər saldım, Rusiyanın bəzi kütləvi informasiya vasitələri «Eurovision-2013»dən danışarkən konkret bilmək olmurdu ki, Azərbaycanın yarışmadakı uğuru nədən ibarətdir. Hətta bəzən elə təqdimatlara rast gəlinirdi ki, elə bil, müsabiqədə ikinci yox, sonrakı yerlərdən birini tutmuşuq. Qardaş saydığımız Türkiyənin aparıcı media vasitələri də təmsilçimiz Fərid Məmmədovun çıxışına ötəri yanaşdılar. Halbuki televiziya ekranından da göründüyü kimi, Azərbaycanın nümayəndə heyətinin əlində ölkəmizlə yanaşı, Türkiyənin də bayrağı var idi. Belə olan halda Litvanın «15min.lt» saytında yayımlananlara o qədər də təəccüblənmək lazım deyil…

Birbaşa özümüzdən danışaq. Bəli, qurama, heç bir dəlil-sübuta əsaslanmadığı, yalnız uğursuz fantaziya olduğu aydın seçilən video-materialın Azərbaycanın müəyyən kütləvi informasiya vasitələrində və saytlarında şok effekti yaradan hadisə olaraq başlığa çıxarılması tam anlaşılmazdır. Sözsüz ki, belə bir başlıq mətndə məsələnin təxribat mahiyyətinin bildirilməsini ikinci plana atır, halbuki ilk vurğulanmalı məqam təxribatdır. Axı, görüntünün saxta mahiyyətini anlamaq üçün heç də peşəkarlığa ehtiyac yoxdur. Hər şey göz önündədir. Hə, nə olsun, üç-dörd adam bir yerə yığılır və deyir ki, yaxşı pul verilir deyə Azərbaycana səs verək… Bəsitdən də bəsit olan bu mənzərəni az qala Azərbaycanın pulla müsabiqədə yer aldığı formasında qabartmağımız lazımdırmı?! Ümumiyyətlə, absurd mahiyyətilə hər hansı ictimailik çərçivəsinə sığmayan video-görüntü bizim KİV-lərdə və saytlarda getməliydimi?

Yaxşı tutalım, Litvanın səslərini pulla almışdıq. Bəs, erməni lobbisinin at oynatdığı Fransadan 8, türklərə nifrətin səngimədiyi Yunanıstandan 12 bal gəlirsə, bu balları hansı pulla almışıq? Gürcüstanla yaxın qonşuluq münasibətlərindəyik, İsrailin, Bolqarıstanın, Maltanın, Qaradağın hər birindən 12 balı necə, pullamı aldıq?! Düşmənimiz Ermənistanı iqtisadi və siyasi baxımdan himayəyə götürmüş Rusiyadan Azərbaycana 12 bal gəlirsə, ölkəmizlə rəvan münasibətlərdə olmayan o boyda məmləkətin seçiminədəmi pulla təsir göstərdik?! Zənnimcə, ağlabatmaz sensasiyaya qaçmaqdansa, bu məsələlərə nəzər salmaq lazımdır. Varlığımızı, mahiyyətimizi dünyaya tanıtdırmaq şansından səmərəli bəhrələnərək uğura imza atdığımızı önə çəkmək zəruri deyilmi?.. Ona da diqqət yetirək: şok effektinə köklənmiş başlıqlarımız erməni kütləvi informasiya vasitələrinin eyni mövzunun təqdimatına yönəlmiş sərlövhələrindən nə iləsə fərqləndimi?

Hələ bu cür qondarma xəbərləri müxtəlif sosial şəbəkələrdə özlərinin siyasi mənafeyinə uyğun yozaraq paylaşanlar da var. Dostlar, nə olar, hakimiyyətdən zəhləniz getsin, istəməyin, qəbul etməyin onu. Bu səbəbdən ölkəyə də yaxşı yanaşmayın. Heç olmasa, özünüzü sevin. Axı, adamlar mənfi tərif etdiklərinizin nədən ibarət olduğunu bilmək istəyirlər. Vəziyyətin dediyiniz tərzdə olmadığını anlamaları çətinlik yaratmır və o zaman insanların gözündə müxalifətçidən yalançıya çevrilirsiniz. Sonra da istəyirsiniz ki, opponentlərinizin yalançı olduğunu isbatlayasınız. Mücərrəd, qayəsini anlamaqda çətinlik çəkdiyiniz siyasi konfiqurasiyalar axtarırsınız. Axtarmayın və başınızın təkcə çiyinləriniz üzərində gəzdirilən bədən üzvü olmadığının fərqinə vararaq düşünün ki, sadə qavranılacaq duruma münasibətdə ortaya qoyduğunuz ənənəvi inkarçılığa, hiddətə görə sizlərə inanan tapılacaqmı? Olduqca primitiv məsələyə siyasi notlar qataraqmı iqtidar üzərində üstünlük qazanmağa çalışırsınız?! Hadisə və proseslərə yarıtmaz münasibətinizlə müxalifətçiliyi ictimai institut olaraq siz sındırırsınız, yoxsa bəyənmədiyiniz hakimiyyət?!

Sonda diqqətinizi adını xatırlamaqda çətinlik çəkdiyim filosoflardan birinin yaddaşıma əbədi həkk olmuş fikrinə çəkmək istərdim. O yazırdı ki, qələbə heç də həmişə birincilik demək deyil, o sənin əvvəlkindən daha yaxşı olmağındır. Fərqinə varmamağımız təbiidir, amma bizlər əvvəlkindən daha yaxşıyıq. Davamlı «Eurovision» uğurlarımız meydanda tək deyil. Və demirəm ki, başımızın altına yastıq qoyub mürgü vuraq. Nə mürgü vuraq, nə də böyük ölçülü yaxşılıqlarımızın kiçiltməyə çalışdığımız pisliklərlə vurulmasına yol verək.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə