Zahid Orucun seçki qərargahından xəbər var

"Bu gün növbəti 5 il üçün ölkəmizdə Prezident seçkiləri keçirilir. Və bu gün bu münasibətlə ilk növbədə xalqımızı, insanlarımızı, seçkidə iştirak edən hər bir vətəndaşımızı səmimi qəlbdən təbrik edirik. Xəbər verək ki, öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən Zahid Oruc artıq səhər saatlarında ailə üzvləri ilə birgə 23 saylı Nəsimi-Sabail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsində gedərək öz səsini verib. Eyni zamanda Zahid Orucun seçki komandasında yer alan hər bir insan da yaşadıqları ünvanlardakı seçki məntəqələrinə gedərək öz səslərini veriblər. Seçki Qərargahı hazırda tam heyətlə iş başındadır. Yerlərdəki müşahidəçilərimiz ilə mütəmadi şəkildə əlaqə saxlayırıq. Seçkilərə olduquca məsuliyyətlə yanaşılır". Bunu prezidentliyə namizəd Zahid Orucun seçki qərargahının rəhbəri Ərəstun Əlioğlu deyib:

"Yerlərdən aldığımız məlumatlara görə deyə bilərik ki, ümumilikdə seçki prosesində insanlarımızın aktivliyi müşahidə olunmaqdadır. Hazırda Abşeron rayon 45 dairə üzrə 24-cü məntəqədən aldığımız məlumat istisna olmaqla hər hansı bir qayda pozuntusu tərəfimizdən qeydə alınmamışdır. Belə ki, bu məntəqədən aldığımız məlumata görə, Quliyev Əfqan Eldar oğlu adlı bir şəxs seçiciyə 3 büllüten verərək ondan Milli Şuranın nümayəndəsi Cəmil Həsənlinin xeyrinə səs verməsini tələb edib. Biz çox təssüf hissi ilə qeyd edirik ki, bu gün də radikal müxalifət öz köhnə əməllərindən və ənənələrindən əl çəkməyərək keçirilən seçkilərin legitimliyini şübhə altına almağa və ona ləkə salmağa çalışırlar. Müşahidələrimiz nəticəsində o da bəlli olub ki, onlar köhnə materiallardan istifadə edərək, media, hətta sosial şəbəkələr vasitəsilə ictimayyəti çaşdırmağa çalışırlar. Biz bu kimi halları pisləyir və bununla bağlı qanun çərçivəsində ölçü götürülməsini tələb edirik. Bütün bu hallara baxmayaraq biz düşünürük ki, ümumilikdə ölkədə keçirilən seçkilər olduqca normal və şəffaf qaydada keçirilir".

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə