Jurnalist təşkilatı Cılilabadda tədbir keçirib

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Cəlilabad şəhərində baş tutub.

Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında keçirilən tədbirdə çıxış edən JAM sədri Seymur Verdizadə əvvəlcə layihə haqda məlumat verib. Qeyd edib ki, əvvəlki dövrlə müqayisədə son illər cəmiyyətin həyatında internet media resurslarının rolu artıb. O, informasiya resurslarının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda baş verən prosesləri peşəkarlıqla işıqlandırmalarının vacibliyindən danışıb, yeni ictimai institut kimi formalaşmaqda olan internet media resurslarında milli-mənəvi dəyərlərin qorunmasının aktuallılığını  müxtəlif faktlarla əsaslandırıb.

S.Verdizadə çıxışında diqqəti internet media resurslarında milli-mənəvi dəyərlərə etinasız yanaşma hallarının müxtəlif təzahür formalarına yönəldib. O bildirib ki, qlobal siyasi proseslərdə başlıca mübarizə vasitəsinə çevrilən medianın daşıdığı ictimai missiya əksər hallarda unudulur. İnternetin qazandırdığı  texniki imkanların gətirdiyi yeniliklər müstəvisində milli-mənəvi dəyərlərə etinasız münasibət yolverilməzdir və bu cür hallara qarşı hamılıqla mübarizə aparmaq laızmdır.

Layihənin eksperti, “Ruh” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov bildirib ki, onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək vermək mümkündür. Ekspertin sözlərinə görə, son dövrlər internet media resurslarının sayındakı artım söz və ifadə azadlıqlarının dərinləşdirilməsi baxımından nə qədər pozitiv amil olsa da, proses çoxsaylı neqativ cəhətlərlə  də yadda qalır: “Bəzən xoşagəlməz hallar cəmiyyədə əsrlərlə formalaşmış dəyərləri təhdid edir. Buna görə də belə tendensiyalarla mübarizə aparılmalıdır. Media ictimaiyyəti məsələyə həssas diqqət göstərməlidir. Mövcud istiqamətdə həqiqi qələm sahiblərinin peşəkarlığa söykənərək təqdim etdikləri materiallara ehtiyac var”

Tədbirdə çıxış edən Cəlilabad rayon İcra Hakimiyyətinin əməkdaşı Varid Əsgərov, Cəlilabadda işıq üzü görən “Yeni gün” qəzetinin baş redaktoru Böyükxan Bağırlı və başqaları mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə