“Milli Qəhrəmanların təbliği və media: mövcud durum və perspektiv vəzifələr”

“Zərdabi Mətbuat Mərkəzi” İB İsmayıllıda bu mövzuda "dəyirmi masa" keçirilib

İyulun 6-da İsmayıllı şəhərində “Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib. “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması”  layihəsi çərçivəsində baş tutan tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların təmsilçiləri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzində baş tutmuş toplantını giriş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq jurnalistikanın cəmiyyədəki rolundan danışıb və bildirib ki, bu peşə ona dəyər verən hər bir şəxs üçün cazibədardır. Medianın Milli Qəhrəmanların həyat yolunun təbliğindəki missiyasından danışan S.Əhmədova İsmayıllının da Azərbaycanın qəhrəmanlıq salnaməsində xüsusi önəm kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, rayonda Qarabağ uğrunda döyüşlərin iştirakçısı olmuş yüzlərlə şəxs var. İsmayıllının Milli Qəhrəmanlarının sayı isə ikidir. S.Əhmədova çıxışında həmçinin rayonda vətənpərvərlik təbliğatının artırılması ilə bağlı gerçəkləşdirilməkdə olan tədbirlər barədə də məlumat verib, şəhid ailələrinin sistemli qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

“Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri, “Milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması” layihəsinin koordinatoru Rəhim Hüseynzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilməkdə olan layihə 2015-cü ilin aprel-iyul aylarını əhatə edir. «Bu, layihə çərçivəsindəki sayca üçüncü – sonuncu tədbirimizdir. May ayında Salyanda, iyunda isə Lənkəranda “Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa”lar təşkil etmişik. İsmayıllını növbəti toplantımızın ünvanı seçməyimiz heç də təsadüfi deyil. Bura həm tarixi qəhrəmanlığımızı yaşadan, həm də milli vətənpərvərlik duyğularının hakim kəsildiyi bölgədir. İsmayıllının iki Milli Qəhrəmanını var. Bunlar Mehdi Abbasov və Ərəstun Mahmudovdur. Eyni zamanda bu torpağın yetirməsi olan Bəhyəddin Mirzəyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onların hər biri fəxrimizdir. Media bu adamların təbliğində necə rol oynayır? İstərdim ki, sizlər məsələ ilə bağlı fikirlərinizi, təklif və iradlarınızı bildirəsiniz. Azərbaycanın gələcəkdə də müstəqil dövlət kimi öz varlığını qoruması son dərəcə önəmlidir. Layihəmiz də bu məqsədlə cəmiyyətdə vətənpərvərlik hissinin gücləndirilməsini, Milli Qəhrəmanlarımızın rəşadətli həyat yolunun cəmiyyətə yaxından çatdırılmasını nəzərdə tutan təşəbbüsdür», - deyə R.Hüseynzadə əlavə edib. O, həmçinin iştirakçıları yenicə çapdan çıxmış “Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları. Müqəddəs amal” kitabı ilə tanış edib.

“Milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması” layihəsinin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışında cəmiyyətdə mənəvi dəyərlərin qorunmasının vacibliyini əsaslandırıb. Medianın milli vətənpərvərlik hislərinin təbliğindəki önəminə dair misallar çəkən ekspert onu da bildirib ki, gənclərin mənəvi tərbiyəsi baxımından onların Milli Qəhrəmanların həyat yolu haqqında ətraflı məlumata malik olmaları vacib şərtdir. “Milli Qəhrəmanların hər biri örnək həyat yolu keçib. Medianın bu yolu tam şəkildə cəmiyyətə çatdırması son dərəcə əhəmiyyətlidir. Hər kəs Mübariz İbrahimovun qəhrəmanlığından xəbərdardır. Təkbaşına düşmənin bir bölük əsgərinə qarşı mübarizə apardı. Onun şücaətindən fəxr duyuruq. Həmin vaxt Mübarizin etdikləri cəmiyyəti silkələmişdi. İnsanlarımız müharibə ovqatına köklənmişdilər. Milli Qəhrəman adı daşıyan övladlarımızın hər birinin döyüş yolu bizdə böyük ruh yüksəkliyi yaradır. Bunu müasir gəncliyin bilməsi son dərəcə vacibdi”,- deyən S.Verdizadə Azərbaycan dövlətinin qəhrəman övladlarımızın media müstəvisindəki təbliğinə yönələn layihəyə dəstək verməsini yüksək qiymətləndirib.

Çıxış edənlərdən İsmayıllı Rayon Veteranlar Şurasının sədri Abduləli Əliyev, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, I qrup Qarabağ müharibəsi əlili Əlisahab Əliyev, İsmayıllı Rayon Şəhid Ailələri və Müharibə Veteranları Cəmiyyətinin sədr müavini Kamil Dadaşov, Babadağ Xeyriyyə Cəmiyyətinin sədri Eldar Əliyev, şair-jurnalist İldırım Dəmirli, İsmayıllı İnnovasiya Mərkəzinin əməkdaşı Toğrul Qasımov və başqaları layihənin əhəmiyyətindən söz açaraq cəmiyyətdə vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu bildiriblər. Onlar İsmayıllının Azərbaycanın qəhrəmanlıq tarixindəki rolunu xususi vurğulayıblar. Bildirblər ki, Böyük Vətən Müharibəsi illərində rayonun 6500 sakini cəbhəyə yollanıb. Rayon Qarabağ döyüşlərində 142 şəhid verib. 131 ismayılılı müharibə əlil olub. Şəhidlərin xatirəsinə hər zaman böyük ehtiram var. Rayonun Talıstan qəsəbəsindəki bütün küçələr şəhidlərin adını daşıyır. Çıxış edənlər həmçinin internetin geniş vüsət aldığı hazırkı şəraitdə texnoloji yeniliklərin mediaya verdiyi imkanların milli vətənpərvərlik təbliğatına cəlb edilməsinin vacibliyini əsaslandırıblar.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə