Salatın Əsgərova - Azərbaycan mətbuatının ilk şəhidi MİLLİ QƏHRƏMAN

Yazı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Yazı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb.

1988-ci ildə Qarabağ ermənilərinin yaşadıqları Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi tələbini irəli sürmələri ilə bölgədə növbəti faciələrin əsası qoyuldu. Mərkəzi sovet hakimiyyətindən və təbii ki, Ermənistan rəhbərliyindən, o cümlədən, xarici ölkələrdəki erməni diasporasından böyük dəstək alan separatçların Azərbaycana qarşı ərazi iddiaları respuklikanın durğun həyatında bir silkələnmə yaratdı.

Hətta Mixalil Qorbaçocun SSRİ-ni dəyişdirmək üçün tətbiq etdiyi aşkarlıq və yenidənqurma siyasətinin də hərəkətə gətirə bilmədiyi milli potensial məhz ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) iddiaları sayəsində işə düşdü.

Əlbəttə ki, sovet tarixşünaslığının o dövrdə Qarabağın tarixini saxtalaşdırmaq cəhdlərinə, eyni zamanda, ermənilərin Qafqazda məskunlaşmalarınnın gerçək tarixini gizlətmək səylərinə baxmayaraq, milli ziyalılarımız bu məsələyə dair həqiqətləri müxtəlif vasitələrlə xalq çatdırmağa nail olurdular. Yaranmış şərait xalqımızı uzun zamanlardan sonra birləşməyə, ermənilərin milli təhlükəyə çevrilən iddialarını puça çıxarmaq üçün birgə, düşünülmüş fəaliyyətə sövq edirdi.

Bu baxımdan, o ərəfədə sovet Azərbaycanında ictimai həyatın ermənilərin Qarabağa yönəlik iddialarına qarşı səfərbər olunmasına süni maneələr yaradılsa da, xalqın iradəsi burada da öz sözünü dedi. Ernmənilər, həm də onların Moskvadakı və xaricdəki havadarları bütün təzyiqlərə baxmayaraq, Azərbaycan xalqının öz torpaqlarını güzəştə getməyəcəyinə əmin oldular.

Yuxarıda qeyd olunduğu kimi, ermənilərin Dağlıq Qarabağı Ermənistana birləşdirmək tələbini irəli sürmələri azərbaycanda bütün fəaliyyət sahələrində fərqli atmosfer və baxışın yaranmasına səbəb oldu. Uzun illər çalışdıqları iş yerlərində əsasən, sadəcə, plan doldurmağın qayğısına qalan soydaşlarımız artıq öz fəaliyyətləri ilə xalqa faydalı olmaq haqqında düşünürdülər.  

Təbii, bu sırada bulanıq, kommunist ideologiyasının təbliğatçısından başqa heç bir funksiyası olmayan sovet mətbuatının tərkib hissəsinə çevrilmiş Azərbaycan mediası da istisna deyildi. Erməni separatizminin yenidən baş qaldırmasından sonra Azərbaycan mətbuatı da sanki silkələnərək, on illərlə üzərinə topladığı “sovet toz-torpağı”nı üstündən atdı. Bunun nəticəsində Qarabağın gerçək tarixi və ümumiyyətlə, Azərbaycan xalqının milli maraqlarından irəli gəlinərək hazirlanan materiallar dövri nəşrlərdə daha sıx dərc olunmağa başladı.

Elm xadimləri ilə yanaşı, jurnalistlər də öz qələmləri ilə ermənilərin iddialarına qarşı mübarizədə əsas ağırlığı üzərlərinə götürdülər. O dövr Azərbaycanda nəşr olunan respublika əhəmiyyətli azsaylı qəzetlər öz əməkdaşlarını Dağlıq Qarabağa, muxtar vilayətin azərbaycanlılar yaşayan ucqar kəndlərinə ezamiyyətə göndərir, onların hazırladıqları ətraflı materallar vasitəsilə oxucuları unudulmuş yaşayış məntəqələrindəki vəziyyətlə tanış etməyə çalışırdılar. Nə qədər acınacaqlı olsa da, respublikanın kommunist rəhbərliyi jurnalistlərin bu istiqamətdə göstərdikləri gerçək fədakarlığı əngəlləməyə çalışmalarına rəğmən, qələm sahibləri artıq təhlükəli hesab olunan Dağlıq Qarabağa ezamiyyətlərinə ara vermirdilər.

Qarabağ həqiqətlərinin respublika ictimaiyyətinə obyektiv çatdırılmasında xüsusi yer tutan o vaxtkı nəşrlərdən biri və bəlkə də birincisi “Molodyoj Azerbaydjana” qəzeti hesab olunurdu. Respublika komsomol təşkialtının rusdilli qəzeti olan bu nəşr digər qəzetlərdən fərqli olaraq, yenidənqurmanın yaratdığı imkanlardan maksimum faydalanmağa çalışır, öz səhifələrində cəsarətli materiallara tez-tez yer verirdi. Heç də təsadüfi deyil ki, Qarabağ münaqişəsinin təkrar alovlanmasından sonra Azərbaycan mətbuatının verdiyi ilk şəhid də “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova oldu. 

1961-ci il dekabrın 16-da Bakıda anadan olan Salatın Əsgərovanın nə vaxtsa jurnalistikaya üz tutacağı, tanınmış imza sahibinə çevriləcəyi, nəhayət peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalacağını çoxları, yəqin ki, heç onun özü də təsəvvür etmirdi. Hər halda, 1979-cu ildə 18 saylı orta məktəbi bitirərək sənədlərini Neft və Kimya İnstitutuna (indiki Dövlət Neft Akademiyası) verən S.Əsgərovanın  mətbuata gəlişi gözlənilən deyildi.

Lakin institutu bitirərək  mühəndis ixtisasına yiyələnən Salatın sonrakı fəaliyyətini mətbuata bağladı. O, əvvəlcə “Baku” qəzetində işləməyə başladı. 1988-ci ildə  “Molodyoj Azerbaydjana” qəzetinə keçdi və qısa müddətdə imzasını respublika oxucusuna tanıtdıra bildi. Qarabağda məlum hadisələr baş qaldırdıqdan sonra muxtar vilayətə tez-tez səfər edən jurnalistlər arasında S.Əsgərovanın adı da keçirdi. Vətən sevgisi ona qadın olduğunu və belə səfərlərin təhlükəsini elə bil, tamam unutdururdu.   

1991-ci il yanvarın 9-u düşmən gülləsi bu fədakar qadın jurnalistimizin həyatına son qoymaqla yanaşı, həm də Azərbaycan mətbuatının ilk şəhidinin verdiyi tarix kimi yaddaşlara həkk olundu. Həmin gün növbəti ezamiyyət çərçivəsində avtomobildə sovet hərbçilərinin müşayiəti ilə Laçından Şuşaya doğru hərəkət edən Salatın erməni yaraqlılarının qurduqları pusquya düşərək aldığı güllə yaralarından dünyasını dəyişdi. S.Əsgərova layiq olduğu yerdə - Bakının Şəhidlər Xiyabanında dəfn edildi.

Azərbaycan dövləti və xalqı öz qəhrəman qızının, şəhid jurnalistimizin xatirəsini hörmətlə yaşatmaqdadır. Salatın Azərbaycan prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bundan başqa, paytaxt Bakıda bir küçə və Bakı buxtasında gəzinti gəmilərindən biri Salatın Əsgərovanın adını daşıyır. Salatının həlak olduğu əraziyə ən yaxın yerləşən kənd də onun şərəfinə Salatınkənd adlandırılıb.

Salatın özündən sonra bir oğlan övladını da yadigar qoyub getmişdi. Həmkarımız şəhidlik zirvəsinə yüksələndə cəmi bir neçə yaşı olan oğlu Ceyhun Əsgərov böyüyərək anasının jurnalistikadakı yolunu uğurla davam etdirməkdədir.

Erməni işğalında olan torpaqlarımız hələ azad edilmədiyi üçün Salatının ruhu çox narahatdır. Amma Azərbaycan xalqı şəhid həmkarımızın ruhunun bu narahatlığının daha uzun sürməsinə imkan verməyəcək. Torpaqlarımızın erməni işğalından azad olunacağı və o zaman Salatının ruhunun da bizimlə  birgə sevinəcəyi gün uzaqda deyil.

Seymur VERDİZADƏ

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə