Kimlər oruc tuta bilməz və ya Ramazanın insana nə xeyiri var? EKSKLÜZİV

“Oruc tuta bilməyən şəxs hər kəsin gözü qarşısında oruc vaxtı yeyib içməsin. Bununla onlar orucun hörmətini, Ramazan ayının ehtiramını pozmuş olurlar”.

Qarşıdan on bir ayın sultanı, müqəddəs Ramazan ayı gəlir. Bildiklərimizi təkrarlamaq, bilmədiklərimizi öyrənmək məqsədilə Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullahla söhbətləşdik. F.Nurullahın 168.az-a verdiyi müsahibəni təqdim edirik.

 

-Fuad bəy, Müqəddəs kitabımız Qurani-Kərimdə mübarək Ramazan ayı haqqında nə buyurulur?

-Allah-Təalanın yaratdıqlarına əmr etdiyi vacib əməllər müqəddəs kitablarda öz əksini tapıb. Allah-Təala”əl-Bəqərə” surəsinin 183-cü ayəsində buyurur ki, “ey imanı olanlar, sizlər üçün oruc tutmaq yazılmışdır”. “Yazılmış” sözü təhlil olunanda burada məna tərcümədə Allah-Təalanın bəndələrinə müraciətlə “vacib edilmişdir, əmr olunmuşdur” anlamına gəlir. Orucluğun vacib edilməsi düz yolu tapmış, təmiz, əqidə sahibləri olmaqdan ötrü vacib buyurulur. İnsan öz imanını saflaşdırmaq, Allah yoluna hidayət üçün onun əmrinə itaət və ona ibadət etməlidir. İbadətdə oruc vacib şərtlərdəndir. Oruc hər il bir ay ərzində tutulur, lakin il ərzində də insan sünnət və müstəhəb orucları da tuta bilər. Ramazan ayında tutulan oruc mütləq və vacib sayılır. Yəni sağlam insan əgər işi, sağlamlığı ilə bağlı qayğıları yoxdursa, oruc tutması mütləqdir. İşi və sağlamlığı ilə bağlı problemi olan şəxsə rüsxət verilir ki, həmin ayda oruc tutmasın, daha sonra qəza oruclarını tuta bilər.

-Orucu batil edən şərtlər hansılardır?

-Bəzən sual verirlər, xörəyin duzlu və ya duzsuz olduğunu bilmək üçün onun dadina baxmaq orucu pozarmı? Belə olan halda qaşıq vasitəsi ilə xörəyin dadına baxıb sonra ağzındakını tüpürməlidir ki, xörək boğazından keçməsin. Bu zaman oruc batil olmaz. Diş protezləri əgər ağızdan çıxarılıbsa, gün ərzində geri taxıla bilməz. Çünki protezlə bərabər yad maddələr mədəyə daxil olar ki, bu da orucu pozan əlamətlərdir. Bilmədən nə isə yemək və ya içmək orucu batil etməz.

Ailəli insanlar gün ərzində yaxınlıq etməməlidirlər. İnsan hava qaralandan sübhə kimi Allah-Təalanın ona bəxş etdiyi bütün imkanlardan faydalana bilər. Səhər sübh namazına qədər isə qüsl etmək vacibdir. Bilə-bilə qüsl etməsə isə, orucu batil etmiş olar. Gün ərzində iynə vurdurmaq olar. Lakin əgər bu iynələr vitamin tərkiblidirsə, yəni orqanizmi qüvvətləndirməyə meyllidirsə, həmin iynələr mütləq iftardan imsaka qədər edilməlidir. Amma ağrıkəsici iynələrin vurulması orucu batil etməz. Həb, tablet şəklində dərmanların qəbul edilməsi də orucu batil edər. İmalə (“klizma”-red.) orucu pozan hallardandır. Qusmaq orucu batil etməsə də, qəsdən özünü qusdurmaq batil edər.

Diabet xəstələrinə üçün oruc tutulması qaydaları da ən çox verilən suallardandır. Belə ki, əgər insanda şəkərin miqdarı həddən artıq çoxdursa, o zaman onun oruc tutması vacib deyil. Lakin şəkərinini miqdarı az olan insanlara oruc tutmaq nəinki vacibdir, hətta orqanizmi üçün xeyirdir. Həkim məsləhəti isə bu yerdə gərəklidir. Əgər həkim həmin şəxsə oruc tutmağı məsləhət görürsə, o oruc tuta bilər. Mədə və bağırsaq xoraları olan xəstələrə həkim icazə vermədiyi təqdirdə yenə də oruc tutmağa davam edərsə, günah etmiş olar. Yaşlı və qoca insanlara oruc tutmaq olmaz, onlar güzəştlidirlər. Belə insanlar bir ay müddətində hər gün öz maddi imkanına uyğun olaraq bir fəqiri yedizdirəcək qədər(orta hesabla 4-5 manat)  fidyə verəcək, yəni ehsan paylayacaq. Hamilə qadinlara da burada yer verilib. Belə ki, əgər onlar oruc tutan zaman bətnindəki körpəyə ziyan gələrsə, tutmamaqları məsləhətdir. Süd verən analar əgər körpəsini oruc tutaraq gün ərzində qidalandıra bilirsə, yəni orqanizmi buna imkan verirsə, orucunu tuta bilər. Ramazan ayında 10 gündən artıq səfərə çıxanlar həmin müddətdə oruc tutmamalıdırlar, daha sonra qəza orucları ilə əvəzini ödəyə bilərlər. Lakin mütəmadi olaraq yolda, səfərlərdə olan insanlar oruc tuta bilərlər. Həddi buluğa çatmayan uşaqların oruc tutması vacib deyil. Qızların 9 yaşından başlayaraq oruc tutmağa imkanı varsa, riayət edə bilərlər. Oğlanlara isə 15 yaşından etibarən sağlamlıqları, orqanizmi imkan verirsə, əməl etsinlər. Bu yaşdan kiçiklərə oruc vacib deyil.

Oruc tuta bilməyib fidyə verən insanlar da oruc tutanlarla eyni haqqa sahibdirlər. Yəni onlardan oruc tutursanmı deyə soruşduqda  onlar ”bəli, oruc tuturam” deməlidirlər. Allah-Təaladan onlara oruc tutmamasına izin var. O insan artıq burda yalan söyləmir. Oruc tuta bilməyən insanlar aşkarda, camaat arasında yeyib içməməlidir. Məsələn, əgər bir insana oruc tutmamaq üçün icazə verilibsə, həmin şəxs hər kəsin gözü qarşısında oruc vaxtı yeyib içməsin. Bununla onlar orucun hörmətini, Ramazan ayının ehtiramını pozmuş olurlar. Oruc tutmamağa icazə verilən şəxslər aşkarda yeyib içərlərsə, o zaman başqaları onun icazəli olub olmadığını bilməz, ona baxaraq bu vacib əməli yerinə yetirməyə bilərlər.

-Oruc tutmağın insan orqanizminə və mənəviyyatina nə kimi xeyri var?

-Orucun insan orqanizminə faydası çoxdur. Belə ki, oruc həm fiziki, həm də mənəvi dünyanı tamamlayır. İnsan Ramazan ayında fiziki olaraq cismini haramdan, günahdan, pis vərdişlərdən qoruyursa, o zaman onun mənəviyyatı da formalaşır, paklaşır. Bədən qidalanırsa, ruhu da qidalandırır. Bu barədə bir çox tədqiqatçı, həkimlər elmi məqalələrlə çıxış ediblər. Orucluq bütün dinlərdə mövcuddur.

İnsan nəfsini idarə etməyi öyrənir. Əgər insan dərk edirsə ki, Allah-Təala onun hər addımını görür,  o halal olan qidanın həmin ayda haram olunmasını dərk edərək əlini ona uzatmır. Və Tanrını şahid bilir. Bu zaman o başqa günahlardan da çəkinəcək. Allah bilən, eşidən və görəndir. Bunu dərk edən insan nəfsinə qalib gələrək özünü islah edir. Oruc tutan insan nalayiq, naqis sözlər danışmamalıdır. Allaha dua edən edən şəxs düşünür ki, Tanrının ona verdiyi dil dualar zikr etmək, yaxşı sözlər demək üçün verilib. Dil bilmədən pis söz deyərsə “əstəğfurullah” deyir, dilini islah edir. Göz haram və ya qadağan olunmuş tərəfə baxmır, özunü, qözünü haramdan qoruyur. Qulağını qeybətdən, pis sözdən çəkindirir. Ramazan ayında qulaq, göz, dil ibadətdə olar, əli harama uzatmaz, ayağı günaha və harama getməz. Bir ay ərzində bunu özünə təlqin edən insan on bir ay ərzində də onlardan azad olunmuş olur.

-Yayda oruc tutmağın qışa nisbətən hansısa bir çətinliyi varmı?

-Mən uşaqlıqdan oruc tuturam. Yay fəslində tutulan orucun çətinliyini hiss etməmişəm. Sadəcə, yayda işləyən zaman susuzluq çəkirsən, suya ehtiyac yaranır. Bu məqamda gənc insanların orqanızmınını yaşlı insanlardan fərqi ortaya çıxır. Cavan orqanizmin qidalanmağa çox ehtiyacı var. Suya da tələbat daha cox olur. Qışda isə insan acır. Soyuğun təsirindən aclıq hissi güc gəlir. Əgər insan əqidəsini kökləyirsə, hec bir narahatçılıq baş vermir. Müvəqqəti çətinlik 1-2 gün çəkir. Sonra orqanizm yeni rejimə öyrəşir. Əgər insan adi günlərdə gündüz vaxti yatırsa, bu, ölümün nişanəsidir. Ramazan ayında oruclu insan gündüz yatsa belə, onun alıb-verdiyi hər nəfəs ibadətdir. 

-Qədr gecəsinin mükafatı nədir?

-Qədr gecəsi, əhya gecəsi. Sözün mənası diri, oyaq qalmaq deməkdir. Həmin gecədə Qurani-kərim peyğəmbərə nazil olub. Qədr gecəsinini məntiqi, fəziləti savabı odur ki, həmin gecədə mən oyağam, Qurani-Kərim bütün bəşəriyyətin diriliyi üçün bəxş olunub, mərhəmət və rəhmətdir. Və həmin rəhmətin bərəkətində mən də varam. Qədr gecələri bizə məlum deyil. Bu bir gecəyə təsadüf etsə də, biz onu üç-dörd gün saxlayırıq. Hətta Peyğəmbərimiz (s.ə.s) buyurur ki, əhya gecəsi ayın son on gününə düşə bilər. Əgər insan bütün Ramazanı qədr gecəsi etsə, bu onun savabına yazılar. Qədr gecəsinin böyük mükafatı var. Müqəddəs kitabımızda deyilir ki, kimlər ki, yatmayaraq sübhü diri gözlü açarlar, Allah-Təala deyir ki, həm bu dünyada həm axirətdə onun mükafatını mən verərəm. Allahın mükafatının nə olacağını ondan başqa bir kimsə bilməz. Allah-Təalanın verdiyi mükafatdan qiymətli mükafat ola bilməz.

-Türkiyədə və ya başqa ölkələrdə Ramazan ayının təsdiqlənməsi və təhvil olması nə üçün fərqli olur?

-Adətən bunu bizə izah etmirlər. Niyə? Çünki müsəlman dünyası müxtəlif təriqətlərlə yaşayır. Təriqətlərin özünə xas şəriətləri var. Şəriət nə deməkdir? Şəraitə uyğun hökm. Elə təriqətlər var ki, onlar öz üfüqlərini və Ayı mütləq görməlidir. Və görünməsi təsdiq olunmalıdır. Ola bilər ki, qış fəslində buludlardan, tutqun havadan Ay görünməsin. O zaman rəsədxanalar var ki, Ayin doğmasını təsbit edirlər. Əgər onların yaşadığı üfüqdə Ayın görünməsi təsdiq olunmursa, onlar bir günü götürməyə bilərlər. Amma Türkiyədə və bir sıra ərəb ölkəsində belə yanaşma yoxdur. Onlar dünyanın hər hansı bir üfüqündə Ayın təzələnməsi baş verdiyi təqdirdə həmin günü götürə bilərlər. Bu sahədə bəzən mübahisələr düşür. Lakin burada heç bir mübahisəyə yer yoxdur, çünki əqidələr azaddır. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə