Diplomat olmağı düşünməyən diplomatla söhbət EKSKLÜZİV

168.az-ın müsahibi Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Zəki Qazioğludur

2006-cı ildən davam edən diplomatik missiyasını başa vurmaq üzrədir. Amma ölkəmizdə keçirdiyi illər bizlərdən qəlbən ayrılmağına imkan vermir. Azərbaycanla Şimali Kipri o qədər çox şeylər bağlayır ki, daha çox fərqlilik nədədir, ondan söhbət açmaq istədiyini deyir. Hərçənd bizləri birləşdirən dəyərlərə nəzər salmağa başlayır. Türk soyunu uca ağaca bənzədir. Hamımızın həmin ağacın qolları olduğunu vurğulayaraq ona sahibliyi böyük nemət, bənzərsiz məxsusilik kimi dəyərləndirir. Bildirir ki, dünyada belə ululuqda çox az ağac var. Buna görə də dəyərimizə hörmətlə yanaşmağı bacarmalıyıq. Görəsən bacarırıqmı? Hər halda bir çox mümkün zəruri işləri gerçəkləşdirmişik. Bu barədə də danışdıq. Diqqəti Şimali Kiprdə Azərbaycandan olan tələbələrin sayının ildən-ilə artdığına çəkdi - lap əvvəlki 127 rəqəmi 400, 400 950 olub. Bu il isə sayları 1500-ə çatacaq. Daha öncə isə həmsöhbətimiz məsul vəzifədə ölkəmizdə fəaliyyətə başlamasınadək olan ömür yolundan danışmışdı. 1954-cü ildə Kiprin türk kəsimində anadan olduğunu bildirmişdi. İlk ad gününü xatırlamasa da, 1955-ci ilin martın 31-dən aprelin 1-nə keçən gecənin doğma yurdunun taleyində mühüm rol oynadığını yada salmışdı.

Savaşın içində doğulduq

- Qonaqlar, qohum-əqrəba evinə döndükdən sonra yunanların milli ayrıseçkilik üzərində qurduqları təşkilat olan EOKA-nın ilk bombası partladı. Beləcə savaşın içində doğulduq, mübarizə ruhunda böyüdük. Ötən əsrin 50,60 və 70-ci illlərində Kiprin türk xalqının içərisində o ruh məxsusi yer tutmağa başladı. Yoxluq və məhrumiyyət dövrlərinə çevrilmiş həmin mərhələdə özünü müdafiə yolunu tutan toplum üçün bu dayanıqlıq son dərəcə böyük özəllik və tapıntı idi.

Kiprdə o zamanlar mövcud olmuş ingilis hərbi bazasının orta məktəbində oxuyan tək-tük yerlilərdən biri idim. Orta təhsilimi ingiliscə almışdım və İngiltərəyə gedəcəkdim.

Lakin ailəm Fransanı üstün tutdu. Tibb sahəsində təhsil almaq üçün bu ölkəyə yollandım. Orada ali məktəbə daxil oldum da. Amma həm dil problemi, həm də digər şərtlər maneçilik törətdi. Bundan sonra Türkiyədəki imtahanlara hazırlaşdım. Ankarada bir vaxtlar Ticarət Elmlər Akademiyası, indi isə Qazi Universiteti adlandırılan təhsil ocağında bu dəfə iqtisadi sahədə oxumağa başladım.

Tələbəlik illərim də rəvan keçmədi. Türkiyədəki terrorun ən azğın dövrü ilə üzləşdim. Yəni, gəncliyin dadını da çıxara bilmədim. Dərsdən evə, evdən dərsə. O zamanın Türkiyəsi də fərqli idi. Sanki bölünmüşdü - solçuların bölgəsi, sağçıların bölgəsi və sair bu kimi mənfi təmayüllər yaşanırdı və bu hal cəmiyyətə də təsir göstərirdi. Çox təhlükəli illər idi.

Ali təhsilimi başa vurduqdan sonra Kiprə qayıtdım, əsgərliyimi çəkdim. Bunadəksə arada bir il ehtiyat vaxtım oldu. Atam əvvəllər hökumət işində çalışmışdı. Kiprin ingilis müstəmləkəsi olduğu dönəmlərdə idarədə maliyyə məsələlərinə baxırdı. 1960-cı ildə cümhuriyyət qurulanda artıq təqaüdə çıxmışdı. Lakin yenə də işləyirdi. Şirkətlərin hesablarını idarə edirdi. Həmin müddətdə həm özümü təkmilləşdirmək üçün müəyyən kurslara qatılırdım, həm də atama kömək edirdim.

1983-cü ilin mayında əsgərliyimi bitirdim. Bir-iki ay sonra xarici işlər nazirliyində işə qəbul üçün imtahanlar keçirildi. Özümü sınadım və uğurlu alındı. Sentyabr ayından artıq işə başladım. Ötən müddətdə qurumda ən aşağı vəzifə olan üçüncü katiblikdən ən yüksəyədək qalxdım.

İqtisadi sahədə təhsilimi başa vurduqdan sonra diplomat olmaq niyyətində deyildim. Amma qismət belə gətirdi. Fransız və ingilis dillərini bilirdim və bunlar mənim üçün üstünlük gətirdi. Fransızcaya yiyələnməyim isə daha böyük üstünlük idi. Kiprdə bu dildə danışan çox az adam vardı. Bu biliyimə görə 1987-1995-ci illərdə Brüsseldə çalışdım. Cenevrədə BMT-dəki türk missiyasında vəzifə tutdum. Daha sonra bəlli bir müddətdə İstanbuldakı baş konsulluğunun idarəçiliyini apardım. 1997-2003-cü illərdə fəaliyyətimi yenidən Cenevrədə davam etdirdim. 2003-cü ildə Şimali Kiprin Xarici İşlər Nazirliyində rəhbər vəzifələrdən birində çalışdım. 2004-2006-cı illərdə isə nazir müavini postunu tutdum.

Cenevrə və Vaşinqton yox, Bakı

- Zəki bəy, Bakıya gəlməyiniz necə oldu?

- 2006-cı ilin sentyabrından Bakıda Şimali Kipr Türk Cumhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərirəm. İşə başlamazdan öncə də Azərbaycana gəlmişdim. Xatırlayırsınızsa, 2005-ci ildə Kiprdən Bakıya birbaşa təyyarə reysi olmuşdu. Həmin tarixi uçuşda mən də Rauf bəy Denktaşla birgə idim. Bilirdim ki, vəzifəmlə əlaqədar xaricə çıxacam. Variantlardan biri də Bakı idi. O vaxt Vaşinqtonda və Londonda da nümayəndəliklər açılırdı. İsveçrəyə də getmək şansım yaranmışdı. Vaşinqtonu istəmədim. Amerika mənə uzaq gəldi. Cenevrəni isə etik baxımdan düzgün saymadım. Ömrümün bəlli hissəsini orada keçirmişdim. Övladlarım da həmin şəhərdə təhsil alırdılar. Nazir müavini olmuşdum, seçim öz əlimdə idi. Amma uşaqlarının yanına getdi - fikri olmasın deyə İsveçrədən uzaq durdum.

Bakıda fəaliyyət göstərməyimi düşünmək məndə maraq oyadırdı. 2005-ci ildə gəldim, buranı gördüm və bəyəndim. Leftkoşaya qayıdanda o zamankı xarici işlər naziri Sərdar Denktaşa Azərbaycanda işləmək niyyətimi açıqladım.

Nəhayət, 2006-cı ildə Bakıya gəldim. Ən doğru qərarı verdiyimi bura gəldikdən sonra anladım və yaşadığım hər gün əminliyimi bir qədər də artırdı. Hesab edirəm ki, peşə fəaliyyətiminin ən gözəl günləri məhz Azərbaycanda keçib.

Hər toplantı bir mücadilədir

- Zəki bəy, dediyiniz kimi, Azərbaycana gəlməzdən öncə də bir çox məsul vəzifələr tutmusunuz. Bir çox ölkələrdə təmsilçilik aparmısınız. Dünya tərəfindən tanınmamış dövlət qurumunun nümayəndəsi olmaq çətinlik törətməyib ki?

- Şimali Kipr Türk Cümhuriyyətinin dünyada 16 nümayəndəliyi var. Kifayət qədər işlər görülüb. Amma qeyd etdiyiniz durumun çətinlikləri çoxdur. Problemləri beynəlxalq miqyaslı tədbirlərdə iştirakda və digər məqamlarda aydın şəkildə görürük. Bəzi toplantılar var ki, ümumiyyətlə qatılmaq imkanımız yoxdur. Ora yaxın düşməyə belə yol vermirlər. Yunan tərəfinin təmsilçiləri daimi olaraq təzyiqlər göstərirlər. Dəvət edildiyimiz konfraslarda belə rahat buraxmırlar. Hətta islam ölkələri təşkilatlarının tədbirlərinə də nümayəndə göndərib etirazlarını bildirirlər. Çalışırlar ki, nüfuzlu mərasimlərin qapısı qarşısında qalaq, isəriyə girməyək. Ona görə də hər toplantı bir mücadilədir. Bizim üçün rahat başa gələn heç nə yoxdur.

Oyunun sonuna gəlinmədi

- Bir müddət öncə mətbuatda belə bir məlumat yayıldı ki, Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilib Kipr Türk Cümhuriyyəti olacaq. O zaman siz bildirdiniz ki, adanın yunan kəsimi ilə danışıqlarda nəticələr əldə edilməyincə bu cür təxminlər irəli sürülür. Belə çıxmırmı ki, o təxminlər haradasa idarə olunandır? Siz nəyi nəzərdə tutmuşdunuz?

- Məsələnin kökü barədə məlumat verim. Bizdə pasportlar dəyişdirilirdi. Beynəlxalq standartlar baxımından yenilərində kodun üç hərfdən ibarət olması lazım idi. Buna görə də Kipr Türk Cümhuriyəti adı əsas götürüldü - KTC. Əvvəlki pasportlarda isə KKTC idi. Ölkənin adının dəyişməsinə dair informasiyalar məhz bundan irəli gələrək dövriyəyə girdi.

Amma dediyiniz kimi, o zamanlar danışıqların başa çatacağı və problemin yoluna qoyulacağı ilə bağlı gözləntilər var idi. İstər BMT-nin baş katibi Pan Gi Munun, istərsə də onun köməkçisi, Kiprdə hər iki tərəfin danışıqlarına nəzarət edən Daunerin çıxışlarında «artıq oyunun sonuna gəlindi» deyə fikirlər irəli sürülürdü. Digər tərəfdən, Avropa İttifaqına sədrlik yunan Kiprinə keçdikdən sonra danışıqların davam etməsinin mümkünsüzlüyü bəlli idi. Ona görə də şər şey «nə olacaqsa, 1 iyuldan öncə olacaq» (2012-ci ilin iyulun 1-dən Avropa İttifaqına sədrlik yunan Kiprinə keçib-red.168.az) üzərində qurulmuşdu. Ümid edirdik ki, BMT ortaya daha konkret mətləblər çıxaracaq. Amma təəssüf ki, bu, baş vermədi. 1 iyul tarixi gəldi, yunanlar Avropa Birliyinə rəhbərliyə başladı, danışıqlar dayandı. İndi altı aylıq sədrlik müddətləri yaşanacaq. Bu vaxt ərzində biz onlarla söhbət aparmayacağıq. Türkiyə də Avropa Birliyi ilə əlaqələrini dondurdu. Daha sonra gələn ilin fevralında yunanlarda prezident seçkisi olacaq, onu da gözləyəcəyik. Kimsə seçiləcək, o, yenidən danışıqlara başlayacaq-başlamayacaq, nədən danışacağıq, onsuz da görüşülüb-anlaşılan bir şey yoxdur. Hesab edirəm ki, belə təmaslar artıq bizə zərər verir. Qarşı tərəfin itirəcək nəyisə yoxdur. Tanınmış bir dövlətdir. Embarqo altında deyil, dünya ilə münasibətlərini davam etdirir. Çətinlikdə olan bizik. Davamlı olaraq kimlərinsə hansısa hərəkətlərini gözləyə bilmərik. Yenə də deyirəm, ortada haqqında söhbət açılası məsələ də yoxdur. 1968-ci ildən bəri hər şey danışılıb. Növbədəkilər sanki belə deyim, alver müstəvisindədir. Bu vəziyyəti yaradan isə yunan tərəfidir. Heç bir halda istəmirlər ki, məsələ yoluna qoyulsun. Beynəlxalq təşkilatlarda da onların tərəfini tutanlar var. Yalnız danışıqların başa çatmadığını müəyyən mənada imitasiya etmək üçün ayrı-ayrı komitələr, birliklər səviyyəsində bəzi söhbətlər aparılır.

Türkiyəni cəzalandırmaq istəyirlərsə…

- Şimali Kipr Türk Cümhuriyyətinin dünyada ən böyük dəstəkçisi şübhəsiz, Türkiyədir. Hazırkı dövrdə bu ölkə çox böyük qlobal proseslərdə iştirak edir və Yaxın Şərqdə baş verən hadisələrin fonunda demək olar ki, uğur da qazanır. Yəni, elə hesab edək ki, Türkiyənin dediyi gerçəkləşir. İstər Liviyada, istərsə də indiki dövrdə hansısa mənada Suriyada. Belə böyük qlobal prosesləri çiyinlərinə götürən ölkənin Kipr problemini indiyədək aradan qaldıra bilməməsi təəccüblü görünmür ki? Türkiyənin ötən əsrin 60-70-ci illərində bu problemə münasibətdəki mövqeyi daha qətiyyətli deyildimi? Ümumən Siz bu məsələlərlə bağlı nə düşünürsünüz?

- Referenduma aparan «Annan planı» dönəmində də bütün ağırlığı öz üzərinə götürən Türkiyə oldu. Əslində biz birgə edəcəyimizi etdik. Xatırlayırsınızsa, Türkiyə «bir addım öndə», «on addım öndə» deyə-deyə bizim istəyimizlə o proseslərə qatıldı. Kiprin türk tərəfi 1983-cü ildə elan etdiyi müstəqillik bəyannaməsində yunan Kipri ilə uyğun bir anlaşma üçün qapını açıq qoydu. Bunun üçün şans referendumda yarandı. “Annan planı” əsasında hər iki tərəfdə proses baş tutdu. Biz anlaşmaya “bəli”, yunanlar “xeyr” dedi. Amma yunan tərəfini Avropa Birliyinə üzv qəbul etdilər. Bizə isə verilən söz tutulmadı. Dünyanın müxtəlif ölkələri «bəli» deyəcəyimiz təqdirdə embarqoların aradan qalxacağını bildirsələr də, məsələ reallaşmadı.

Ümumən prosesləri davam etdirə bilmək üçün müəyyən kompromisə getmək lazımdır ki, qarşı tərəf yenidən danışıqlara başlasın. Amma artıq bizim güzəştə gediləcək bir şeyimiz qalmadı. Onlardan isə hər hansı reaksiya və xoş niyyət görmürük. Onu da deyim ki, «Annan planı» bizim üçün o qədər də sərfəli deyildi. Çox problemlər yaşayacaqdıq. Buna baxmayaraq qəbul etmişdik, yunanlar istəmədilər. Əlbəttə, ehtiyacları da yoxdur. Əgər istəmirlərsə, nə üçün danışıqlar masasına bağlı qalaq?

Türkiyə həmişə yanımızda olub və danışıqların davamında da maraqlıdır. Amma bir məsələ də var ki, o masada olduğumuz müddətdə başqa ölkələrlə də təmasımızı yüksəldə bilmirik. İndinin özündə də bir çox dost dövlətlər var ki, bu danışıqların davam etməsinə görə bizimlə tam əlaqələr qurmurlar, gözləyirlər. Deyirlər ki, əgər söhbət aparıb, nəyəsə nail olmağa ümidlisinizsə, onda biz nə üçün sizinlə əlaqə yaratmağımıza görə bəribaşdan onlarla, yəni yunanlarla münasibətlərə xələl gətirək. Mövcud vəziyyət haradasa əl-qolumuzu bağlayır. Hər halda müsbətə doğru olan çox az ehtimalı dəyərləndirmək niyyətindəyik. İstəyimiz gerçəkləşməsə, təbii ki, öz yolumuzu tutacağıq və o zaman dostlarımızdan başqa istəklərimiz olacaq. Bu durumdan yorulmuşuq. Nə baş verəcəksə, versin, bitsin.

Kipr türkləri avropalı sayılırlar. 300 min əhaliyə malik bir toplumuq. Kimsəyə zərərimiz yoxdur. Kimsənin canına qəsd etmədik. Demokratiya deyirlərsə, demokratik yolla gedirik. Bir çox ölkələrdən daha demokratikik. Hər şey qaydasındadır. Yenə də deyim, 300 min nəfərlik mədəni əhaliyə malikik. Amma o mədəni dediyimiz Avropa bu insanlara qarşı ayrıseçkilik salır. Pasportunu, telefonlarını, poçtunu, idmanını, təyyarəsini qəbul etmir. Günahımız nədir? Kimə nə etdik? Türkiyəni cəzalandırmaq istəyirlərsə, o başqa. 1974-cü ildə silahına embarqo qoymuşdular. Sonradan aradan qaldırdılar. Bir növ, ondan cəzanı çəkib, bizdə tapdılar. İnsan haqları deyirlər. Nəzərə almırlar ki, Kiprdə məsum toplum var. Kimsə bunu düşünmür.

Ovçuluq və balıqçılıq

Zəki bəylə dünya və bölgə siyasətinin müxtəlif aspektlərinə dair maraqlı söhbətimizin başlanğıc nöqtəsinə qayıdırıq. Bu dəfə Kipr türklərinin ova böyük həvəs göstərdiklərindən danışır. Təbii ki, özünü də onlardan ayrı tutmur. Ov etməyin və balıq tutmağın ən sevimli məşğuliyyəti olduğunu söyləyir. Yeniyetməlik və gənclik illərində dəniz suyunun içərisində balıq ovladığını da vurğulayır. Bunun insana tam başqa zövq verdiyini çox böyük şövqlə anladır. Bildirir ki, təzəlikcə balıq ovunda daha çox oksigen maskasından istifadə olunur. Vaxtilə isə yalnız əldəki alətlə suya baş vurulardı. Dənizin duruluğu balıqları gözlə görməyə imkan verir. Əlbəttə, açıq dənizdə bu tip ovçuluq mümkün deyil. Sahilə yaxın qayalıqda isə vəziyyət tam əlverişlidir. Orada balıqları sıxışdırmaq və ələ keçirmək mümkündür. Bu ovçuluq dəqiqələrlə suyun altında qalmağı tələb edir. Kipr türklərindən bəzən üç-dörd dəqiqə suda nəfəsini saxlayanlar olur. Zəki bəy mövcud istiqamətdə özünün də xeyli təcrübəyə malik olduğunu vurğulasa da, indi necə deyərlər, yaşın o yaş olmadığını, yalnız qarmağı atıb balıq tutmaqla kifayətləndiyini deyir.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə