“Qərara gəldim ki, jurnalist olacam, özü də Həsən bəyin yolu ilə gedəcəm” EKSKLÜZİV

Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədlinin 168.az-a müsahibəsi

- Nəsir müəllim, bu yaxınlarda Ali Media mükafatına layiq görüldünüz. Mükafatın təqdimat mərasimində deyildiyi kimi, bu həqiqətənmi çoxillik fəaliyyətinizin bəhrəsidir?

-Bu il mənim üçün ikiqat əhəmiyyətlidir. Birincisi, Həsən bəy Zərdabinin 170 illiyidir. İkincisi, mənim 70 illiyimdir. Mətbuatımızın ulu babasından düz 100 yaş kiçiyəm.

Məndə jurnalistikaya həvəs oyadan məhz Həsən bəy olub. Mükafatın təqdimetmə mərasimində də qeyd etdiyim kimi, o vaxt orta məktəbdə, 9-cu sinifdə oxuyanda kitabxanadan bir kitab götürdüm. Müəllifi Zakir Məmmədov olan əsər H.Zərdabi haqqında idi. Nəşri oxuyandan sonra qəti qərara gəldim ki, jurnalist olacağam, özü də Həsən bəyin yolu ilə gedəcəyəm…

- Söhbət düşmüşkən, bizi uşaqlıq və gənclik illərinizə aparın bir az…

- Uşaqlığım müharibə dövrünə düşüb. 1942-ci ildə anadan olmuşam, sənəddə isə 1943-cü il göstərilib. Yubileyim bir il davam edəcək hələ (gülür).

Anadan olanda atam və qardaşım cəbhədə olub. Müharibənin doğurduğu aclıq və səfalət dövrünü keçirmişəm. Ona görə yerə bir tikə çörəyin düşdüyünü görəndə əlim-ayağım əsir, gözümün qabağına həmin acı günlər gəlir. Anam necə əziyyət çəkirdi, bizi böyütmək üçün min əzaba qatlaşırdı – hamı sanki kino lenti kimi canlanır.

Məktəbə getməyim bir ayrı əhvalatdır. Boyum çox balaca olduğundan birinci sinfə qəbul etmək istəmirdilər. Deyirdilər, çovğunda qarın içində itib qalar. Noyabradək boş-boşuna, sənədsiz-sübutsuz gedib-gəlirdim. Jurnala adımı yazmırdılar. Gördülər, əl çəkmirəm, bəhanə gətirdilər ki, artıq gecdi, uşaqlar hərfləri öyrənib. Sərbəst yazıb-oxumağı bacardığımı dedim. Hətta Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ni əzbərdən söylədim. Evdə bacım, qardaşım öyrədirdi, ordan-burdan kitablar tapıb oxuyurdum. Məcbur qalıb götürdülər.

10 il qabaqcıl şagirdlərdən oldum. Ən çox oxuduğum fənn riyaziyyat idi. Müəllimim eşidəndə ki, jurnalistikaya meylliyəm, məndən küsmüşdü. Hər dəfə görəndə deyirdi: riyaziyyata qarşı satqınlıq eləmisən (gülür) .

- Riyaziyyatı jurnalistikaya qurban verib, gələk seçiminizə…

- Hə, elə gəldik də. O vaxtdan rayon qəzeti üçün xəbərlər yazmağa başladım. Yazırdım, göndərirdim, dərc olunurdu, sevinirdim. Bir-iki manat qonarar da alırdım. Orta məktəbi bitirdiyim il Moskvadan qərar çıxdı ki, hökmən iki il staj lazımdı. Bu səbəbdən jurnalistikaya qəbul oluna bilmədim.

İlk olaraq sənədlərimi Vasim Məmmədəliyevlə birgə ərəb filalogiyasına vermişdim. Yeri gəlmişkən, hər ikimiz məktibi 1959-cu ildə bitirmişik. Bal topladım, amma yetərli deyildi deyə qəbul ola bilmədim. Sonra staj üçün kəndimizdəki kolxozda çalışdım.

Tələbə bileti daşımaq sevincini düz yeddi il sonra yaşadım. Bunun üç ili əsgərliyin payına düşür. Amma ötən müddət üçün peşman deyildim, çünki o mərhələdə qazandığım bilik və təcrübə indi də köməyimə çatır. Əsgərliyimi Almaniyada keçirmişdim. Qarşıma rus dilini mükəmməl öyrənmək məqsədi qoymuşdum - öyrəndim. Hətta ondan bir az aşağı səviyyədə alman dilini də mənimsədim. Hərbi xidmətə yollanmazdan öncə bir müddət Bakıda zavodda fəhlə də işləmişdim. Nəhayət, 1966-cı ildə yenidən sənədlərimi universitetə verdim və yüksək balla qəbul olundum.

Ustadım  Şirməmməd müəllimlə tanışlığım elə qəbul imtahanından başladı. Gəldi suallarıma baxdı. Hazırlaşmamış cavab verə bilib-bilməyəcəyimi öyrəndi. Hazır olduğumu dedim. Suallardan biri “Puşkinin ölümünə Şərq poeması” idi. Şirməmməd müəllim əsərin hansı dildə yazıldığını soruşdu. Dedim farsca. Azərbaycan dilinə kimlərin tərcümə etdiyini də sordu. Adlarını sadalaya-sadalaya (Mikayıl Müşfiq, Cəfər Xəndan və s.) həmin tərcümələrdən bir-iki misra söyləyirdim.

Digər sual Süleyman Rüstəmin yaradıcılığındakı cənub mövzusu ilə bağlı idi, indiyədək yaralı yerimizdir. Təbii ki, ötən əsrin 60-cı illərinin ab-havası duyulurdu. Əsər qıraqda qaldı, Şirməmməd müəllim başlıca məqamı soruşdu. Əsas məsələnin əvvəl-axır birləşməyimizdə olduğu cavabını verdim. Famil müəllimə əvvəl aldığım “5”i yenidən köçürməsini dedi. Beləcə tələbə həyatım başladı.

Qəbuldan öncə həyat təcrübəsinə yiyələndiyim üçün oxumaq asan gəldi. Birinci ustadım H.Zərdabi idisə tələbəlik illərindən etibarən ikincisi Şirməmməd müəllim oldu.

Bir epizod danışım, Şirməmməd müəllim o vaxt partiya sovet mətbuatından dərs deyirdi. Dərsini həmişə oxuyurdum, amma heç vaxt məndən dərs soruşmurdu. Bir dəfə hazırlaşa bilmədim. Həm də arxayın idim ki, soruşmayacaq. Zəngə təxminən on dəqiqə qalmış çağırdı. İndiyədək heç dərs danışmadığımı dedi. Özümü sındırmadan qabağa çıxdım. Mövzu nə isə “Pravda” qəzeti ilə bağlı idi. Başladım, Lenindən sitatlar gətirməyə. “Müəyyən hadisəni öyrənmək üçün, həmin tarixi şəraiti bilmək lazımdır” deyə dillənmişdim ki, “uşaqlar baxın, dərsi belə öyrənmək lazımdır” dedi.

- Şirməmməd müəllimdən, söz düşmüşkən, Mətbuat Şurasının təsis etdiyi Ali Media mükafatının ilk sahibi, mediamızın ağsaqqalı, Sizin və bizim müəllimiz Şirməmməd Hüseynovdur. Mükafatın sonrakı sahibi hansı hissləri keçirir?

- Şirməmməd müəllimin mənim üstümdə haqqı böyükdü. 1966-cı ildən bu günə qədər ardınca gedirəm. Demək olar, bütün elmi fəaliyyətimdə onunla daban-dabanayam. “Təfəkkür” Universitetində jurnalistika kafedrasının müdiri idi, özündən sonra yerinə məni qoydu. Zarafatca bu barədə “yaxşı ki, atın yerinə at bağladılar....” deyir.

Tələbəlik illərində Şirməmməd müəllim xarici ölkələrin fəhlə və kommunist mətbuatı adlı fənni də tədris edirdi. Dərsdə tələbələri sanki bugünümüzə, müstəqilliyimizə hazırlayırdı. Təsəvvür edin, 60-cı illərdə bizə müstəqillik dərsi keçirdi.

Şirməmməd müəllim həm də o vaxtkı yazılarımın bir növ, sığortaçısı olub. Senzura buraxmayanda giriş sözü kimi “burjua cəmiyyətlərində jurnalistlərin başına oyun açırlar” – cümləsini verirdik və arxasınca çatdırmaq istədiklərimizi yazırdıq. Başqa cür mümkün deyildi.

Beş ildə ancaq “5” qiyməti almışam. Diplom müdafiəmi də əla nəticə ilə bitirdim. Amma dövlət imtahanında bir az gənclik ab-havası, az-maz da prinsipiallığım başıma bəla oldu. Elmi kommunizm kafedrasının müdiri rəhmətlik Həsən müəllim var idi – Həsən Şirəliyev. Məndən imtahanı o götürürdü. Bilet çəkdim, birinci suala kommunizmin tərifi düşmüşdü. Dedim, cavabı bilmirəm. Həsən müəllim təəccübləndi. Əla qiymətlərlə oxuyan tələbənin bu cür asan sualın cavabını nə üçün bilmədiyini soruşdu. Dedim, - bilirəm, amma necə söyləyim ki, kommunizm maddi nemətlər bolluğu aşıb daşacaq sinifli cəmiyyətdir?! O biri suallara da “bilmirəm” cavabını verdim. Hətta “2” yazmaq istəyirdilər. Şirməmməd müəllimin müdaxiləsindən sonra “4” aldım. Beləcə, qırmızı diplomdan məhrum oldum.

- Beləliklə, işgüzar mühitə atıldınız?..

Sonra Azərbaycan Televiziyasına təyinat verdilər. Həmin vaxt komitə adlanırdı. Orada “Tikinti, nəqliyyat, rabitə” redaksiyası var idi. Öz evim olmaya-olmaya başladım ölkədə tikinti sahəsinin inkişafından, insanlara ev verilməsindən danışmağa. Başqa cür mümkün də deyildi.

Bu minvalla komitədə dörd il işlədim. Sonra fakultədə yer boşaldı və Şirməmməd müəllim məni ora dəvət etdi. Gəldim və başladım işləməyə. 1981-ci ildə Tiflis Universitetində namizədlik dissertasiyasını müdafiə etdim. Mövzum da Şirməmməd müəllimdən gəlmişdi: “Xarici publisistika və Azərbaycan”. Üstüörtülü şəkildə burjua mətbuatı ilə Azərbaycan mətbuatı arasında müqayisələr aparırdım.

Doktorluq işi yazmağa başayanda artıq vəziyyət dəyişmişdi - 20 Yanvar, Qarabağ hadisələri, meydan hadisələri. İşim də yarımçıq qaldı. Ona bir də 2007-ci ildə qayıtdı və həmin ilin yanvarında vaxt itirməmək üçün rus dilində yazdığım doktorluq işimi müdafiə etdim.

Bundan əvvəl isə 2004-cü ildə BDU-da Beynəlxalq Jurnalistika kafedrası yaranmışdı. 6 ay kafedra müdiri olmuşdum. Sonra seçki keçirildi və Həmid müəllim qalib gəldi. Onu təbrik etdim, hətta qonaqlıq da verdim. Məncə, yaxşı oldu, çünki kafedra müdiri seçilsəydim, başqa işlərə vaxtım qalamayacaqdı. Oturub dissertasiyamı yazdım. Belə, sonrası da məlumdur...

- Nəsir müəllim, uzun zamandır jurnalistika fakültəsinində dərs deyən bir pedaqoq kimi  o dövrkü tələbələrlə indikilər arasında bir qədər müqayisə aparmağınızı istərdik?

- Bizim nəsil iki müxtəlif sistemdə yaşayıb -  müstəqillik üçün mübarizə və müstəqillik mərhələlərində. Sovet dövrünün də öz müsbət cəhətləri vardı, amma çatışmayan cəhətləri daha çox idi. Söhbət fikir, ideya azadlığı və sair bu kimi dəyərlərdən gedir. Amma vahid standart tətbiq edilirdi - jurnalistika fakültəsinə gələn uşaqlar qabiliyyət imtahanı verir, üç tur keçirdilər. İndi bununla bağlı bir sıra fikirlər səslənir, bəzi adamlar razılaşırlar, bəziləri istəmirlər. Belə düşünürəm ki, jurnalistikada qabiliyyət imtahanı olmalıdır. Bəzən dostlarımızdan da fikrimə narazılar olur. Məsələn, biri elə Zeynal Məmmədli. Zeynal müəllim deyir ki, 17-18 yaşlı uşaqlardan hansı jurnalistik fəaliyyəti gözləmək olar. Məsələ burasındadır ki, xariqələr, sənət əsərləri yaratmalarını istəmirik, belə deyək, pislər içərisindən yaxşısını seçirik. Belə izah verim: əyninizə paltar tikdirəndə, dərzi ilk növbədə parçanı seçir, daha sonra gözəl əlbisə tikir. Yaradıcılıq emalatxanasında abituriyentlər bizim məhsulumuzdur. Onlara jurnalistika fakültəsində cümlə qurmaq öyrədilməməlidir. Müəyyən istedada, dünyagörüşünnə malik tələbələr daha da təkmilləşdirilməli, cilalanmalıdır.  Yaxşı uşaq qəbul olub, pis qurtarırsa, günah bizimdir. Həvəssiz, təsadüfi uşaqlara görə məsuliyyəti niyə daşımalıyıq ki? Quyuya su tökməklə quyu dolmaz axı.

Bir məsələ də var ki, indiki dövrdə müəllimlər öz üzərilərində daha çox işləməlidirlər. Çünki komputerin bir düyməsi ilə tələbə nə var, nə yox – hamsını öyrənmək imkanındadır.

- İndiki tələbələrdən razısınızmı? 

- Birmənalı cavab vermək olmaz. Onlardan heç vaxt narazı ola bilmərik. İstənilən halda gəlibsə, onu öyrətməliyik. Amma indi müyyən problemlər var, xüsusən də tələbələrin təcrübəsi ilə bağlı. Redaksiyalar bunun üçün pul istəyir. Məsələni nizama salmaq məqsədilə vahid mexanizm yaradırlmalıdır.

- Jurnalist tələbələrdən danışdıq, bir az da indiki jurnalistlərdən söhbət açaq. Siz dediniz ki, biz azadlıqla mübarizə və müstəqillik dövründə yaşamışıq. O dövrdə müstəqillik üçün mübarizə aparanda arzuladığınız azadlıq bu idimi?

- Müəyyən mənada bəli. Əsas faktdır, fakt isə odur ki, Azərbaycan müstəqildir. Tarix boyu bunu arzulamışıq. Xüsusən də biz 60-cı illərin gəncləri. İki arzumuz olub - Azərbaycan bütöv olsun, Azərbaycan müstəqil olsun. Şükür Allaha, birinə nail olmuşuq. Əminəm ki, ikinciyə də nail olacağıq. Jurnalistikanı və jurnalistlərin müqayisəsini götürsək, bir var, jurnalist təhsili olanlar, bir də var, jurnalistikaya aidiyyatı olmayan təsadüfi adamlar.  İkincilər jurnalistikamızın ən böyük problemidir. Amma məsələ belə qalmayacaq. Zaman özü hər şeyi yoluna qoyacaq - pisi, yaxşını saf-çürük edəcək.  Xarici ölkələrin əksəriyyəti bu prosesi keçib.

- Ənənəvi medianın yeni media ilə uzlaşması ilə bağlı nə deyə bilərsiniz?

-Bu məsələdə ilk növbədə qəzetin nəyə xidmət etdiyi müəyyənləşməlidir. Gərək onu açmamışdan öncə, birinci bunu müəyyənləşdirəsən. Bir dəfə bir nəfər mənə yaxınlaşıb dedi ki, “Simurq” adlı qəzet açmaq istəyir. Sual verdim ki, 100-cü nömrədə hansı yazılar olacaq? Xeyli təəccübləndi. Sözümün canı o idi ki, hər şey planlı şəkildə, konkret məqsədlərlə icra olunmalıdır.

İndi hamı jurnalistikanın əsas üç funksiyasından danışr: maarifləndirmək, məlumatlandırmaq, əyləndirmək. Amma hesab edirəm ki, bunlar törəmə funksiyalardı. Hazırda Azərbaycan jurnalistikasının əsas funksiyası milli birliyə nail olmaq, ölkənin müstəqilliyini qorumaq, ərazi bütövlüyümüzü təmin etmək olmalıdır. Amma çox təəssüf ki, buna diqqət edən yoxdu. Milli inkişaf konsepsiyası yoxdu.

Biz bu saat Qərb təcrübəsini götürürük, amma unutmamalıyıq ki, Azərbaycan Almaniya və Amerika deyil. Fransa da deyil. Onların müsbət cəhətlərini götürməliyik. Bilməliyik ki, türkük, islam dininə mənsubuq və müasirliyə doğru gedirik. Əli bəy Hüseynzadənin məşhur “üçəm düsturu”. Jurnalistlərimiz də bunu unutmamalıdırlar. Bunlar hamısı ümumilikdə Azərbaycanın inkişafına xidmət etməlidir. Türkçülüyümüz, islam qanunları (burada Quran ayələrindən gələn islami qaydaları nəzərdə tuturam, yalançı dindarların uydurmalarını yox) müasir ab-havanı əsas götürməliyik.

- İnternetin həyatımıza daxil olması ilə vətəndaş jurnalistikası geniş vüsət alıb. Bunun ən böyük nümunəsi isə internedə bloqlardı. Zaman-zaman  “bloggerlər jurnalist ola bilər, ya yox?” sualı ətrafında müzakirələr gedir. Bu barədə nə düşünürsünüz?

- Bəlkə bloggerlərdən də tək-tük jurnalistika yönümlü insanlar çıxa bilər. Ümumilikdə isə bloggerliyin jurnalistika ilə eyniləşdirilməsinin tərəfadarı deyiləm. Onsuz da istedadlı blogger zamanla daha da püxtələşəcək və online jurnalistikaya keçəcək. Amma dediyim kimi, bu yüz nəfərdən birində ola, ya olmaya.

- Online jurnalistikadan söz düşmüşkən, yeni media alətlərindən də danışaq. Bunlardan biri Sizin də çox aktiv olduğunuz  Facebook-du. Bu barədə nə düşünürsünüz? Sosial şəbəkələrin jurnalistikaya təsiri ilə bağlı fikirləriniz maraqlı olardı.

-Sosial şəbəkələr sosiallaşmaq, informasiya mübadiləsi, müzakirə və diskusiyaların aparılması baxımından çox əhəmiyyətlidir.  Bir zamanlar adi məqalə üçün burdan Moskavaya getməliydim. İndi oturursan, sanki dünya əlinin altındadır. Düzdü, necə deyərlər, sel gələndə özü ilə tör-töküntü də gətirir. Amma bunlar hamısı keçib gedəcək, durulma prosesindən sonra hər şey yerinə oturacaq.

- Həm iqtidar, həm də müxalifət yönümlü media orqanlarında görünürsünüz. Maraqlıdı odur ki, hər iki tərəfin Sizəmünasibəti çox yaxşıdır. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bilirsiniz, əsas dövlətdir. Dövlət də üç komponentdən ibarətdir: 1.iqtidar və müxalifət 2. cəmiyyət 3.ərazi. Bunlardan biri yoxdursa, dövlətin tam formalaşmasından söhbət gedə bilməz.

Əslində hər üçü ilə bağlı problemlər var -  ərazimiz tam deyil, əhali də istənilən səviyyədə yaşamır. Bu mənada, tam ideal dövlətimiz yoxdur. Amma çalışırıq onu quraq. İqtidar, müxalifət hər iksinin kökü birdir. Əsas dövlət və dövlətçilikdi. Fərqi yoxdu, ali məqsəd üçün hansı yollardan keçirsən, başlıca məqam kökünü unutmamaqdadır. Mənim üçün heç bir önəmi yoxdur - iqtidar və ya müxalifət yönümlü mətbuat. Əgər düz sözümü deyirəmsə və məqsədim dövlətçiliyə xidmətdirsə, bunu harda və necə etdiyimin nə əhəmiyyəti var? Hansı yolla gediriksə, gedək məqsəd ümumi mənzilə çatmaqdır.

-Yəni,  inanırsınız ki, bu iki qütb arasında uzlaşma mümkündür?

-Təbii ki, inanıram və proseslər də buna doğru inkişaf etməkdədir. Başqa yolumuz yoxdur. Məsələn, 4-5 il öncə inanmazdım ki, Ali Media mükafatına layiq görülərəm. Çünki daha çox müxalif fikirli insan kimi tanınırdım. Amma zaman keçdikcə hamıya aydın olur ki, məqsədim dövlətimizin inkişafına xidmət etməkdir.  Bunu cənab Əli Həsənov mənə Ali Media Mükafatını təqdim etdikdən sonra da dedim. Hamımız bir yumruq olub birləşməli və yalnız inkişafı düşünməliyik.

Ellada MUSTAFAYEVA

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə