Baş kulinar: "Toylarda qidadan zəhərlənib ölənlər var"

Ermənilərə dünya çempionatlarında, yarış və festivallarda iştirak etməyə imkan verməyən Tahir Əmiraslanov ölkədəki bürokratik əngəllər qarşısında aciz qaldığını deyir...

Milli mətbəx deyiləndə ağıla gələn ilk isim heç şübhəsiz Tahir Əmiraslanov olur. Bu da təbiidir. Çünki bu sahədə onu əvəzləyə biləcək başqasını tapmaq bir qədər çətindir. Maraqlı müsahibdir. Həddindən artıq məlumatlıdır. Və ilk baxışdan insanı “oxumaq”bacarığına malikdir. Bunu uzun illərin təcrübəsi ilə də əsaslandırmaq olar. Beləliklə, 168.az-ın bugünkü həmsöhbəti Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovdur. Ramazan ayı olduğu üçün ilk sualımızı da elə bu mövzu ilə başladıq. 

 

-Tahir müəllim, Ramazan ayı başlayıb, insanlarımız oruc tutur. Gün ərzində 16-17 saata yaxın bir müddət ac-sussuz qalırlar. İmsak və iftar zamanı necə qidalanmaq lazımdır?

 - Səhər imsakda mütləq şorba yeyilməsi məsləhətdir. Xaş tutumlu yeməkdir. Gün ərzində tox saxlayır. Yaxşı olar ki, səhər yeməyə başlamazdan qabaq mədə şirəsinin daha yaxşı ifrazı üçün dillərinin üstünə bir damcı duz qoysunlar. Duz suyu bədəndə saxlayan amillərdəndir. Amma çoxlu duzlu yemək gün ərzində suya tələbatı artırır. Zülallı qidalardan istifadə edin, məsələn, suda az bişmiş yumurta yaxşı olar. Bal mütləqdir. İsti günlərdə orqanizmə enerji verir. İmsakda həlim aşı tox saxlayır. Mədə-bağırsaq sistemini işlədən və insanı yoran yeməklərdən bir qədər uzaq durun.

İftarda isə rahat və az yemək yaxşı olar. Suyu qurtum-qurtum için. Bu mədənin qida qəbulunu hazırlamaq üçündür, birdən-birə yemək olmaz. Stəkandakı suyu yarılamamış bir xurma götürüb xeyli çeynəmək lazımdır. 10 dəqiqə sonra sulu yeməyə, şorbaya keçmək məsləhətdir. Yeməyi pendir və qarpız yaxud yemışlə tamamlamaq olar. Mədəni sakitləşdirmək üçün pendir və qatıq yaxşıdır. İstehsaldan keçmiş qidalardan: kolbasa, sosiska, mənşəyi məlum olmayan peçenyelərdən, energetik tututmlu şirələrdən imtina etmək lazımdır. Onların tərkibində elə maddələr var ki, orucunuzu batil edər. Üstünə halal da yazılsa, məsləhət görülmür. Orucluq aclıq demək deyil. Allah-Təala insana daşıya biləcəyindən artıq yük vermir. O günəşdən, ətraf mühitdən də enerji alır. İsti havada insanın yeməyə tələbatı da azalır.

-Oruc tutursunuzmu?

-Mən oruc tuta bilmirəm, çünki dərman qəbul edirəm. Amma tutmadığım günlərin əvəzinə fidyə verirəm. Bunu təkcə Ramazan ayında deyil, başqa vaxtlarda da həyata keçirirəm.

-Son vaxtlar toylarda kütləvi zəhərlənmə hadisələri baş verir. Sizcə,  bunun məsuliyyəti kimin üzərində olmalıdır?

- Təkcə zəhərlənmə ilə bitsə, yenə yaxşıdır. Ölümlə nəticələnən hallar baş verir. Elə faktlar gizlədilir. Bununu bir çox səbəbi var. Əvvəlcə aşpaz olmalıdır. Aşpaz olmaq üçün isə təhsil vacibdir.  Əgər bu insan aşpaz deyilsə ondan nə tələb etmək olar? Təxminən 600 toyxanadan 400-də baş aşpazın təhsili yoxdur. Ofisiantların təhsilində də həmin mənzərədir. Bunun üçün peşə məktəbləri olmalıdır. Yaxşı aşpazlar xaricə üz tutur.  Rusiyada bizim 10 mindən çox aşpazımız işləyir. Çünki orda məvacib yüksəkdir. Bizdə biznes sahiblərinin çoxu bu sahənin bilicisi deyil. Məsələn, Fransada milyarder olsanız belə bu sahədə təhsil almamısınızsa, sizə restoran açmağa icazə verməyəcəklər. Çünki bu Fransa xalqının sağlamlığı və onun simasıdır. Bizdə isə əksinə, ən yüksək səviyyəli qızıl medal alan aşpazlarımızın restoranı yoxdur.

-Peşə məktəblərində olmusunuzmu, orda vəziyyət necədir?

-“Rusca”.

-Onda belə çıxır ki, vəziyyəti acınacaqlı olan peşə məktəbindən yaxşı aşpaz da tələb etmək düzgün deyil.

- Peşə məktəblərimizin diplom və sertifikatlari başqa ölkələrdə tanınmır. 1991-ci ilin Nazirlər Kabinetinin qərarı ilə bizim mərkəzin nəzdində tədris müəsisəsi yaradılmalı idi. Amma hələ də gözləyirik.

-Məktəb demişkən, heç binanız da yoxdur axı..

- Elədir. Dəfələrlə müraciət etmişik. Məktublarımızdan Axundov kitabxanası boyda kitabxana yaratmaq olardı. 21 ildir yazırıq. 1997-ci ildə ölkə başçısı Heydər Əliyevin təşəbbüsü ilə bizə büdcədən pul ayrılmağa başlandı. Bu il 155 min manat pul ayrılıb büdcədən. Kifayət etmir. Reklamlardan, xaricdən, bəzən də sponsor vasitəsilə öz imkanlarımızla işləri yoluna qoymağa çalışırıq. Sonuncu dəfə 1996-cı ildə Olimpiadaya getmişik. Qonşularımız isə bu sahədə yaxşı işləyir.

Gürcüstan 40-a yaxın xörəyin patentini alıb. İçində bizim xörəklərimiz var. Ermənistan da başlayıb. Amma biz bir dənə də xörəyimizin patentini ala bilməmişik. Bütün bunlara baxmayaraq işləyirik. Yunesko kimi mötəbər təşkilatda sədrlik edirik. 21 ildir ki, Ermənistan dünyanın heç bir çempionatında, yarışda konfransda iştirak edə bilmir. 2 dəfə dəvət olunublar. Lakin bizim təkidimizlə dəvətləri ləğv edilib. Onlara izah ediblər ki, Azərbaycan icazə vermir, Tahir Əmiraslanov qoymur.

- Tahir müəllim, nə qədər maaş alırsınız?

- Mən 250 manat maaş alıram. İşçilər isə 170-200 manat. Başqa yerdən gəlirimiz yoxdur. 10 ildən sonra pensiyaya gedəcəm. Mənim yerimə adamlar yetişməlidir. Toyxanalar 1 günə verir həmin pulu. İşçilər də yetişən kimi gedir. Amma bura tədqiqatçılar lazımdır. Azərbaycan mətbəxi kəndbəkənd araşdırılmalıdır. Bunlar standartlaşmalı, patentləşməlidir.

Ölkə prezidenti ötən il AMEA-da çıxışı zamanı dedi ki, mətbəximizi ermənilər oğurlayır. Bu bizi narahat edir. Bundan sonra akademiyada mətbəxin öyrənilməsi ilə bağlı hansı addımlar atıldı? Kulinariya muzeyi yaradılmalıdır. 1991-ci ildə Nazirlər Kabinetinini qərarı var. Elmi tədqiqat, təhsil və muzey kompleksi yaradılmalıdır. Son 10 ildə çoxsaylı olimpiya kompleksləri tikilib. Onun birinin əvəzinə kulinariya mərkəzi ola bilərdi.

-Maraqlıdır ki, keçən 21 ildə siz səsinizi eşitdirə bilməmisiniz.

- Dünyaya eşitdirmişəm. Bizimkilər də bilir. Hələ ki, nəticə yoxdur. (Tahir müəllim məsələ ilə bağlı araşdırma aparmağı xahiş etdi. Bəzi aidiyyatı qurumlarla əlaqə saxlasaq da konkret cavab almaq mümkün olmadı.Nəzərə alsaq ki, Tahir müəllimin suallarını 21 ildir ki, cavabsız qalıb, bu vəziyyət bizi heç də təəccübləndirmədi)

- Kiminləsə ədavətiniz yoxdur ki?

- Heç kimlə problemim olmayıb. Mən siyasətçi deyiləm. Heç bir partiyanın üzvlük biletini daşımıram. Biznesdə də marağım yoxdur. Əlimdə çömcə fırlanıram.

-İdmançılarımızın xarici ölkələrdə keçirilən yarışlarda qazandığı uğurlar onlara ölkəmizdə bir çox imtiyazlar verir. Bəs siz necə, beynəlxalq festivallardan qızıl medalla qayıtdığınız zaman bu qiymətləndirilirmi?

-Hələ ki, “sağ ol” deyən olmayıb.

- Ermənilərin milli mətbəximizi oğurlaması faktlarını izləyirsinizmi?

- Ermənilərin hər bir çıxışına cavab verilir. Davamlı nəzarət olunur. Eyni zamanda mətbəximizi,  onun tarixi ilə bağlı məlumatları toplayırıq ki, itib batmasın. Ermənilərin yazdığı kulinariya kitabları belə siyasətlə bağlıdır.

(Bu arada kitabların arasından qaralama vərəqlər çıxarır. Məlum olur ki, bu onun özü üçün arada cızma-qara etdiyi şeirləridir. Və bu məqamda artıq söhbətin ab-havası da dəyişir. Kitabları qaralamaq adəti var. Vaqif Bəhmənlinin hədiyyə etdiyi kitabında bəzi şeirlərə elə yerindəcə, yəni kitabda cavab yazıb. Məsələn, şairin “Keçi” şeirinə kulinarın cavabı maraqlıdır.

Keçiyə həsəd aparma

Keçinin də öz dərdi var.  

Nə kabinet, nə qələmi

Yazığın bir can dərdi var)

- Tahir müəllim, əməlli-başlı şeir yazırsınız ki...

-Yox, mən şair deyiləm. Özüm üçün elə-belə qaralayıram. Rənglərə uyğun bayatılar, paradoksal hekayələr. Cavanlıqdan yazıram.  Nə desən var. Yazanda sakitləşir adam.

-Deyirlər ki, yaxşı aşpazlar kişilərdən çıxır.

-Elədir. Yaxşı rəssamlar, saç düzəldənlər, modelyerlər hamısı kişilərdən çıxır. Gözəlliyin nə olduğunu diqtə edən kişilər olub. İbtidai dövrdə kişilərin sayı çox az idi. Qadınlar özlərini kişilərə bəyəndirmək üçün onların xoşuna gələn standartları qəbul etməli idilər. O zaman da gözəllik məfhumları yaranmağa başladı. Yəni kişilərin istəyinə uyğun estetika yarandı. Kişilərin zövqləri qadınlardan üstündür. Çünki standartları onlar yaradıblar. Necə deyərlər, biz sizin kimi gözəl xanımları bəyənirik, siz isə bizim kimi eybəcər kişiləri. Arqument elədir ki, yox deyə bilməzsiniz.

-Mən heç yox da demirəm. Əksinə bunu hətta kompliment kimi qəbul edirəm.

- Qarşındakının marağından çıxış etsən həmişə qalib olacaqsan.

-Belə bir misal var, deyirlər ki, kişinini qəlbinə gedən yol mədədən keçir. Bu da doğrudur?

-Urəkdə də mədəciklər var. Qəlbə gedən yol mədədən keçir. Ona görə də kişi evə gələndə onu əvvəlcə yedirmək lazımdır. Ac qarına istəklərinizi həyata keçirmək çətin olacaq. Qadın bişirəndə onun istəkləri yeməyə keçir. Və bu səbəbdən öz ərini də yalnız özü yedirtməlidir. Qidadan cinsəllik çox asılıdır. Onu düzgün təşkil edə bilən qadın həmişə qazanır. 

-Yaxşı yemək bişirmək üçün nə etmək lazımdır?

-Sevmək. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə