Saşa Stamenkoviç: “Nə Rondondan çəkinirik, nə də “Rubin”dən”

“Neftçi” klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviçin apasport.az saytının Kazana ezam olunmuş əməkdaşına müsahibəsi

- Sabah Avroliqanın qrup mərhələsində 3-cü oyuna çıxacaqsınız. “Rubin”lə oyun barədə nə düşünürsünüz? 

- Kazana yaxşı əhval-ruhiyyədə gəlmişik. Çempionatda hesabat turu bizim üçün uğurlu oldu. “Kəpəz” üzərində inamlı qələbə qazandıq. Bilirik ki, “Rubin” yaxşı komandadı. Güclü rəqiblə qarşılaşacağıq. Onlar güclü olduqlarını hələ ilk turda İtaliyada “İnter”lə 2:2 hesablı bərabərliyə qaldıqları oyunda göstəriblər. “Rubin”lə “İnter” qrupun aşkar favoritləridi. 

- “Rubin”lə öncə səfərdə oynayacağıq. Belə güclü rəqiblə matçda nəyə ümid edə bilərik? 

- Hesab edirəm ki, uduzmamaq bizim üçün uğur olacaq. İlk 20-30 dəqiqədə qol buraxmamağımız vacibdir. “İnter”lə matçda 2-ci hissədə olduğu kimi oynasaq, uğurlu nəticəyə ümid edə bilərik. Bu zaman səfərdə xalla qayıtmağa böyük şansımız olacaq. Həmin matçda italyanların təzyiqi nəticəsində 3 qol buraxdıq. Artıq həmin vaxt oyunun nəticəsi həll olunmuşdu. 

- “Partizan”la səfər matçında əsasən müdafiəyə böyük diqqət yetirib, demək olar heç-heçə üçün oynadıq... 

- Həmin matçda bəxt bizim tərəfdə olmadı. Çünki 2 yüz faizli qol imkanımız oldu, birində Cavid İmamverdiyev, o birində Erik Ramos yaxın məsafədən qapıya düşə bilmədi. Onlardan heç olmasa biri qol olsaydı, nəticə başqa cür ola, qələbə qazana bilərdik. Avropa oyunları belədir ki, orada Azərbaycan çempionatında olduğu kimi, oyunda 5-6 real qol imkanın olmayacaq. Bir şansın olacaq, ondan istifadə elədinsə udacaqsan, eləmədinsə nəticə istədiyin kimi olmayacaq. 

- “Rubin”in hazırkı oyununu necə dəyərləndirərdiniz? 

- Rəqibin yaxşı, qol vurmağı bacaran futbolçuları var. Düzdür, çempionatda son turda MOİK-lə oyunda buna nail ola bilmədilər, 0:2 hesabı ilə uduzdular. Fikrimcə, oyunun ilk 20-30 dəqiqəsi həlledici olacaq. Bizim üçün vacib olan həmin vaxtda “Rubin”dən qol buraxmamaqdır. Belə olsa, əks-hücumlarda qol vurmaq şansımız böyük olacaq. Necə ki APOEL-lə Kiprdəki oyununda bunu göstərdik. 

- Rəqibin heyətində İspaniyada oynamış Salomon Rondon, habelə türkiyəli Gökdəniz Karadəniz kimi tanınmış hücumçular var. Bir qapıçı kimi, “Rubin”in təhlükəli ön xətt oyunçularından çəkinmirsiniz? 

- Biz nə Rondondan çəkinirik, nə də “Rubin”dən. Əgər uduzacağımızı düşünsəydik, Kazana gəlməzdik. Futbol maraqlı oyundur. “Barselona” – “Real” derbisində də kimin qalib gələcəyini əvvəldən demək olmaz. Buna görə bizim də qələbə şansımız var. Azərbaycan xalqı bizdən nəticə gözləyir və istənilən hesablı qələbə bizə 3 xal qazandıracaq. Bəli, Kazanda çox çətin oyun olacaq və biz bunu yaxşı başa düşürük. Əgər bəxt bizim tərəfdə olsa, yüz faiz xal qazanacağıq. 

- Kazandan xalla qayıtsaq, ardından “Rubin” və “Partizan”la Bakıdakı oyunlarda qalib gəlməklə, turnir cədvəlində vəziyyətimizi xeyli yaxşılaşdıra bilərik... 

- Avroliqada bizim üçün Bakıdakı oyunlar çox vacibdi. Həmin matçlarda bizi stadionda 30 min azarkeş dəstəkləyəcək. Bu, bizim üçün böyük üstünlük olacaq və gücümüzü artıracaq. Təsadüfi deyil ki, “İnter”in qapıçısı Samir Handanoviş oyundan sonra demişdi ki, Bakı gözəl şəhərdir və burada heç bir komandaya, yəni “Rubin”lə “Partizan”a da asan olmayacaq. Sadəcə, biz belə turnirin qrup mərhələsində ilk dəfə oynadığımız üçün təcrübəmiz yoxdur. “İnter”lə 2-ci hissədə olduğu kimi oynasaq, “Rubin”lə “Partizan”a evdə qalib gələcəyik. 

- “Rubin”in əsas qapıçısı olan Sergey Rıjikov zədəli olduğundan oynamayacaq. Sizcə, təcrübəli həmkarınızın yoxluğu bizim üçün üstünlükdür? 

- “İnter” nümunəsi onu göstərdi ki, güclü komandalarda əsas heyətlə ikinci heyət fərqlənmir. İtalyanlar Bakıya ikinci heyətlə gəlib 3:1 hesabı ilə qalib gəldilər. Buna görə güclülərdə heyətlər arasında böyük fərq olmur. Əvəzedici sayılan futbolçularda özlərini sübut etmək istəyi daha çox olur.

Buna görə bizə ikinci heyətlərlə oyunlar da çətin olur. Ancaq “Rubin”ə də yüz faiz asan olmayacaq. Hamımız ümid edirik ki, Kazanda yaxşı nəticə qazanacağıq. Əgər mənə desəydilər ki, 0:0 hesabına razı olardın, mən bunun olmağını istərdim. Yəni mən güclü rəqiblə səfərdə heç-heçəni münasib sayıram. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə