«Milyarderlər ittifaqı»nda birləşənlərin əvvəllər Qarabağ təşəbbüsləri niyə olmayıb?» EKSKLÜZİV

Mirkazım Seyidov: “Mixail Xodorkovski …istəmişdi, bu gün həbsxanadadır”

168.az-ın suallarını Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun prezidenti, şair, publisist və ictimai xadim Mirkazım Seyidov cavablandırır. Onunla söhbətimiz əsasən Rusiya azərbaycanlılarının hazırkı təşkilatlanma səviyyəsi, diaspor quruculuğu prosesləri, mövcud istiqamətdə nəzərə çarpan meyllər və yeni formalaşmış Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) ətrafındakı durum barədə olacaq.

- Mirkazım müəllim, uzun illərdir, Rusiyadasınız. Ölkənin müxtəlif bölgələrində azərbaycanlıların diaspor qurumlarının tədbirlərinin təşkilatçılarından olmusunuz. Bildiyimiz qədərilə rəhbərlik etdiyiniz Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun xətti ilə də kifayət qədər işlər görmüsünüz. Bir sözlə, Rusiyanın ictimai həyatına bələdçiliyiniz zəngindir. Ümumən, ölkədə soydaşlarımızın diaspor fəaliyyətinin hazırkı durumunu necə qiymətləndirirsiniz?

- Azərbaycandan kənarda ömür sürən soydaşlarımızın sərbəst fəaliyyət göstərmələri, yaşadıqları bölgələrin ictimai-siyasi, mədəni-iqtisadi və sosial-mənəvi həyatlarına inteqrasiyaları olduqca önəmlidir. Xaricdəki qurumlarımız da bu kimi proseslərə dəstək verməyi özlərinin mühüm vəzifələrindən sayırlar. Bizim iş prinsipimiz də mövcud təmələ söykənib.

Ümumən son 15 ilə yaxın bir zaman kəsiyində Azərbaycanın diaspor hərəkatında irəliyə doğru çoxsaylı addımlar atılıb. Məsələ barədə danışmazdan öncə onu deyim ki, 1994-2000-ci illərdə Rusiyada mövcud sahədəki durum olduqca acınacaqlı idi. 2000-ci ilədək bizlər sanki tikan üstündə oturmuş adamlar olmuşuq. Daim ölkədən çıxıb qaçmağı düşünmüşük. Hər an müxtəlif təzyiq və təhqirlərə məruz qalmışıq. Həmin dönəmdə insanlarımız diaspor quruculuğu ilə məşğul olmağı deyil, yalnız ölkədə mövcudiyyətlərini sürdürməyi düşünürdülər. Çox ağır vaxtlar idi.

2001-ci ildən vəziyyət düzəlməyə doğru getdi. Bunun səbəbi Rusiya prezidenti Vladimir Putinin həmin il imzaladığı sərəncam idi. Sənəd millətlərin mədəniyyət muxtariyyatları ideyasını dəstəkləyirdi və ona uyğun olaraq yerlərdə ayrı-ayrı millətlərdən olan şəxslərin təşkilantanması baş verdi. Bizim fəaliyyət göstərdiyimiz Novosibirskdə də oxşar proses yaşandı, diaspor qurumlarının formalaşması geniş vüsət aldı. Bu, bir tərəfdən yaxşı hal idi. Digər tərəfdənsə, çoxsaylı belə özəklərin yaradılması vahid mərkəzdən koordinasiya imkanlarını məhdudlaşdırırdı. Mövcud amil onların güclü, mütəhərrik qüvvəyə çevrilməsinə maneçilik törədirdi.

Söyün Sadıqovun nümayəndələri o zamandan başlayaraq regionları gəzirdilər

- Məlumdur ki, həmin vaxtlarda yaranmış təşkilatlardan biri və ən başlıcası Ümumrusiya Azərbaycanlıları Konqresi idi. Qeyd etdiyiniz nöqteyi-nəzərdən, yəni vahid mərkəzdən koordinasiya sahəsində bu qurumun fəaliyyəti nə dərəcədə qənaətbəxş oldu? Çünki indi UAK-ın fəaliyyət səmərəsizliyinə dair fikirlər gündəmə gəlir. 

- Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradılmasına xeyir-duanı vaxtilə ulu öndərimiz Heydər Əliyev vermişdi. Rusiya prezidenti Vladimir Putin isə məsələyə razılığını ifadə etmişdi.

2004-cü ildə bu qurum formalaşdırılmağa başlayanda onun soydaşlarımıza məxsus diaspor təşkilatlarının vahid mərkəzdən koordinasiyası baxımından müstəsna missiya daşıyacağı, bir növ, təminatçı rolunu oynayacağı proqnozlaşdırılırdı. Əslində milli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi kurs da məhz bu ideyanın dəstəklənməsinə hesablanmışdı.

Ümumən ÜAK-ın Rusiya azərbaycanlılarının təşkilatlanmalarında əməyi böyükdür. Əsas hərəkətverici məqam onun Rusiya dövlətinin və yerli hakimiyyət qurumlarının dəstəyinə malikliyində idi. Bunun nəticəsində UAK-ın bütövlükdə siyasi qüvvəyə çevrildiyi barədə fikir yürütmək mümkündür.

Rusiyanın müxtəlif bölgələrində konqresin özəkləri formalaşdırıldı. Həmin vaxtadək mövcud olmuş təşkilatlar da yeni yaradılmış quruma üzv olmağa başladılar. Lakin bir neçə ildən sonra tamam əks proseslər yaşandı. ÜAK üzvləri tədricən qurumdan uzaqlaşmaq yolu tutdular. Çünki o, iş görmək, yəni təbliğat aparmaq, ictimai-siyasi aktivlik göstərmək əvəzinə hansısa mənada lobbiçiliyə doğru uzanmalı olan yoldan ayrı düşdü. Yerli azərbaycanlıların mürəkkəb səciyyə daşıyan problemlərinə diqqət ayırmadı. Missiyası yalnız təşkilatlardan üzvlük haqqı yığmaqla məhdudlaşdı. Pul yığıldı, amma iş görülmədi.

Digər tərəfdən, struktur fəaliyyət də düzgün qurulmadı. Təbii ki, bunun da siyasi səbəbləri yox deyildi. İndi «Milyarderlər ittifaqı» kimi gündəmə gəlmiş RATİ-də adı hallanan Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyatının («Azərros») prezidenti Söyün Sadıqovun nümayəndələri o zamandan başlayaraq regionları gəzirdilər və faktiki olaraq təşkilatların ÜAK-ın deyil, «Azərros»un ətrafında birləşməsi üçün tədbirlər görürdülər.

Medvedyevin Sadıqova təbrik məktubu ünvanlaması…

- Demək olarmı ki, indiki proseslərin təməli elə o zamandan qoyulmuşdu…

- Bunu müəyyən mənada ehtimal etmək, məsələ ilə ələqadar hansısa fikir yürütmək mümkündür. Amma mən bir şeyə diqqət çəkim ki, Söyün Sadıqovun RATİ-də başlıca fiqur olduğunu görəndə açığı bir qədər təəccübləndim. Bu adam müxtəlif vasitəçilərinin köməyi ilə azı səkkiz-doqquz dəfə mənimlə təmaslar qurmağa çalışıb. Moskvada ümumi tədbirlər keçirilən zaman da «Azərros»un ayrı-ayrı nümayəndələri ünsiyyətə can atırdılar. S.Sadoquvun görüşmək istədiyini bildirirdilər. Yenə də deyirəm, bu və buna oxşar gedişlər dəfələrlə təkrarlanırdı. Müxtəlif əməkdaşlıq təklifləri irəli sürürdü ki, bunlarda açıq şəkildə bildirilməsə də, mərkəzdənqaçma meylləri nəzərə çarpırdı. Belə görünür, elə o zamanlardan ÜAK daxilində dağıdıcılıqla məşğul olurmuş. İndi isə məsələ aydınlaşır. S.Sadıqov artıq bəlli hədəflərlə silahlanmış RATİ-dədir. Bütün bunları götür-qoy etsək, əlbəttə, proseslərin lap əvvəldən planlaşdırıldığı barədə rəyə gəlmək mümkündür. Hər halda Sadıqov o zaman belə demək mümkünsə, emissarlarını havayı yerə Rusiyanın müxtəlif bölgələrinə səpələmirdi.

- Bəs indi?

- İndi hər şey göz qabağındadır. Rusiyada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının həyatına təsiri böyükdür. S.Sadıqov çalışır ki, bu faktoru Rusiya hakimiyyətinin xeyrinə dəyərləndirsin. Eyni zamanda belə fon yaradır ki, guya həm Rusiyakı soydaşlarımızın, həm də Azərbaycanda yaşayan həmvətənlərimizin hamisidir. Mövcud xüsusda Azərbaycan-Rusiya dostluq münasibətlərini gücləndirmək kimi gedişlərə də baş vurur. Bir növ, imic qazanmağa cəhd göstərir. Rusiyanın siyasi dairələrinin, xüsusən də baş nazir Dmitri Medvedyevin Sadıqova təbrik məktubu ünvanlaması isə onun ölkə hakimiyyətindən məsləhətlər aldığını söyləməyə əsaslar verir.

«İş görən idilərsə, indiyədək görəydilər. Mütləq lazım idimi ki, yenidən hansısa qurum təsis etsinlər»

- Bu fikri, yəni məsləhətləşmənin mövcudluğunu söyləyərkən nəyə əsaslanırsınız?

- Rusiyada S.Sadıqovun təmasda olduğu şəxslərdən heç də zəif olmayan adamlarla təmaslarım olub. Yəni, ölkənin azərbaycancanlılarla əlaqədar siyasi mənzərəsinə kifayət qədər bələdəm. Eyni zamanda Rusiya azərbaycanlılarının problemlərindən, xüsusən də gənclərin üzləşdikləri çətinliklərindən kifayət qədər xəbərdaram. S.Sadıqov və onun dostlarına heç kim problemli insanlarımızın işlərinə yarımaqda maneçilik törətmirdi. Yəni, hazırda durub hansısa işi görəcəklərinə dair fikir formalaşdırmaq heç cür səmimi təsir bağışlamır. İş görən idilərsə, indiyədək görəydilər də. Mütləq lazım idimi ki, yenidən hansısa qurum təsis etsinlər və siyasi motivli bəyanatlar səsləndirsinlər.

Bir məqama da diqqət yetirməyi zəruri sayıram: əgər doğrudan da istəkləri Azərbaycan prezidentinə dəstək verməkdirsə, ümumən dövlətimizi beynəlxalq müstəvidə dəstəkləməkdirsə, yaxud Rusiya ilə əlaqələrimizi yaxşılaşdırmağa çalışırlarsa, bunun üçün məsləhət almaq nəyə lazımdır? Məsələn, Mirkazım Seyidov Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Fondunu yaradıb. Sonradan həmin Fondu Forum şəklində səkkiz il müddətinə qeydiyyatdan keçirib. Bu günədək də fəaliyyət göstərməkdə davam edirik. Mən məsləhət almadım. Heç Rusiya rəhbərliyinə də müraciət ünvanlamadım. Sadəcə işimizi Heydər Əliyev şəxsiyyətinə rəğbət, Azərbaycanın haqq işinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətindəki təbliğat ruhunda qurduq. Ali məqsədimizin nədən ibarət olduğuna, nəyə kökləndiyinə həm Azərbaycan dövləti tərəfindən dəyər verildi, həm də Rusiya hakimiyyəti varlığımızı diqqətə aldı. Yəni, işimizi əməli şəkildə təşkil etdik. Buna görə də Rusiya hakimiyyəti Forumu ali mükafatlara layiq gördü. Ən əsası isə Azərbaycan prezidenti əməyimizi qiymətləndirdi. İki dəfə möhtərəm prezidentimiz İlham Əliyev məni yüksək dövlət mükafatına layiq gördü.

«Rusiya dövlətinin RATİ-nin yaranmasında əli var»

Rusiyada biznesim var və ordan qazandıqlarımı qeyd etdiyim istiqamətlərdəki ictimai fəaliyyətə yönəldirəm. İndi «Milyarderlər ittifaqı» adlandırılan qurumda təmsil olunanlar maddi imkanlar baxımından Mirkazım Seyidovdan qat-qat üstün mövqedədirlər. Onlar məndən və mənim kimilərindən daha çox işlər görə bilərdilər. Azərbaycan xalqına, onun rəhbərliyinə sadiqliklərini konkret əməlləri ilə ortaya qoymaq imkanları yetərincə idi. Amma imkanı dəyərləndirmədilər. Loru desəm, kimsənin yaralı barmağına sarğı qoymadılar.

Əvəzində baxın, bu adamlar ali dərəcədə siyasi oyun oynamağa qərar veriblər. Azərbaycan daxilindəki proseslərə müdaxilə yolu tuturlar. Şəxsən belə düşünürəm ki, onlar Rusiya hakimiyyət dairələrinin maraqlarına xidmət ruhunda fəaliyyət göstərmək üçün göstəriş alıblar. Rusiya dövlətinin RATİ-nin yaranmasında əli var. Fikrimcə, mövcud tendensiya iki aspektdən ziyanlıdır. Birincisi, Rusiyadakı azərbaycanlı diaspor təşkilatları arasında nifaq toxumu səpiləcək. ÜAK-ın etimadını itirməyə, onu tam iflic hala gətirməyə çalışılacaq. İkinci, ən ziyanlı məqam isə Rusiyadakı erməni lobbisinin maraqlarına xidmətlə əlaqədardır.

Xüsusən ikinci məsələ üzərində dayanmağa ehtiyac duyuram. Məsələ burasındadır ki, Azərbaycanla Rusiya arasında münasibətlərin normal məcrada cərəyan etməsi ermənilərin maraqlarını arxa plana atır. Mənfur düşmənlərimiz həmişə çalışıblar ki, bizi gözdən salsınlar. Təkcə Sibir regionunda bu «məqsədə» hesablanmış onlarla misal çəkə bilərəm.

«Əvvəllər Qarabağa dair təşəbbüs qaldırmalarına kim mane olurdu?»

- Mirkazım müəllim, yenicə fəaliyyətə başlamasına baxmayaraq, bu gün RATİ Dağlıq Qarabağa dair təşəbbüs qaldırır. İlk baxışdan belə təsəvvür yarana bilər ki, qurum konkret iş görməyə can atır. Sizcə, bu cəhət az öncə dediklərinizlə təzad yaratmır kı?

- (gülür) Bunlar hamısı siyasi divident qazanmağa hesablanmış gedişlərdir. Əvvəllər Qarabağa dair təşəbbüs qaldırmalarına kim mane olurdu? Bir iş görəydilər də. Həmin vaxt Rusiya Azərbaycan və Ermənistan icmalarını tanımaqda, onlar arasında ortaq məxrəc tapmaqda daha çox maraqlı idi. Elə Novosibirskin özündə dəfələrlə buna cəhdlər göstərilib.

Digər yandan, kimin nə deməsindən asılı olmayaraq, indinin özündə də Rusiyada Azərbaycan və Ermənistan biznesmenlərinin çox ciddi iş birliyi var. Bir yerdə pul qazanırlar. Onlarla, yüzlərlə belə təşkilatlar sayaram. Guya müəyyən səviyyələrdə əlaqələrin mövcudluğunu bilmirlərmi? Çox gözəl anlayırlar, sadəcə Azərbaycan Respublikasının ictimaiyyəti üçün maraq kəsb edən həssas məsələ ilə siyasi spekulyasiya edib birbaşa ölkəmizin daxilinə hesablanmış gedişlərə baş vururlar. Özü də bu gedişlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan diplomatiyasının apardığı məqsədyönlü siyasət xəttinin səmərə verməyə başladığı bir vaxtda gerçəkləşir. Hazırda beynəlxalq ictimaiyyət Qarabağın Azərbaycanın haqq işi olduğuna daha çox inanmağa başlayıb. Artıq bu xüsusda bütün zəruri proseslər gerçəkləşdirilib. Qalıb əldə olunanların icrası. Məsələnin ciddiliyi Ermənistan qədər Rusiya tərəfindən də dərk edilir. Amma Kremlin Cənubi Qafqazda öz planları var. İstəklərini isə sapı özümüzdən olanları işə salmaqla gerçəkləşdirir. İndi baş verənlərin başqa adı yoxdur. Yenə də deyirəm, nə üçün «Milyarderlər ittifaqı»nda toplaşanlar bu vaxtadək Qarabağ konflikti ilə əlaqədar məsələ qaldırmayıblar? Onlara fikirlərini çatdırmaq naminə mütləq təşkilatmı lazım idi? İstəsəydilər, edərdilər. Kremlin mənafelərinə əsaslanmış hazırkı təşəbbüsləri ilə sülh prosesini bir növ, ibtidai mərhələyə daşımağa cəhd göstərirlər. BMT qətnamələrinin yerinə yetirilməsi üçün Rusiyaya təzyiq göstərsinlər. Problemin həllinə can yandırırlarsa, bunu etsinlər, Görək, bacararlarmı? Heç cəhd də göstərməzlər. Hələ durub prosesi sıfır nöqtəsinə qaytarmaqla məşğuldurlar. Guya azərbaycanlılarla ermənilər bir-birilərini heç tanımırlarmış…

- Bacarmırlar və bəşqa vəziyyətləri də təhlil edərək sözlərinizdən belə çıxa bilər, bacardıqları iş məsələn, Azərbaycan üçün belə demək mümkünsə, Bidzina İvanişvilimi hazırlamaqdır? Hər halda kinorejissor Rüstəm İbrahimbəyovun KİV-də yayılan müsahibəsində bu məsələ üzərində xüsusi dayanması diqqətdən yayınmır…

- Doğru məqama toxundunuz. Qarabağ münaqişəsi ilə əlaqədar spekulyasiyalarının nəticə vermədiyini görəndə bu sayaq şantajlara əl atırlar. Tamamilə razıyam.

Mixail Xodorkovski …istəmişdi, bu gün həbsxanadadır

- Gəlin, bir məsələyə də diqqət yetirək, RATİ-də indi Söyün Sadıqovun adı çəkilir. Amma burada başqa nüfuzlular da var. Götürək, uzun müddət Azərbaycan hakimiyyətində təmsil olunmuş Abbas Abbasovu, «Krokus İnterneyşnl» Şirkətlər Qrupunun rəhbəri, elə həmin UAK-ın da vitse-prezidenti olmuş Araz Ağalarovu. Və Siz az əvvəl Rusiyanın maraqlarından söz açdınız. İndiki durumda bu adamların, eləcə də digərlərinin həmin maraqlardan asılılıq dərəcəsini qiymətləndirməyinizi istərdik.

- Bilirsiniz, mətbuatda çox şeylər yazılır. Hətta müəyyən qüvvələr var ki, Rusiyada yaranmış təşkilatı Azərbaycanın daxilindəki  mənafelərin ziddiyyətləri müstəvisinə gətirirlər. Bu kimi fikirlər kökündən yanlışdır. Daxili faktorları tam inkar edirəm. Ölkədə xalqın Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi dəstəklədiyini qəbul etməyən heç bir real qüvvə yoxdur. Bütün qüvvələr məhz dövlət başçısının ətrafında sıx birləşib və ona sadiqdirlər. Əksini gözləyənlər boş, absurd şeylərə vaxtlarını sərf etməsələr yaxşıdır. Çünki müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və inkişafında kimlərin hansı xidmətləri göstərdikləri göz önündədir və heç kəsin əməyi danıla bilməz. Buna görə də guya daxildə nifaq varmış görüntüsü yaratmağa cəhd göstərənlərin nəyəsə nail olmaları qeyri-mümkündür.

İkincisi, birbaşa siz deyən məqama gəlirəm. Bəli, Rusiyanın belə deyək, öndə gedən azərbaycanlılarının ölkədəki hakimiyyətin marağına məhəl qoymayaraq fəaliyyət göstərmələri sadəcə mümkünsüzdür. Bu gün üzdə olan hər bir biznesmen dövlətin belə demək mümkünsə, sevgisi ilə yaranıb, ortaya çıxıb. Reallıqlar başqa variant üçün yer qoymur. Baxın, bir vaxtlar iş adamı olan Mixail Xodorkovski Kommunist Partiyası ilə əməkdaşlıq etmək, özünün siyasi partiyasını yaratmaq istəmişdi, bu gün həbsxanadadır. Daha bir parlaq sima Boris Berezovski vaxtilə mütəşəkkilikdən danışırdı, hazırda mühacirət həyatı sürmək məcburiyyətindədir. Hamı bunu görür və «yox» deyə bilmir.

Vahid Ələkbərova üç dəfə məktub göndərmişəm …adi münasibət belə bildirməyib

- Təsvir etdiyiniz durum həqiqətən də mürəkkəbdir. Ancaq məsələnin başqa bir istiqamətinə də diqqət çəkmək istərdim. Demək olarmı ki, Rusiyada bir növ, əleyhimizə olan reallıqların formalaşmasında müəyyən mənada günahkar elə özümüzük. Bir qədər əvvəl sadaladıqlarınızda da bu məqama diqqət yetirdim. İşlərin düzgün qurulmadığını vurğulayırdınız. Sizcə, işlər düzgün qurulsaydı, bizi hansı perspektiv gözləyərdi və ya işlərin düzgün qurulması dedikdə nələri nəzərdə tutursunuz?

- Tam əminliklə deyirəm ki, işlər düzgün qurulsaydı, biz azərbaycanlılar nəinki güclü qüvvəyə çevrilə bilərdik, hətta çevrilməli idik də.

- Nəzərə alaq ki, iqtisadilik baxımından azərbaycanlılar heç də zəif faktor deyillər…

- Məsələyə aydınlıq gətirməyə çalışacam. Azərbaycanlılar Rusiyada mühüm, amma dağınıq faktordur. Orada məsələn, yəhudi amili kifayət qədər güclü təsirə malikdir. Alman təsirini yaddan çıxarmaq olmaz. Ukraynalılar, elə bədnam qonşularımız olan ermənilər, hamısı ölkə həyatında vacib mövqe sahibidirlər. Sadə bir məsələyə diqqət yetirək: azərbaycanlı gənclərin işə düzəlməsi həmişə problematik səciyyə daşıyıb. Amma sadaladığım millətlər belə bir vəziyyətin diskonfortunu heç vaxt yaşamayıblar. Çünki güclü diaspor fəaliyyətinə malik olublar. Diaspor təşkilatı olduqca böyük təsir vasitəsidir. Hətta ən sərt hakimiyyətlər də bu təsirdən belə demək mümkünsə, sığortalanmayıblar.

Yenə də əvvəldə bildirdiyim məqama qayıdıram ki, diaspor quruculuğu sahəsində inamlı addımlar atılsa da, nəyəsə görə bu işlər məntiqi davamını tapmırdı. Əgər tapsaydı və azərbaycanlılar Rusiya hakimiyyətinə təsir göstərə bilcək qüvvəyə çevrilsəydilər, bir çox beynəlxalq məsələlərdə heç olmasa, rəsmi Moskvanın neytrallığına qazana bilərdik. Düşünürəm ki, böyük şanslar dəyərləndirilməyib və bu gün ziyan çəkirik.

Rusiyanın müxtəlif bölgələrində soydaşlarımızın qurduqları xırda təşkilatlar fədakarlıqla çalışırlar, əslində çox böyük işlər gerçəkləşdirirlər. Kiçik Azərbaycan forumunun təmsilçiləri olaraq bizlər Novosibirskdə haqqı tapdanmış azərbaycanlıların hüquqlarını bərpa edə, problemləri aradan qaldıra bilirik. Arxamızda ÜAK kimi sanballı təşkilatlar dayansaydı, nələr etməzdik ki? 4 il ərzində həmin quruma 75 dəfə dəvətnamə göndərib forumun tədbirlərinə çağırmışam, reaksiya verməyiblər. Bu gün «Milyarderlər ittifaqı»nda təmsil olunan Vahid Ələkbərova üç dəfə məktub göndərmişəm. Təşkilatımızın azərbaycançılıqla əlaqədar genişmiqyaslı tədbirlərində iştirakını istəmişəm. Adi münasibət belə bildirməyib. Əməyimizi dövlət başçımız gördü və dəyərləndirdi. Çünki Azərbaycan üçün çalışırdıq. Niyə cənab Ələkbərov fəaliyyətimizə dəstək vermədi. İndi RATİ-yə guya ümdə maraqlarımızın müdafiəçisi qismində qatılıb. Onların heç birinin səmimiyyətinə inanmıram.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə