Kəbirənin gecələri… (BAXIŞ)

Elçin MİRZƏBƏYLİ

Yəqin ki, anladınız, yazının başlığı məşhur italyan rejissoru Federiko Fellininin «Kabiryanın gecələri» filmini xatırladır. Çox güman ki, çoxunuz dünyanın az qala bütün kinofestivallarının mükafatını qazanmış bu səmimi, təkrarsız insanlıq dramını — Federiko Fellini möcüzəsini izləyə bilmisiniz. Əgər izləmisinizsə o zaman ağlınızdan keçən ilk sual filmin adının nə üçün məhz «Kəbirənin gecələri» kimi təqdim edilməsilə bağlı olacaq, şübhəsiz. Əslinə bu yazıda söhbət Fellininin Kabiryasından yox, «Binə» Ticarət Mərkəzinin Kəbirəsindən gedir… O Kəbirədən ki, onun birbaşa rəhbərlik etdiyi və məkanı dəyişsə də mahiyyətini olduğu kimi qoruyub saxlayan ticarət mərkəzi ətrafında uzun illərdir ki, söz-söhbət səngimir. Mətbuat yazır, telekanallar göstərir, dedi-qodular, şaiyələr ölkə boyu dövriyyə vurur… Və belə bir təəssürat yaranır ki, bu ölkədə çox şey dəyişə bilər, Kəbirədən və onun «Binə» ticarət mərkəzində yaratdığı reallıqlardan başqa…

Yazıya «Kəbirənin gecələri» adını isə sadəcə «Kabiryanın gecələri» filmini xatırlatdığına görə verməmişəm. Fellininin Kabiryası ilə «Binə» ticarət mərkəzinin Kəbirəsi arasında hansısa birbaşa paralellər aparmaq niyyətində də deyiləm.

…Fellini öz filmi ilə ilk baxışda hər kəsin «əxlaqsız qadın» damğası vurduğu yüngül həyat tərzi sürən Kabiriyanın faişəliyə bürünmüş məsumluğunu bütün çalarları ilə ortalığa çıxarmağı və ən mühafizəkar tamaşaçını belə buna inandırmağı bacarmışdı…

Fellini «Kabiriyanın gecələri»ylə saxta dəyərlərin mühafizə təbəqəsinə bürünmüş, mənəvi fahişəliyini yalnız başqaları sezməsin deyə qara pərdələr arxasında gizlətməyə çalışan, qondarma və görüntü xarakterli tabuların cərrah bıçağıyla qazanılmış bakirəliyini göz önündə sərgiləmək üçün dəridən-qabıqdan çıxan cəmiyyətlərə meydan oxudu və faişəliyə bürünmüş məsumluğun məsumluğa bürünmüş faişəlikdən daha dürüst, daha əxlaqlı, daha səmimi olduğunu sübuta yetirə bildi…

1950-60-cı illərin Avropası Federiko Fellininin, İnqmar Berqmanın filmlərinin içərisindən keçərək silkələndiyi və bu filmlərin aşıladığı həyat həqiqətlərini dərk edə bildiyi üçün saxta dəyərlərdən, qondarma tabulardan imtina edən, faişəliyin məsumluq pərdəsini yırtan, olduğu kimi görünməyi bacaran, saxtakarlıqdan uzaq və dürüst bir cəmiyyət formalaşdırmağı bacardı…

Bütün bunlar olduqca sərt və olduqca amansız ifadə olunmuş kimi görünə bilər, amma həqiqətdi. Bizim hələ də görmədiyimiz, yaxud görmək istəmədiyimiz həqiqət…

Məsumluq arxasında gizlənmiş saxtakarlıq, qara pərdələrə bürünmüş iblisanə ehtiras, mal-mülk hərisliyi, başqalarının əməyini, haqqını mənimsəmək, yüzlərlə insanın həyatını zəhərləmək, düzənini pozmaq, rahatlığını, firavanlığını, dürüst yaşamaq, olduğu kimi görünmək imkanlarını oğurlamaq… və bütün bunlardan sonra əxlaqlı görünmək… və başqalarını sənin əxlaqlı olduğunu deməyə məcbur etmək… Nədir əxlaq və nədir əxlaqsızlıq? Ədalətsiz cəmiyyətdə əxlaq olurmu? Əxlaqsız cəmiyyətdə necə ədalət axtarışına çıxmağa dəyərmi?

Əslində həqiqət bu müqayisənin olmadığı yerdədir… Çünki ədalətli cəmiyyət əxlaqlı, əxlaqlı cəmiyyət isə ədalətli olur, zatən..

…Mətləbdən uzaqlaşdım bir az, üzürlü sayın. «Kabiriyanın gecələri» və «Binə» Ticarət Mərkəzinin Kəbirəsi haqqında yazmaq istəyirdim, deyəsən.

1950-60-cı illər Avropasının qəhrəmanı İtaliya və dünya kinomatoqrafının nadir incilərindən biri olan «Kabiriyanın gecələri» filminin baş personajı — hər addımda aldadıldığına baxmayaraq məsumluğunu, insanlığını itirməyən, öz təbiiliyi ilə saxta burjua romantikasının gözünün içinə tüpürən Kabiriya idi…

Bizim qəhrəmanımız isə Kəbirədir! Kimsənin haqqını tanımayan, barmağı ilə qorxuqarışıq nifrətə bürünmüş gözlərə meydan oxuyan, hikkəsi ilə göyü yumruqlayan Kəbirə…

Biz öz yaratdığımız «təpəgöz»lərin girovuna çevrilmişik.

O göz bizi izləyir… İş otağımızda, evimizdə, duş qəbul etdiyimiz zaman, ayaqyolunda, hər addımda, hər yerdə…

…O göz bizim içimizdədir.

Yazı xalqcebhesi.az saytından götürülüb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə