«Abbas Abbasov kimi adamın…» (MÜSAHİBƏ)

Rusiyada, xüsusən də Moskvada yaşayan azərbaycanlıların aktivliyi nəzərə çarpır. Bu, Azərbaycanın daxili siyasi proseslərinə bir növ, təkan kimi özünü göstərir. Mövcud mənada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un V qurultayının doğurduğu effekti vurğulamaq mümkündür. Məsələ ilə bağlı 168.az-ın həmsöhbəti uzun illərdir Rusiyada diaspor fəaliyyəti həyata keçirən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun prezidenti, yazıçı-publisist və ictimai xadim Mirkazım Seyidovdur.

- «Azərros»un qurultayına ilk növbədə Rusiyada baş verən hadisə kimi yanaşmaq lazımdır. Təbii, məclis müxtəlif siyasi ekspertlər tərəfindən də fərqli qiymətləndirilə bilər və bunun üçün tutarlı əsaslar nəzərə çarpır. İş burasındadır ki, qurumun yüksək səviyyədə qurultay keçirməsi heç də Rusiyada yaşayan azərbaycanlıların, onların diaspor təşkilatlarının fəallığı kimi dəyərləndirilmir. Halbuki həqiqi aktivliyə, Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə anlamında qavranılmayacaq fəallığa həmişə böyük ehtiyac duyulub. Təəssüfləndirici haldır ki, indiyədək «AzərRos»un diaspor fəaliyyəti sahəsindəki tədbirlərinin qabardılmasına rast gəlinməyib. Əslində təşkilatın faydalılıq baxımından elə bir fərqli işi də olmayıb. Ona görə də qurumun hazırda haradasa özünün bəlli iş prinsiplərindən uzaqlaşdığı təəssüratı yaranır. Onun təmsilçiləri dəbdəbəli qurultay keçirib Azərbaycan daxilinə hesablanmış siyasi mesajlar verirlər. Nəzərə alaq ki, toplantı Moskvanın «Prezident» hotelində keçirildi. Həmin məkan Rusiya Prezidenti Administrasiyasının balansında olan yerdir. Məncə, bunun özü də bir çox mətləblərdən xəbər verir.

Digər bir məsələyə da diqqət yetirmək istərdim. Məlumdur ki, Rusiyada azərbaycanlıların bir mütəşəkkil təşkilatı mövcuddur - Ümumrusiya Azərbaycanlıları Konqresini nəzərdə tuturam. Qurum vaxtilə ümumiilli lider Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin xeyir-duası ilə yaranmışdı. Bu təşkilat monalit qüvvə olmalıydı. Rusiya azərbaycanlılarının problemlərinin aradan qaldırılmasında müstəsna rol oynamalıydı. Özünün strukturu, aydın məqsəd və məramı var idi. Təəssüf ki, böyük hesabla faydalılıq əmsalı gözə dəymədi. Sanki proseslər bir növ, ssenariləşdirildi. «AzərRos» var gücü ilə UAK-ı zəiflətməyə girişdi. Birincinin rəhbərləri öz təşkilatlarını lider mövqeyə qaldırmaq istədilər. Amma əslində bu mövqe parçalayıcı bir tərzdə özünü göstərdi. Əvvəlcə Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) yaradıldı. RATİ «AzərRos»un timsalında UAK-ın zəiflədilməsi planının tərkib hissəsinə çevrildi. Hazırkı proseslər isə məsələnin necə deyərlər, yetişdirildiyinin və ikincinin ön plana çıxarılması ssenarisinin məntiqi yekunudur.

Təbii ki, burada siyasi hesablamadan da söhbət gedir. 2013-cü il. Azərbaycanda prezident seçkisi. Ölkəmizin müstəqil kurs yeritməsi. Beynəlxalq siyasi müstəvidə Rusiyanın poseslərə daha operativ və yaxından müdaxilə etmək istəyi. Bütün bunlar Kremlin Azərbaycanla bağlı siyasətini qətiləşdirməliydi. Qətiləşmə isə özünü konkret tədbirlərdə göstərir. Məsələ nədədir - Rusiya dairələri Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar. Onu ənənəvi kursundan yayındırmaq niyyəti güdürlər.

Ümumən seçki dövründə xaricdən ölkəmizə təsir istəkləri həmişə baş qaldırır. Daxildəki müəyyən qruplaşmaları da hərəkətə gətirənlər tapılır. Yenə də deyirəm, bu meyl bütün seçki dövrləri üçün xarakterikdir. Sadəcə indi daha sistemli saydıqları işə girişiblər. Bir növ, fon yaradırlar. Bəyanatlar verirlər, qurultay, tədbirlər keçirirlər və sair. Rusiyada yaşayan azərbaycanlıların mənafeyinə xidmət etməkdənsə, daha çox ölkəmizin daxilindəki siyasi proseslərə təsir göstərmək istəyirlər. Əlbəttə, bu, yolverilməzdir. İstər Azərbaycan ictimaiyyəti, istərsə də Rusiya azərbaycanlılarının əhəmiyyətli kəsiminin məsələyə qol qoyması mümkünsüzdür. Diqqət yetirək, qurultay deyirlər, Rusiyada azərbaycanlıların çoxlu sayda diaspor təşkilatları var. Onların nümayəndələrini tədbirə heç çağırmayıblar da.

- Mirkazım müəllim, ortada Abbas Abbasov faktoru var. O, uzun illər Azərbaycan hakimiyyətində yüksək vəzifə tutub. Əslində diqqət yetirsək, Söyük Sadıqov kimi şəxslərin loru deyək, haradasa oyuna gəlmələri mümkündür. Bu mənada Abbas Abbasovun rolu Azərbaycan hakimiyyətinə qarşı çıxan cinahda bir növ, tamamlayıcı mənzərə formalaşdırmırkı? Nəzərə alaq ki, bu adam Rüstəm İbrahimovun mövqeyi ilə razılaşdığını bəyan edib…

- Bu haradasa anlaşılmazlıqdır. Abbas Abbasov uzun illər baş nazirin müavini vəzifəsində çalışıb. İstər Azərbaycan, istərsə də Rusiya ictimaiyyəti onu yüksək dəyərləndirib. Heydər Əliyev məktəbini keçib. Eləcə də Heydər Əliyev siyasi kursunun davam etdirilməsində prezident İlham Əliyevin yaxın silahdaşı kimi iştirak edib. Ən azından yüksək komandada təmsil olunub. Buna görə də Abbas Abbasov kimi adamın müstəqilliyimizin təminatı olan ideologiyanın əksinə çıxacağına inanmaq çətindir. Onun Rüstəm İbrahimbəyovun səsləndirdiyi bütün fikirləri bölüşdüyünü söyləmək də qəliz və anlaşılmazdır. Çünki Abbas Abbasov Azərbaycan cəmiyyətini Rüstəm İbrahimbəyovdan daha yaxşı anlayır. Ölkəmizdəki mövqe və mənafeləri, ictimai-siyasi mühiti də düzgün qiymətləndirməyi bacarır. O dəqiq bilir ki, Azərbaycan xalqı prezidentini dəstəkləyir.

- Abbas Abbasov mətbuatda gedən sonuncu açıqlamasında bildirdi ki, əsas məsələ Azərbaycandakı ictimai-siyasi sabitliyin qorunmasıdır. Əlbəttə, siyasi hakimiyyətə iddialı olan hər bir normal qüvvə sabitlik faktorunu dəyərləndirməlidir. Çünki bu illər ərzində Azərbaycan regionda stabillik modeli statusunu qazanıb. Bunu danmaq mümkünsüzdür. Baxmayaraq ki, dananlar tapılır. Elə Moskvada toplaşanlardan da bu sayaq fikirlər eşidilir. Tutaq ki, Söyün Sadıqov. Bu adam kifayət qədər iddialı danışır və belə düşünməyə əsas var ki, öz məqsədi naminə hər cür dəyəri, o cümlədən sabitliyi də ayaqlamağa hazırdır. Yeri gəlmişkən, qurultayda Abbas Abbasovun sol tərəfində o əyləşmişdi. Ola bilməzdimi ki, Abbas Abbasov Söyük Sadıqovun yanında dayanmayaydı? Sizə elə gəlmirmi ki, Abbas Abbasovun əvvəlki mövqeyində dəyişiklik yaranıb?

- Əlbəttə, Azərbaycanda yaradılmış sabitlik çox böyük dəyərdir. Gəlin, diqqət yetirək, sabitliyin formalaşması və qorunmasının kökündə nə dayanır? Bu, ilk növbədə cəmiyyətin özünün ab-havasından asılıdır. Cəmiyyət ümumən ölkə iqtidarının siyasətini bəyənir, dəstəkləyir. Bu oturuşmuş durum heç də asanlıqla başa gəlməyib. İstərdim ki, hakimiyyətdə təmsil olunanların hər biri məsələni lazımınca dəyərləndirsin. Xalqa xidmət yolu tutmaqda davam etsin. Ayrı-ayrı məmurlar özbaşınalığa yol verməsinlər. Nəzərə alsınlar ki, onların əhali içərisində hər hansı mənfi reaksiya doğuracaq idarəçilik tərzi ölkədəki sabitliyə xələl gətirə bilər. Nəticədə hansısa kənar sui-istifadəçi qüvvələrin hərəkətə keçmələri mümkündür. Hərəkətin isə guya sabitliyi təmin etmək bəhanəsi ilə əsaslandırması siyasi gedişdir. Bu mənada müəyyən qüvvələrin «biz ölkədə sabitlikdə maraqlıyıq» kimi açıqlamalar verməsi də gündəmə gələ bilər. Əlbəttə, sabitliyi pozub, sonra onu bərqərar etmək siyasi vəzifədir və xalqın maraqlarına hesablanmayıb.

İkinci məqam Azərbaycan müxalifətidir. Daxili siyasi müxalifət ideoloji baxımdan sıfır vəziyyətindədir. İctimai rəyə heç bir təsiri yoxdur. Onun təmsilçiləri musiqilərini xaricdən gələn havaya uyğun kökləməyə sadəcə məcbur və məhkumdurlar. Elə az öncə haqqında söz açdığımız qurultayı götürək. Fikir verdinizsə, müxalifət mətbuatı onu necə bəzədi. Baxmayaraq ki, həmin Söyün Sadıqov bir müddət öncə müxalifət barədə aşağılayıcı tonda dillənmişdi.

Təəssüf ki, müxalifəti maraqlandıran hansı yolla olursa-olsun ölkənin xaosa sürüklənməsidir. İsmayıllı hadisəsinin təqdimat «üslubu» da bunu deməyə əsas verir. Xaricdəki havadarlarının bəyanatlarla dəstək verməsi isə belə demək mümkünsə, arzulanan xaosu sistemli hala gətirir. Keçirilən aksiyalar da məhz sistemli xaosun yaradılmasına hesablanıb. Hansısa möcüzəyə ümid edirlər. Xəyallarla yaşamaqdansa, Avropadan, Rusiyadan küləklərin əsəcəyinə dair yuxular görməkdənsə, öz səviyyələrini, polemika mədəniyyətlərini hələ Qərbin demirəm, Rusiyanın siyasi partiyalarının səviyyəsinə qaldırmağın qayğısına qalsınlar. O zaman cəmiyyət tərəfindən qəbul olunacaqlar. Bu, beş-altı adamı bir yerə yığmaq, insanların şəkillərini çəkib sosial şəbəkələrdə, saytlarda yerləşdirmək deyil, iş görülməlidir. Elə öz qəzetlərindən başlasınlar. Orada olandan-olmazdan yazıb doldururlar. İlk növbədə media qurumlarını demokratikləşdirsinlər. Onların media orqanları insanlar, ayrı-ayrı vəzifə sahibləri barədə yoxlanmamış, dəqiqləşdirilməmiş, şərəf və ləyaqəti aşağılayan fikirlər yazırlar. Ancaq qaralamaq yolu tuturlar. Bilirsiniz, qaradan başqa da rəng var. Tutalım, mən hansısa müxalifət qəzetini açıb oxuyuram. Nəşr başdan ayağa neqativ tərzdə yüklənibsə, istər-istəməz belə düşünə bilərəm ki, bu media orqanı yaxşı nə isə baş versə də, yazmayacaq. Vətəndaş bunu görür və təbii ki, ona inanmır. Baxın, «Azərbaycan» qəzetində yazılmış tənqid ictimai rəydə daha böyük reaksiya doğurur, nəinki «Azadlıq»da gedən yazı.

Əlbəttə, belə mübarizə üsulu birbaşa siyasi fəaliyyətə də öz təsirini göstərir. İndii guya vahid namizəd müəyyənləşdirmək istəyirlər. Hələ də onu çıxarıb ortaya qoya bilmirlər. Ölkə vətəndaşları bu cəhəti də yaxşı görür və lazımi nəticə çıxarırlar. Bir namizəd müəyyənləşdirməkdə çətinlik çəkən qruplaşmaya xalq necə etibar etsin? Xalq tərəddüdləri sevmir.

- Rüstəm İbrahimbəyovun üzərində dayanmaq istərdik. Məlum olduğu kimi, «AzərRos»un qurultayında o da iştirak etmişdi. Nəzərə alsaq ki, rusiyadakıların ölkəmizdəki müxalifətə münasibəti yaxşı deyil. İbrahimbəyov isə həmin müxalifəti özünə dayaq seçir, məsələni sizcə, necə anlayaq?

- Rüstəm İbrahimbəyov bir növ, əlaqələndiricidir. Məsələ ondadır ki, Rusiyanın marağını ödəmək üçün təlimatlandırılmış deyək ki, «AzərRos» və ya RATİ var. Onlar öz istəklərini yerinə yetirmək naminə birbaşa Azərbaycandakı ənənəvi radikal müxalifət partiyalarına güvənə bilməzlər. Bu, nəticəsiz alınar. Çünki müxalifətin ictimaiyyət içərisində dayağı yoxdur. Ona görə də ayrıca qüvvə olaraq müəyyən nüfuz sahibi olan şəxslərin üzərində hərəkət etmələri daha məqbuldur. Rüstəm İbrahimbəyov da həmin məqbul variantdır. Filmləri ilə tanınıb. Ziyalı kim müəyyən hörmətə də malikdir. Amma bu adamın hərəkətləri ziyalılıqdan çıxır. Söyün Sadıqov kimi bazar tipajının məclisində olmaq ümumən ziyalı adını daşıyan şəxsə yaraşan hal deyil. Deməli, məsələ aydındır - İbrahimbəyov Moskvadan ölkəni destabilləşdirmə direktivlərini alır. İcra vəzifəsi isə yerli müxalifətin üzərinə qoyulur. Müxalifətin marağı da ona hesablanır ki, sabah vəziyyət dəyişsə, hansısa formada hakimiyyətdə təmsil olunsun. Zavallılar ayrı nəyə ümid edə bilərlər ki? Ümidlər özünü doğrultmasa, yenidən Qərbə sığınacaqlar. Onsuz indi də sığınmaqda davam edirlər.

Əlbəttə, Rusiya müxtəlif vaxtlarda Azərbaycana hər cür təsirlər göstərməyə çalışıb. Elə götürək, Dağlıq Qarabağ münaqişəsini və Xəzərin hüquqi statusu məsələsini. Zaman-zaman onların hər ikisi daha tutarlı təzyiq vasitələri idi. Hazırda Azərbaycanın konfliktlə bağlı beynəlxalq mövqelərinin möhkəmlənməsi Ermənistan vasitəsilə göstərilən təsir cəhdlərini heçə endirir. Eyni zamanda Xəzərin hüquqi statusunda da ardıcıl həyata keçirilən prinsipial mövqe mövcuddur. Buna görə də Kreml dairələri Rusiya azərbaycanlıları faktoruna, onların köməyilə isə birbaşa olmasa da, dolayısıyla daxili müxalifətə üz tuturlar. Müxalifətin rolu vəziyyəti mümkün qədər qarışdırmaqdır. Bir daha deyim, davamlı aksiyalar da bu mühitin formalaşdırılmasına yönəlib. Əlbəttə, qarışıqlıqda maraqlı olan təkcə Rusiya deyil. Qərbdə də müəyyən çevrələr ciddi cəhdlə çalışırlar. Hətta deyərdim ki, qarşıda hadisələrin Azərbaycana təsir savaşı müstəvisinə keçməsi də mümkündür. Rusiya istəyər ki, Qərbdə Azərbaycandakı investisiya mühitinin təhlükə olduğuna dair təəssürat yaransın. Əlbəttə, zaman keçdikcə konkret maraqlar tam açıqlığı ilə üzə çıxacaq. Amma Azərbaycan xalqı sınaqlardan çıxmış xalqdır. Kimin kim olduğunu çox yaxşı anlayır.

- Bir məsələyə də münasibət bildirmənizi istərdik. Məlumdur ki, Abbas Abbasov «AzərRos»un Ağsaqqallar Şurasının rəhbəri seçildi. Belə düşünülə bilərdi ki, o, qurumun prezidenti olacaq. Faktiki olaraq orada səviyyə və səriştə baxımından Abbas Abbasova çatan ikinci şəxs yoxdur…

- Məsələ aydındır. Burada ikili gediş var. Əvvəla, ağsaqqal sözü ilə manipulyasiyadan danışaq. Abbas Abbasov ağsaqqal kimi təqdim olunur ki, çox güman, bu da onun yüksək qəbul edildiyini göstərməyə hesablanmış gedişdir. Əslində isə məsələdə etimadsızlıq mövcuddur. Çox güman, cənab Abbasovun uzun illər Azərbaycan hakimiyyətində təmsil olunmasından ehtiyatlanıblar. Sabah zərurət yarandığı təqdirdə, yəni Abbasov faktoru özünü doğrultmasa, «AzərRos»un prezidenti dövriyyəyə girəcək. Ağsaqqallar Şurasının sədri isə kənara çəkiləcək. Böyük ehtimalla, hadisələrin müxtəlif gedişatını planlaşdıranlar var.

Bir məqamı da deyim. Abbas Abbasov kifayət qədər özünü təsdiqləmiş fiqurdur. O deyək ki, Söyün Sadıqovun tanındığı kluarlardan daha böyük çevrədə qəbul edilən şəxsdir. İstər Rusiyada, istərsə də Azərbaycanda xeyli nüfuza malikdir. Söyün Sadıqovun işi-gücü UAK-la mübarizə aparmaq olub. Halbuki bir diaspor təşkilatı rəhbəri kimi Rusiyada yaşayan, təhsil alan azərbaycanlıların məişət qayğılarının aradan qaldırılmasına, onların işlə təmin olunmalarına köməklik göstərməli, ümumən diaspor fəaliyyətini lobbiçiliyə doğru daşımalıydı. Təəssüf ki, bu yöndə əsaslı, məqsədyönlü iş görməyib. Sayımızın nə qədər çox olmasına baxmayaraq, azərbaycanlılar Rusiya ictimai həyatına təsir göstərən monalit qüvvəyə çevrilməyiblər.

Abbas Abbasov isə Heydər Əliyev siyasi məktəbindən dərs almış adamdır. İllər ərzində ümummilli liderin quruculuq strategiyasının öyrənmiş və həyata keçirilməsində rola malik şəxsdir. Təsadüfi deyil ki, bu məqam Rusiya dövləti rəsmisinin qurultaydakı çıxışında da vurğulandı. Abbasovun cənab prezident İlham Əliyevlə də eyni komandada işlədiyi önə çəkildi. Zənnimcə, bu, danılmaz reallıqların etirafıdır. Eyni zamanda yüksək dəyərdir. Bu dəyər hansısa siyasi məqsədlərə, maddi maraqlara və mənfəətlərə qurban verilməməlidir. Düşünərəm ki, Abbas Abbasov da bunu bilməmiş deyil.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə