Rusların Kipr sevgisi (KÖŞƏ)

Zahid ORUC, Milli Məclisin deputatı

Avropada hər kəsdə qəti bir qənaət formalaşıb: rusların Qərbə çıxışının qarşısını almaq mümkün deyildir. Yüz Maqnitski qanunu qəbul eləsələr də, rus oliqarxıyasının pulları qarşısında heç bir şəffaf sistem sona qədər tab gətirmir.

Budur yunan Kipri İtaliya, Bolqarıstan kimi rusların “Troya atı”na çevrilib. İki ölkə arasında əlaqələr nə türk amilinə, nə də Rusiyanın geopolitik maraqlarına bağlı deyil, sırf iqtisadi və ofşor fəaliyyətin mənafelərinə tabe etdirilib.

Bəzi məlumatlara görə, rus kapitalının Kiprdəki miqdarı 35 milyard dollara yaxındır ki, bu da kiçik bir ada əhalisinin həyatında önəmli rol oynayır. Əksər çirkli pulların yuyularaq sonradan Rusiyaya “təmiz” qayıtması elə geniş vüsət alıb ki, hər iki dövlət guya ucuz vergi siyasəti bəhanəsi ilə sözügedən gizli sövdələşmələri stimullaşdırmaqla məşğuldur.Belə addımlar sayəsində çoxları hesab edir ki, Kipr yunanlardan daha çox Rusiyanın hər hansı quberniyasıdır, hələ bir az da artıq. Çünki Putin öz əyalətlərinə belə qayğını sərgiləmir.

Xatırladaq ki, yunanlar tərəfdaş ölkələrdən fərqli olaraq xarici investisiyalı iqtisadi fəaliyyətə cəmi 10 faizlik vergi tətbiq etmişdir.

Bəs Şimali Kiprlə məlum referendum vasitəsilə yollarını tam ayıran və Avropa Birliyinə üzvlüyə qəbul olunan bu ölkənin ruslarla dərin izdivacı Qərbin hiddəti ilə yanaşı, hər hansı maliyyə sanksiyasına səbəb ola bilərmi? Məsələ ondadır ki, Kiprin dəfələrlə iqtisadi yardım üçün müraciətinə rədd cavabı alması məhz bunula əlaqələndirilir. Çünki bir neçə ölkə açıq şəkildə bəyan edir ki, rusların kiprlilərə “ sevgi”sindən Avropa çox ziyan çəkir.

Lakin şübhə yoxdur ki, yunanların yaşadıqları məlum böhran fonunda onların ruslara ehtiyacını sadəcə Avropa qısqanclığı ilə dayandırmaq mümkün olmayacaq. Bir də ki, kiprlilər bilir ki, rus pullarından imtinaya Britaniya kimi nəhəng ölkə qadir olmayıbsa, əhalisi 1 milyona çatmayan dövlətin bundan uzaq durması ölümə bərabər olardı.

Yunanlar yaxşı bilir ki, pulu kimin xərcləməsindən asılı olmayaraq, əsas ondan Bernankenin çap maşınının iyisinin gəlməyidir.

Yazı millət vəkili Zahid Orucun "facebook" səhifəsindən götürülüb

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə