Yaşamağa məhkum edilsin! (CƏZA)

Elçin Mirzəbəyli

İctimai TV-də Əkrəm Əylisli ilə bağlı keçirilən debatda erməni yazıçı-publisisti Vardqes Petrosyandan söz açmışdım.

Ermənistan və SSRİ Ali Sovetinin deputatı, Ermənistan Mədəniyyət Fondunun sədri, «Yerkir Hairi» qəzetinin baş redaktoru olan Vardqes Petrosyanın Ermənistan və Azərbaycan xalqını sülhə çağırdığına görə 1994-cü il aprelin 15-də, İrəvanın mərkəzində yerləşən evinin qarşısında, alnına bir neçə güllə vurularaq qətlə yetirildiyini demişdim…

Debatdan bir neçə gün sonra «Azadlıq» radiosunun saytında «Ermənistanın Əkrəm Əylislisi. Onun kitabını niyə yandırmışdılar?» adlı məqalə yayımlandı. Vardqes Petrosyanın əsərlərinin hansı səbəblərdən yandırıldığına aydınlıq gətirmək niyyəti güdən bir məqalə… Amma ilk baxışdan!

Çünki bu yazının əsil mahiyyəti sonuncu 2 cümlədə ortaya çıxır: «Yazıçını 1994-cü ildə evinin blokunda yaxın məsafədən açılan atəşlə öldürüblər. Deyilənə görə, ailə-məişət məsələsi olub».

Göründüyü kimi, «Azadlıq» radiosunun Azərbaycan redaksiyasının internet saytında Vardqes Petrosyanın ölümünün səbəbi tamamilə fərqli bir müstəviyə çəkilir. Hətta erməni mənbələri belə bu məsələdə adıçəkilən radionun Azərbaycan vətəndaşı olan yönəticiləri qədər təəssübkeşlik nümayiş etdirmirlər.

Bir qətlin tarixçəsi

Vardqes Petrosyanın əsərlərinin nə üçün yandırılması ilə bağlı məsələyə bir qədər sonra qayıdacağam.

Amma öncə erməni yazıçı-publisistinin qətlini stimullaşdıran səbəblərə aydınlıq gətirmək niyyətindəyəm.

Yazının əvvəlində qeyd etdiyim kimi, Vardaqes Petrosyan yazıçı-publisist, qəzet baş redaktoru və fond rəhbəri olmaqla yanaşı, həm də Ermənistan və SSRİ ali sovetlərinin deputatı kimi fəal ictimai-siyasi fəaliyyətlə məşğul olurdu.

Həmin dövrdə Mixail Qorbaçovun təşəbbüsü ilə SSRİ Ali Sovetinin Azərbaycandan və Ermənistandan olan deputatları arasında Dağlıq Qarabağla bağlı debatlar təşkil olunurdu.

Vardqes Petrosyanın ölümündən bir neçə ay sonra «Drujba narodov» jurnalında yayımlanmış məqalələrdən birində erməni yazıçı-publisistinin iştirak etdiyi sonuncu debatdan danışılır. Jurnalın yazdığına görə, 1989-cu ilin əvvəlində (konkret tarix göstərilməyib) keçirilən debatda Vardqes Petrosyana azərbaycanlı yazıçı Mirzə İbrahimov opponentlik edib. Müzakirələrdə Mirzə İbrahimov üstünlüyü ələ alıb və onun arqumentli hücumları qarşısında aciz duruma düşən Vardqes Petrosyan baş verənlərlə bağlı bəzi obyektiv fikirlər səsləndirmək məcburiyyətində qalıb. Debatdan bir gün sonra «Drujba narodov» jurnalından Petrosyana zəng açaraq onu redaksiyaya dəvət ediblər (Xatırladım ki, həm Mirzə İbrahimov, həm də Vardqes Petrosyan həmin dövrdə «Drujba narodov» jurnalının redaksiya heyətinin üzvləri olublar). Erməni yazıçı isə debatdan sonra ona qarşı ciddi təzyiqlərin olduğunu, bu səbəbdən də özünü yaxşı hiss etmədiyini və redaksiyaya gələ bilməyəcəyini deyib. Vardqes Petrosyan İrəvana qayıtdıqdan qısa müddət sonra «Drujba Harodov» jurnalının kollektivi onun öz evinin qarşısında peşəkar qatil tərəfindən qətlə yetirildiyi barədə məlumat alıblar…

Baş verənlər bununla yekunlaşmayıb. Vardqes Petrosyanın mənzili qarət olunub və yandırılıb, həyat yoldaşı total təzyiqlərin qarşısında davam gətirməyərək intihar edib, oğlu isə ölkədən qaçıb…

Amma Əkrəm…

…Vardqes Petrosyan Əkrəm Əylislidən fərqli olaraq, öz xalqını aşağılamamışdı, əksinə tarixi erməni yalanlarını daha inandırıcı şəkildə, nisbətən yumşaq ifadə etməyə çalışmışdı. Amma Əkrəm…

Əkrəm Əylislinin «Daş yuxular»ını nə Vardqes Petrosyanın dilucu etirafları, nə də müəllifi olduğu «Ad günündə boş stullar» romanı ilə müqayisə etmək mümkün deyil…

«Ad günündə boş stullar»

İndi daha öncə vəd etdiyim kimi qayıdaq «Azadlıq» radiosunun internet səhifəsində yayımlanmış «Ermənistanın Əkrəm Əylislisi. Onun kitabını niyə yandırmışdılar?» başlıqlı yazıya və Vardqes Petrosyanın «Ad günündə boş stullar» romanına…

İqtibas:

«80-ci illərin sonunda — Qarabağ qovğasının başlanmasına lap az qalmış İrəvanın mərkəzi meydanında tələbələr bir erməni yazıçısının kitabını yandırmışdılar. Kitabın adı beləydi: «Ad günündə boş stullar». Qarabağ məsələsi ilə birbaşa bağlı olmasa da, o zaman yetərincə tanınan, Ermənistan SSR Ali Sovetinin deputatı olan 55 yaşlı yazıçı Vardqes Petrosyanın bu romanı millətçiləri çox qəzəbləndirmişdi.

İlk baxışdan qəribə görünə bilər. Çünki romanda 1915-ci ildə Türkiyədə baş verən hadisələr «erməni qırğını» kimi təsvir edilir, erməni uşaqları öldürülür, qadınları zorlanır, erməni evləri talan edilir. Bəs görəsən, Petrosyanın «günahı» nə idi? Son romanı ilə bərabər tonqallara onun əvvəlki kitablarının da yüzlərlə nüsxəsi atılırdı.

Zori Balayan, Silva Kaputikyan və başqa şovinist yazıçılar Vardqes Petrosyanı bu romana görə Ermənistan Yazıçılar İttifaqının İdarə Heyətindən də, Ermənistan Mədəniyyət Fondunun rəhbəri vəzifəsindən də istefa verməyə məcbur etmişdilər. …Romandan çıxarılacaq nəticə bu idi: erməni xalqı 1915-ci il hadisələrini unutmamalı, amma həmin hadisələrə görə yeni nəsilləri nifrət ruhunda böyütməməli, baş vermiş faciəyə onilliklərlə ağlamamalı, həmin hadisələri türklərlə müzakirə etməli, onlarla barışmalı, erməni diasporu isə iki ölkə arasına girməməlidir».

…Göründüyü kimi, Vardqes Petrosyan öz romanında soyqırım haqqında qondarma erməni iddialarını inkar etməyib, ermənilərin Osmanlı dövlətinə qarşı xəyanətlərindən də yazmayıb, sadəcə öz millətinin xilası üçün daha soyuqqanlı düşünməyə çalışıb. Erməniləri öz yalanlarını unutmamağa və barışa çağırıb. Yəni demək istəyib ki, düşmənini tanı, amma hər tərəfdən əhatə olunduğun Türkiyə və Azərbaycan türkləri ilə yanaşı yaşamaq məcburiyyətində olduğunu da anla! Vəssalam…

Əkrəm isə Azərbaycan xalqını haqlıykən haqsız çıxarmağa, günahsız bir toplumun üzərinə çamur atmağa, tarixi həqiqətlərin üzərinə erməni yalanından örtük salmağa cəhd göstərib…

Vardqes Petrosyanı öz xalqına məhz onun mənafeyinə xidmət edən bir yol göstərdiyi üçün güllələdilər, qatili isə bu günədək də tapılmayıb. Beynəlxalq təşkilatların, gecə-gündüz demokratiyadan, ifadə azadlığından dəm vuran dövlətlərin erməni yazıçısının qətli ilə bağlı susqunluğu hələ də davam edir. Vardqes Petrosyanın qətli unudulub və unutdurulub…

P.S. Əkrəm Əylislinin ən böyük cəzası onu xalqın qınağı və lənəti ilə yaşamağa məhkum etməkdir.

Unutmayın…

www.xalqcebhesi.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə