O, Federiko Fellinini sevir... (MÜSAHİBƏ)

Professional Kinoaktyorlar Gildiyasının sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq kafedrasının dosenti, xalq artisti Həmidə Ömərova ilə müsahibəni təqdim edirik.

- Mən artıq 2 ildi ki, Şəki televiziyasında “Kanal S”-də müqavilə əsasında işləyirəm. Orada “Kanal S Sinema” adlı veriliş aparıram. Həm xarici ölkə, həm Azərbaycan filmlərini əhatə edən maraqlı proqramdır. Məsələn, özüm də çəkildiyim rejissor Tofiq Tağızadənin “Babamızın babasının babası” filmi haqqında veriliş hazırlanır. Biz çəkiliş qrupu ilə Şəkinin Oxud kəndinə getdik. Film həmin kənddə çəkilib və mən düz 30 il idi ki, orada olmamışdım. Həmin o evi tapdıq. Ev heç dəyişməyib, amma sahibləri bir qədər yaşlanıb. Onlardan müsahibə götürdüm, bir sözlə nostalji hisslər yaşadım. Yaxud da rejissor Eldar Quliyevin “Babək” filmini çəkildiyi Naxçıvandan birbaşa reportaj hazırlayıb tamaşaçılarımıza təqdim etdik. Regiondakı fəaliyyətim çox ürəyimcədi. 2-3 aydan bir Bakı mühitindən, gündəlik məişət qayğılarından uzaqlaşıram. Şəki televiziyasının rəhbəri Rəşad Məmmədov çox təcrübəli, peşəkar insandı və eləcə də oranın kollektivi mənə olduqca doğmadı. Sonra Tovuza yola düşdüm. Oranın da televiziyasında 3 verilişdə canlı yayımda çıxış etdim. Tovuz səfərimin səbəbi “Dəli Kür” filmi ilə bağlı idi. Bundan savayı mənim qohumlarım var Qazaxda, Tovuzda. Əmimlə, qardaşımla görüşdüm, gəldim.

- Ötən il müsahibəmiz zamanı rejissor Ayaz Salayevin filmində çəkildiyinizi qeyd etmişdiniz. Amma hələ də sözügedən ekran işini izləyə bilməmişik. Film niyə belə gecikir?

- Hə, mənim o filmdə çox kiçik epizodik rolum var- bir kişini boğuram. Bir neçə gün öncə Ayaz müəllimlə söhbət edəndə bildirdi ki, filmin artıq titrləri hazırlanır, film səsləndirilib. Bir sözlə, demək olar ki, film baxışa hazırdır. Yaxın zamanlarda yəqin premyerası olacaq.

- Ümumiyyətlə, həmişə təcrübəli rejissorlarla işləyirsiniz? 

- Nicat Qafuroğlunun “Ultionis” filminin premyerası oldu. Nicat çox istedadlı gənc rejissordur. Şəxsən mən orada oynadığım obrazdan və rejissorun aktyorlarla işləmək bacarığından razı qaldım. Düzdü, həmişə demişəm ki, sənətkar öz işindən müsbət danışanda inkişafdan qalır. Amma hələ təcrübəmdə belə obraz olmamışdı. Kənardan baxanda nəticə qane edir. Çünki tamaşaçı da məni belə bir obrazda görməmişdi. “Ultionis” filmi psixoloji triller janrındadır. Mən isə filmdə müsbət olmasa da, faciəli qadını canlandırıram. Əlbəttə, filmə birmənalı yanaşmaq olmaz. Amma ətrafımdakı insanlar “Ultionis” haqqında xoş sözlər deyirlər. 

- Bilavasitə kino sahəsində istedadlı gənclərimizin üzə çıxarılması istiqamətində hansı işlər görülür?   

- Hal-hazırda Azərbaycan kinosunda güclü inkişaf var. İnkişaf prosesi davam etməkdədir və bu, hamı kimi məni də sevindirir. İstedadlı gənclərimiz çoxdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Sənətşünaslıq fakültəsində dosent vəzifəsində çalışıram. Bu illər ərzində nə qədər tələbələrim olub. Onların hər biri də filmlərə çəkilmək, film çəkmək arzusundadırlar. Çox sevindirici haldır ki, o gənclər hökumətimiz tərəfindən də dəstəklənir. Hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ən yaxşı ssenari, ən yaxşı qısametrajlı film  müsabiqələri keçirilir. Tələbə filmləri festivalları da gənclərə göstərilən diqqətin, qayğının bariz nümunələrindəndir. Bütün bunlar təbii istedadlı gəncləri üzə çıxarmağa kömək edir.

-  Professional Kinoaktyorlar Gildiyasında hansı yeniliklər var?

- Təəssüf ki, son vaxtlar fəaliyyətimiz bir qədər qənaətbəxş deyil. Hazırda yeni layihə üzərində işləyirik. Bütün aktyorlar adından ərsəyə gələcək filmimizi  aktyor Yaşar Nuriyevə həsr edəcəyik. İnşallah, vaxt tapıb bu işin də öhdəsindən gələcəyik.

- Artıq yaxın günlərdə Amerika, ümumilikdə dünya kinematoqrafiyasının ən yüksək və nüfuzlu mükafatı olan “Oskar”ın təqdim olunma mərasimi keçiriləcək. Sizcə, bu mükafata daha çox hansı film və ya kimlər layiqdir?    

- Əvvəla qeyd edim ki, mükafatlandırılma mərasimi ilk dəfə 16 may 1929-cu ildə Hollivudda “Roosevelt” otelində baş tutub. Bir neçə il təntənəli mərasim radio ilə canlı yayımlanıb. 1953-cü ildən etibarən isə artıq televiziya vasitəsilə tamaşaçılar birbaşa “Oskar” sahiblərinin sevinclərinə şahidlik edə bilirlər. Builki təqdimat mərasiminə gəldikdə isə bildiyimiz kimi ötən ay artıq Amerika kinoakademiyası ilin ən yaxşı filmlərini artıq elan etdi. Los-Ancelesdə dünyanın əsas kino mükafatı “Oskar” nominantları seçildi. Stiven Spilberqin “Linkoln” filmi ən çox nominasiya üzrə -  on iki, Enq Linin “Pinin həyatı” filmi ikinci yerdə on bir nominasiya üzrə seçilib. Həmçinin liderlər arasında Kventin Tarantinonun “Azad olunmuş Canqo” və Devid O. Rasselin “Mənim sevgilim dəlidir!” filmləri də yer alıb. Amerikan kinoakademiyasının 85-ci mükafat mərasimi fevral ayının 24-də baş tutacaq. Ən yaxşı film nominasiyasında “Arqo əməliyyatı” da yer alıb. Həmin film artıq 7-8 nominasiya üzrə “Oskar”a namizəddir. Hollivud Rejissorlar Gildiyası ilin ən yaxşı rejissor işinin adını açıqladı. Tanınmış aktyor və özünü rejissorluqda sınayan Ben Afflekin “Arqo əməliyyatı” filmi bu ada layiq görülüb. Çox vaxt da elə Rejissorlar Gildiyası ilə Amerika kinoakademiyasının qərarları üst-üstə düşür. Həm də filmdə çox güclü aktyor ansamblı var. Siyasi xarakterli ekran işidir, amma rejissor nöqteyi-nəzərindən mən hesab edirəm ki, çox güclü sənət əsəridir. Amma xüsusi olaraq bir şeyi də qeyd edim ki, dünya kinosu tarixində elə filmlər olub ki, heç “Oskar” almayıblar. Buna baxmayaraq, o ekran işləri indi də dəyərli hesab olunur və baxılır. Məsələn, Çarlz Spenser Çaplinin “Böyük şəhərin işıqları”, “Yeni zamanlar” filmləri hər biri neçə “Oskar”a layiqdirlər. Lakin siyasi əqidəsinə görə Çaplinə bu mükafat verilməyib. Yaxud da tam əksi baş verib. Məşhur “Xaç atası” filmində Don Karleoni obrazının ifaçısı Marlon Brando növbəti dəfə “Oskar”a layiq görüləndə özü gəlməmişdi. 

- Hazırda Hollivud kinoimperiyası dünya kino üslubunu diktə edir. Niyə Yer kürəsində bu qədər meşə varkən, məhz “İynəyarpaqlı meşə” məşhurlaşdı? 

- Əslində varlılarla kasıbların qarşıdurması Hollivudun yaranmasına səbəb olub. Dünya kinematoqrafiyasını 2 ən nəhəng şəxsiyyətsiz təsəvvür etmək mümkünsüz olardı. Onlar Meri Pikford və Duqlas Ferbenksdir. Bu insanlar Hollivudun ən parlaq ulduzları olublar. Qeyd etmək lazımdır ki, Hollivud heç nə ilə müqayisə olunmaz bu ünkü məşhurluğunu yalnız onlara borcludur. Bir də ki, əyləncə biznesi dünyasında vacib insanlar yalnız tanınmış aktyorlar deyil. Bu gün Hollivudda çoxsaylı prodüser və direktorlar da fəaliyyət göstərir. Lakin onlardan çox azı Hollivudun ilk film biznesmenləri Sesil Demil, Samuel Qoldvin və Luis Mayer kimi insanlar məşhurdurlar. Bu insanlar Hollivudun film mərkəzi olmasına kömək ediblər.

- Bilmək olarmı, Həmidə xanım daha çox hansı janrda çəkilən filmlərə baxır? 

- Yaşıma uyğun olaraq indi səs-küysüz, evdar qadınlar demişkən, həyati filmlərə baxmağı sevirəm. Ümumiyyətlə, maraqlı, səviyyəli filmləri xoşlayıram. Məsələn, keçən il “Oskar” laureatı Mişel Hazanaviçusun “Artist” filmini çox bəyəndim. Səssiz və ağ-qara filmdir. Baş rolunu Cin Duardinin ifa etdiyi film fransız istehsalıdır. Yaxud ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatı alan İran filmi “Boşanma”nın adını çəkmək istəyərdim. İstedadına bələd olduğum, sevdiyim rejissorların təzə filmləri yayımlanan kimi maraqlanıram, baxıram.

- Yaxşı, o sevimli rejissorlar kimlərdir?

- Federiko Fellini, eləcə də Əmir Kustorisa, Bernardo Bertoluçi, Lukino Viskonti, Kventin Tarantino və bir çoxları.

- Qeyd etdiniz ki, həyati filmləri sevirsiniz. Bəs, bizim rejissorların çəkdiyi filmlər nə qədər həyati alınır?

- Bizim rejissorların hamısı elə həyati çəkir də. Məncə, bundan sonra daha yaxşı filmlər çəkiləcək.

- İtaliya kinosu, İtaliya rejissorları, İtaliya ədəbiyyatı... Yəqin musiqi seçimində də onlara üstünlük verirsiniz.

- Niyə?! Bernard Şounu da bəyənirəm, Qabriel Markesi də... Ümumiyyətlə, Avropa mədəniyyətini daha çox xoşlayıram. Musiqiyə gəldikdə isə kino musiqilərini sevirəm. Klassik musiqiyə üstünlük verirəm. Ölməz Üzeyir Hacıbəylini, Bethoveni, Motsartı, Ştrausu, Şuberti dinləyirəm. 

- Olduqca optimist xanımsınız. Yanılmıram ki?

- Bəli, mən optimistəm. Bilirsiniz, həyatın qanunu belədir ki, sən nə qədər özündə müsbət emosiyaları cəmləşdirirsənsə, ətrafdan da müsbət enerjini qəbul edirsən. Bədbin adam bədbinlik gətirir. Həyatda hər şey olur. Ruhdan düşmək lazım deyil.

- Film sizin üçün nədir?

- Film mənim üçün bir saat yarım ərzində vaxtımı itirə və ya qazana biləcəyim bir sənət nümunəsidir.

Günel Eyyubova, "İki sahil" qəzeti, 21 fevral 2013-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə