Habemus Papam

Məlum olduğu kimi, martın 13-də yeni Roma papası seçildi. 77-dən artıq kardinal öz səsini argentinalı Xorxe Mario Berqoloya verdi. Yeni ali kahin isə özünə Fransisk adı götürməsilə diqqətləri çəkdi. Maraqlıdır ki, Fransisk yeni Roma papası seçilməyə namizədlər sırasında göstərilmirdi. Seçilməyənədək ekspertlərdən heç biri onun adını çəkmirdi.

Dünən özünün ilk bazar günü duasını edən, sonra Müqəddəs Pyotr kilsəsi önünə toplaşmış insanlarla görüşən X.Berqolo 17 dekabr 1936-cı il tarixdə Argentinanın paytaxtı Buenos-Ayresdə italyan mənşəli ailədə doğulub. 22 yaşındaykən yezuitlər orderinə qoşulub. On ildən sonra yetkin din xadimi olub. Daha sonra paytaxtın San-Migel kollecində dini fakultənin professoru kimi fəaliyyətə başlayıb. Yüksəlişini katolik kilsəsinin pillələri üzərində quran Xorxe tezliklə Buenos-Ayresin köməkçi yepiskopu vəzifəsinə irəli çəkilib ki, bu təyinat qeyri-missioner ölkələrində yezuit təriqətinə məxsus şəxs üçün görünməmiş hadisə sayılır. 1998-ci ildə isə o, kardinal Kvarrasinonun ölümündən sonra paytaxt arxiyepiskopu olur.

Berqolo Roma dairələrində dini, inam və intizam, kahin həyatı, Latın Amerikası konqreqasiyalarının, həmçinin papanın ailə məsələləri üzrə şurasının üzvü kimi fəaliyyət göstərib. Bəzi məlumatlara görə, italyan mənşəli argentinalının Roma papası kürsüsündə yer almaq üçün şansı əvvəllər də olubmuş. Lakin o, 2005-ci ildə papa II İohan Pavelin ölümündən sonra keçirilən konklavda özündən öncəki Vatikan rəhbəri XVI Benediktlə - Yozef Aloiz Ratsingerlə rəqabətdə uduzub.

Ekspertlər papa Fransiski sosial ədalətin tərəfdarı kimi qələmə verirlər. Onun hələ kardinal vəzifəsindəykən kifayət qədər sadə həyat tərzi sürdüyünə diqqət yetirilir. Xorxe kiçik evdə yaşayır, ictimai nəqliyyatdan istifadə edir. Şəxsi avtomobildən imtina və digər sadalamadıqlarımız cəhətlər isə yeni papanın müsbət obrazını yaradır. Bundan başqa Fransisk dəfərlərdə abortlar və evtanaziyalar əleyhinə çıxması ilə də populyarlaşıb. Mavilərə hörmətlə yanaşılmasının vacibliyini bildirsə də, homoseksuallığı və eyni cinslilərin nigahını kəskin pisləməsilə yadda qalıb.

Qeyd edək ki, zamanında Xorxe Berqolo Argentina hakimiyyəti ilə də problemlər yaşayıb. Ölkə prezidenti Kristina Kirşner kardinalın eyni cinslilərin nigahına qarşı çıxmasını sərt tənqid edib. Bir vaxtlar xanım prezident hətta Xorxenin məsələlərə münasibəti ilə orta əsrlərin inkivizisiya dövrü arasında müqayisə apararaq etirazını da bildirib.

Bremen Universitetinin Şərqi Avropa üzrə Mərkəzinin elmi işçisi Nikolay Mitroxin deyir ki, dünyanın papa ilə bağlı proqnozları özünü doğruldub. Yeni ali kahinin Afrikadan olacağı vurğulanırdı, ancaq müəyyən mənada pedofilliklə əlaqəsinin olduğu deyilən Qana nümayəndəsinin deyil, məhz Xorxe Berqolonun seçilməsi daha təmiz imicə malik papaya ehtiyacdan irəli gəlib. Lakin ekspert argentinalını heç də rəvan yolun gözləmədiyi qənaətindədir. Çünki Berqolo özünə müqəddəs Fransisk Assizkinin şərəfinə Fransisk adı götürüb. Müqəddəs Fransisk isə erkən orta əsrlərdə atəşpərəstlərin himayədarı kimi tanınıb. Bundan bir çox nəticələr çıxarmaq mümkündür. Ancaq ən başlıca məqam 266-cı Roma papasının yoxsulların köməyinə arxalanmasının, məzlumların qayğısına qalacağının ön plana çəkilməsidir.

Ümumən, Berqolonun zaman-zaman qeyri-ənənəvi orientasiyaya baxışı kəskin səciyyə daşısa da, yezuitlər ordeninə məxsusluğu ona qarşı heç də birmənalı münasibətin yaranmayacağını söyləməyə əsas verir. Məsələ burasındadır ki, yezuitlər təhsilə köklənmiş liberal ordendir. Amma onlar Qərbi Avropa ölkələrində çox pis imicə malikdirlər. Orden homoseksuallğın yüksək dərəcəsi ilə fərqlənir. Katoliklərin qeyri-ənənəvi orientasiyanın daşıyıcısı kimi qiymətləndirdikləri yezuitlərə münasibəti olduqca pisdir. Üstəlik Berqolonun Argentina xüntası zamanı tutduğu mövqe də əleyhinə işləyə bilər.

Ancaq Xorxe Berqolonun götürdüyü Fransisk adı ilə bir növ, sosial jest etməsi kasıb auditoriyaya hesablanmış amil kimi daha çox qiymətləndirilir və bildirilir ki, bu yolla yeni papa üçüncü dünya ölkələrinin əhalisinin rəğbətini qazanacaq gücdədir. Ümumən, yeni Roma papasının nə dərəcədə xarizmatik qarşılanacağını zaman göstərəcək. Hələliksə dünya 533-cü ildən ənənəyə çevrilmiş ad götürmə qaydasından yararlanaraq özünü Fransisk adlandırmış Xorxe Berqolonun martın 19-a nəzərdə tutulan təntənəli intronizasiyasına hazırlaşır.

P.S. Habemus Papam - bizim papamız var.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə