Eynulla Fətullayev: «Qarabağda ölənlərin kilsəyə nə aidiyyəti var ki?» (MÜSAHİBƏ)

«Həftə içi» qəzetinin «Hər cavab – bir cümlə» rubrikasının qonağı jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev olub. E.Fətullayevlə müsahibənin maraqlı cəhətlərini nəzərə alaraq onu təqdim edirik:

- Sizcə, hazırkı gerçəklikdə yalansız, riyasız normal siyasətçi olmaq mümkündürmü?

- Həmişə olduğu kimi, mümkündür.

- Bəs necə?

- Vicdanı və idrakı qorumaqla...

- Maraqlıdır, cəmi 18 yaşında Eynulla Fətullayevi hansı keyfiyyətlərinə görə hakim Yeni Azərbaycan Partiyasına qəbul etdilər?

- Hamını necə qəbul elədilər, məni də elə...

- 1997-1999-cu illərdə çalışdığınız əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi vəzifəsindən qovulmanız haqqında səslənən məlumatlar doğrudurmu?

- Yox, yox, özüm getdim...

- Yəni öz ərizənizlə?..

- Bəli, bəli, özüm getdim...

- Lazım olsa, sizin ərizəni nazirliyin arxivindən tapmaq olar?

- Əlbəttə, əlbəttə, mən özüm getdim...

- Deyilənə görə, bir müddət Ayaz Mütəllibovun tərəfdarı olmusunuz, bəs ondan niyə üz döndərdiniz?

- Yox, mən onun tərəfdarı olmamışam...

- Elə isə, mətbuatda belə fikirlərin səslənməsinə nə səbəb olub?..

- Sadəcə, mən onun(Ayaz Mütəllibovun-S.L.) barəsində bir publisistik məqalə yazmışdım...

- Və həmin məqalədə müəyyən mənada A.Mütəllibovu dəstəkləmişdiniz?..

- Yox, o dəstək deyildi, portret yazısı idi, mən, sadəcə, onu anlamağa çalışmışam...

- Sabiq Əmək və Əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin köməkçisi işləmisiz... Onu necə bir insan kimi xatırlayırsız, son vaxtlar əlaqəniz olubmu?

- Təəssüflər ki, səfir gedəndən sonra onunla əlaqələrimiz olmayıb, ancaq o, çox işıqlı, vicdanlı insandır və hesab edirəm ki, yaxşı nazir olub...

- Bəs onda hansı səbəbdən nazir köməkçisi vəzifəsindən çıxdınız?

- Ümumiyyətlə, o zamankı hakim partiyanın kursu ilə razı olmadığıma görə getdim...

- Bəs Elçibəy ideyaları sizi niyə qane etmədi?

- Mən heç vaxt millətçi olmamışam...

- Yəni, millətçilik ideologiyası sizi qane etmədi?..

-Yalnız ona görə yox, ümumiyyətlə, o adama (Elçibəyə-S.L.) heç vaxt rəğbətim olmayıb və siyasətçi kimi qəbul etməmişəm...

- Siz “ANS”də də işləmisiz bir müddət... Mir Şahinin təbirincə desək, “bədbəxt adam” necə oldu həmin telekanaldan çıxdı?

- Oldu da, həyatdı, yəni bir insan ömrü boyu bir yerdə işləməz ki...

- Amma başqalarından fərqli olaraq Eynulla Fətullayev iş yerlərini daha tez-tez dəyişib...

- Yəqin mən daha çox dinamikəm...

- Xankəndinə səfər zamanı ermənilərlə söhbətinizdə nə səbəbdən həmin şəhəri “Stepanakert” adlandırmısız?.. Hətta ermənilər bunu səfərdən sonra da vurğulayaraq deyiblər ki, azərbaycanlı jurnalistlər arasında yalnız Eynulla Fətullayev “şəhərimizi öz adı ilə adlandırıb”...

- Yalnız mən olmamışam, ancaq bəli, belə adlandırmışam, çünki 70 il bu şəhərin adı “Stepanakert” olub və Azərbaycanın 80 faizi onu belə adlandırıb...

- Yəni, siz də ermənilərə xoş gəlsin deyə, Xankəndi yox, “Stepanakert” sözünü işlətdiniz?..

- Yox, ona görə yox, sadəcə, nə zaman Azərbaycanın üçrəngli bayrağı orada dalğalanacaq, o zaman əminliklə, Xankəndi deyə biləcəyik...

- Hətta orada kilsədə şam da yandırmısınız?

- Yox, orada deyil, Ermənistanda - Eçmiədzində yandırmışam, o isə vaxtilə şah Abbas tərəfindən əsası qoyulmuş Üçmüəzzin məscidi olub, sonradan kilsəyə çevrilib...

- Yəni, o baxımdan siz ürəklə həmin məkana daxil olub, şam yandırmısız?..

- Yox, nə dəxli var, kilsədi, mən kilsədə də şam yandıraram, Allahın evidi...

- Axı bu bir erməni kilsəsidi, düşmən bir ölkənin keşişlərinin Azərbaycana, türklərə qarşı tarixi qərarlar, qırğın, soyqırım fətvaları verdiyi bir məkandı...

- Olsun, ölkənin nə dəxli var ki, kilsədi də o, Allahın evidi, məbədidi, nə fərqi var ki...

- Ermənilər o kilsəyə girib şam yandırmaqla həm də Qarabağ müharibəsindəki “şəhidlər”ini xatırlayırlar, bəs siz nə niyyətlə girmişdiz ora?..

- Qarabağda ölənlərin kilsəyə nə aidiyyəti var ki? Həm də siz hardan bilirsiz ki, kilsədə onları xatırlayırlar...

- Həbsdə olan zaman sizi Böyük Britaniyanın 35 keşişi dəstəklədi, sizin üçün dualar etdi, doğrudurmu?

- Bəli.

- Bəs həmin din xadimləri belə haqsevərdilərsə, 20 ildən çoxdur haqsız yerə təcavüzə, soyqırıma məruz qaldığımız Qarabağ məsələsində Azərbaycanı niyə dəstəkləməyiblər?..

- Mən onları görməmişəm, görsəydim, soruşardım...

- Siz, ümumiyyətlə, hansı dinə-məzhəbə qulluq edirsiz?

- Müsəlmanam...

- Nə vaxtdan?

- Doğulandan...

- Həbsdən çıxandan sonra AXCP sədri Əli Kərimli ilə bağlı qapılar arxasında dörd saatlıq söhbətiniz olub. Sirr deyilsə, orada nədən danışmısız?

- Mən həbsdən çıxandan sonra minlərlə azərbaycanlı ilə saatlarla danışmışam, onlardan biri də Əli Kərimli olub, nə olsun ki?..

- Əli Kərimli müxalifətin fəal fiqurlarından biridir...

- Aramızda elə-belə insani söhbətlər olub, həbsxana təəssüratlarımı danışmışam...

- Bu yaxınlarda ABŞ-ın Milli Demokratiya İnstitutunun “Facebook” inqilabını maliyyələşdirdiyini iddia etdiniz... Sirr deyilsə, sizi kim maliyyələşdirir?

- Beynəlxalq təşkilatlar maliyyələşdirir, hal-hazırda isə Soros fondu tərəfindən maliyyələşirəm...

- Necə olur ki, daha nüfuzlu, təcrübəli jurnalistlərin əldə edə bilmədiyi informasiyaları Eynulla Fətullayev əldə edir? Bunun sirrini gənc jurnalistlərə də öyrədə bilərsinizmi?

- Bunun sirlərini öyrətsəm, gərək Eynulla Fətullayev adından imtina edim...

- Almaniyanın ölkəmizdəki səfirliyi ilə son çəkişmələrinizin Azərbaycan üçün faydası nə olacaq?

- Mən onu deyə bilmərəm, onu almanlar deyə bilər...

- Ümumiyyətlə, bu çəkişmənin bir faydası var, ya yox?..

- Bilmirəm, onu almanlardan soruşun...

- Bəs bunun sonu nə ilə nəticələnəcək?

- Üçüncü dünya müharibəsi ilə(Gülür)...

- Sizcə, dünya siyasətində ən məşhur provakator kimdir?

- Nə bilim, onu Nemət Pənahlıdan soruşun, o daha yaxşı bilər...

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə