Qorxunun yaratdığı Güc...

Rəşad MƏCİD

Bir yaşdan sonra düşünürsən ki, daha bu dünyada heç nə səni təsirləndirəcək, heyrətləndirəcək gücdə deyil. Gəzdiyini gəzib, gördüyünü görüb, oxuduğunu oxumusan... Əzabın, sevginin, uğurun, məğlubiyyətin ən dərin acısını çəkmisən, ən üstün sevincini yaşamısan. KİVDF-nin təşkil etdiyi, media rəhbərlərinin Quzey Kıprısa səfərinə razılıq verərkən də bir neçə dəfə olduğum bu tanınmamış ölkədə yeni nəsə görəcəyimdən daha çox dostlarımla, həmkarlarımla beş gün bir yerdə  olmağın – söhbətlərin, duzlu zarafatların dadını çıxarmağın zövqünü düşünmüşdüm. Bütün lətifə ehtiyatına bələd olduğum, əzbər bildiyim Aqil Abbasın köhnə-təzə zarafatlarına ilk dəfə eşidirmiş kimi ürəkdən gülməyin, tarixi şəxsiyyətləri dalbadal, durmadan yazdığı romanlarında bu günün redaktorları kimi danışdırıb “günümüzün adamı” eləyən Yunus Oğuzla atmacaların, Əflatun Amaşovla hərdən sakit bir guşəyə çəkilib insan xarakterinin qatlarını çözələməyin yerini nə verə bilər ki? Belə bir fürsəti əldən qaçırmaq olardımı? Ona görə də fondun icraçı direktoru Vüqar Səfərlinin təklifiylə o dəqiqə razılaşdım... Kipr adasında – hər iki, həm yunan, həm türk tərəfində bir neçə dəfə olmuşam. Aradan illər keçməsinə baxmayaraq, unudulmayan, yaddaşımda dipdiri qalan xatirələrim çoxdu.

2000-ci ildə ilk dəfə gəldiyimiz heyətlə prezident Rauf Denkdaşla görüşümüzü unutmamışam. 2004-cü ildə Annan planının referenduma çıxarılması ərəfəsində yenə həmkarlarımla Moskvadan adanın Rum kəsiminə – Nikosiyaya uçduğumuzu xatırlayıram. Səfərin iki gününü yunan, iki gününü türk kəsimi rəsmiləriylə görüşlərdə keçirmişdik. Referendum ərəfəsi dünyanın diqqəti bu adadaydı, problemin öz həllini tapacağına ümidlər yaranmışdı. Təəssüf ki, adanın vahid dövlətə çevrilməsi, hər iki xalqın birgə idarəediciliyini nəzərdə tutan, BMT-nin baş katibi Kofi Annanın təşəbbüsüylə hazırlanan və elə onun adı verilən bu planı referendumda, türklər tərəfdar çıxsalar da, rum-yunan kəsimi dəstəkləmədi və hamının problemin həllinə bəslədiyi ümidlər puç oldu... Yunan Kipri Avropa Birliyinə üzv oldu, Kuzey Kıprıs isə dünya birliyinin dəstəyindən yenə kənarda qaldı. Elə bu ərəfələrdə Kıprısın türk kəsiminə Türkiyə hökumətinin dəstək çağırışlarına ilk reaksiya verən Azərbaycan dövləti və Prezident İlham Əliyev oldu. Türkiyə dışında ilk dəfə başqa bir ölkədən – Azərbaycandan, onun paytaxtı Bakıdan Kuzey Kıprısa birbaşa təyyarə uçuşu baş tutdu. 2005-ci ilin yayında Bakıdan Ercan hava limanına uçan tarixi və cəsarətli səfərin iştirakçısı olmaq bir qrup iş adamları, siyasətçilər, jurnalist həmkarlarımla birgə mənə də qismət oldu. Bakıdan qalxıb Ercan hava limanına enən təyyarəmizdəki heyəti necə coşquyla qarşılamışdılar! Aradan illər keçməsinə baxmayaraq, Ercan hava limanındakı o coşqunu yadıma salarkən yenə də gözlərim yaşarır, həyəcandan əsirəm.

Dünya birliyinin təkrar, növbəti dəfə ədalətsizliyə məruz qoyduğu, referendumda barış niyyətini bildirib yunan tərəfindən “yox” cavabı alan, təklənməyin acısını yaşayan Kıprıs türkləri üçün Azərbaycandan gələn təyyarə bir ümid işığı, bir cəsur qardaş addımıydı...Yunan tərəfinin bu birbaşa uçuşa necəsə mane olacağı barədə söhbətlər yayılmışdı, narahatçılıq var idi, hətta şaiyələr təyyarənin yunan tərəfindən vurulacağı qədərincə şişib böyümüş, qorxu, vahimə aurası da yaratmışdı. Səhərisi bütün Kıprıs qəzetləri bu tarixi hadisəni manşetə çıxarmışdılar. Hətta qəzetlərdən biri dilimizdə fərqli anlam daşıyan bir kəlməni qabardıb bu addımına görə Azərbaycana minnətdarlıqla bərabər yaşanan narahatlığa da yüngül, xoş zarafatla belə işarə vurmuşdu: “Bakı uçağı Ercan hava limanına DÜŞDÜ”. Sonrakı illərdə “525-ci qəzet”in əməkdaşları, həmkarlarım Kıprısa ara-sıra səfərlər etsələr də, mənim yolum düşməmişdi. Amma burdakı proseslərdən xəbərim vardı. Universitetlərin daha da inkişafı, son illərdə çoxlu azərbaycanlı gəncin bura ali təhsil almağa gəlməsi hamıya məlumdu. Azərbaycandan Kıprısa turist səfərlərinin təşkilindəki əzmkar işinə görə isə görüşlərimizdə kıprıslılar “Millenium” turizm şirkətinin və onun rəhbəri Ruslan Quliyevin fəaliyyətindən fərəhlə söz açırdılar...

Bu səfərimizdə də prezident Dərviş Eroğlu, baş nazir İrsen Küçük, xarici işlər  naziri Hüseyn Özgürgün ilə görüşlərimiz oldu. Qəzetlərdə, TV-lərdə, jurnalist təşkilatlarında peşə fəaliyyətimizin spesifik cəhətləri, qazanılan təcrübələr, oxşar problemlər barədə fikir mübadiləsi apardıq.

Burada bir neçə universitetdə – Kıprıs Beynəlxalq Universiteti, Girnə Amerikan Universiteti, Doğu Akdeniz Universitetində tələbələr üçün bütün lazımi şərait yaradılıb, təhsilin səviyyəsi yüksəkdi. Bu universitetlərin diplomları əksər ölkələrdə tanınır. Yazımın başlanğıcında işarə etdiyim fərqli görüş isə bizi Yaxın Doğu Universitetində yaxaladı. Bu universitet 1988-ci ildə Suat İrfan Günsel tərəfindən qurulub. YDU özəl bir universitet olaraq fəaliyyət göstərir, 16 fakültədə 75 ixtisas üzrə 20 mindən çox tələbə təhsil alır.

Uzun illərdi həmyerlimiz Fəxrəddin Məmmədov burada fəaliyyət göstərir. Prorektordu, Mühəndislik fakültəsinin dekanıdı. Digər məşhur həmyerlimiz, bəstəkar Cavanşir Quliyev də bu universitetdə çalışır. Fəxrəddin müəllim Azərbaycan heyətinin gəlişindən qəfil xəbər tutur. Mehribanlıqla hamımızla görüşür. Universitet barədə şövqlə, ürəkdən məlumat verir. Tibb fakültəsini, xəstəxananı gəzirik. Sonra universitetin qurucusu Suat İrfan Günsellə görüş alır və bizi universitetin geniş ərazisindəki hündür ərazidə yerləşən sadə rektorluq binasına gətirir... Kiçik, yığcam binadı. Amma fərqli aurası var. İkinci mərtəbədə bizi sadə, bəstəboy, saqqallı bir kişi qarşılayır və mən əvvəlcə bu sadə görkəmli, sakit, özünü dartmayan adamın Suat bəy olduğunu ağlıma gətirmirəm. Düşünürəm ki, yəqin indi bizi iddialı, özündən razı, sərvətinin çoxluğunu hər jestiylə qabartmağa çalışan xarakterik obrazlı bir iş adamının – sahibkar-rektorun geniş əzəmətli otağına aparacaqlar... Amma sən demə, bu təvazökar adam elə Suat bəyin özü, diplomlarla, suvenirlərlə, kiçik maşın kolleksiyalarıyla, dibçəkdəki cürbəcür güllər, bitkilərlə dopdolu bu otaq da “Forbes”in siyahısındakı ən zəngin 100 türkdən 36-cısının, milyarderin iş otağı, kabinetiymiş. Otağının da özü kimi ilk baxışda sakit, amma dopdolu, zəngin aurası var. Dairəvi divanlarda, əlavə gətirilən masalarda yerləşib otururuq. Bizi salamlayır, Azərbaycan adını Ana Vətən – Türkiyəylə qoşa çəkir, məhəbbətlə danışır.

Vüqar Səfərli səfərin məqsədindən danışır, belə bir heyətlə son üç ildə ikinci dəfə Kıprısa gəlişin Kıprıs türklərinə verilən önəmin, qardaşlığın göstəricisi olduğunu söyləyir. Burda öyrənirik ki,  Prezident İlham Əliyev Suat İrfan Günseli diasporumuza dəstəyinə, ölkələrimiz arasında əlaqələrin inkişafında xidmətinə görə “Dostluq” ordeni ilə təltif edib. Fəxrəddin müəllim heyət üzvləri barədə məlumat verir və xoş sözlər söyləyir. Sonra Suat bəy sakit tonla düşüncələrini bölüşür, təvazökarcasına gördüyü işlərin məğzini çatdırmağa çalışır. “Hər bir başlanan işdə insanın zəhməti, əzmi, inadı, qabiliyyəti böyük rol oynayır. Amma mən indi gördüyümüz bu işlər barədə düşünərkən bunların təkcə dediyim keyfiyyətlərlə qazanılmasının mümkün olacağına inanmıram. Burda nəsə ayrı bir hiss, fərqli bir duyğu kömək olub. Mən bu görülən işlərə, qurulan universitetə 60 yaşımdan baxanda düşünürəm ki, bu işlər QORXUNUN YARATDIĞI GÜCün hesabına mümkün olub. Biz öz Vətənimizdən qovulmaq, sürgün olunmaq, onu itirmək qorxusu altında yaşamışıq. Və bu qorxuya qalib gəlmək üçün içəridə, daxildə ilahi bir Güc tapmışıq... Ona söykənmişik, o bizə dayaq olub... Məhz o ilahi Gücün hesabına bu işləri görə bilmişik! Yalnız pulla, vəsaitlə, qabiliyyətlə alınmazdı... Bu, təkcə özünüqoruma instinkti olmayıb, ilk öncə Vətəni qorumaq  ehtirası olub. Vətənsiz var olacağımızı düşünməmişik. Var olmağımızın Vətənimizin var olmasından keçdiyini dərk etmişik”.

Söhbətin belə axarını, belə mənəviyyat qatına keçəcəyini deyəsən heç birimiz gözləmirdik. Bir az sonra Kıprısın Bakıdakı artıq keçmiş təmsilçisi, bütün səfər boyu bizi müşaiyət edən, diqqətini əsirgəməyən Zəki Qazioğlu da etiraf edəcək ki, o da Suat bəyin belə mövzuda söhbətinə ilk dəfə şahid olur. Söhbətin aurası Əflatun Amaşova da, Nuşirəvan Məhərrəmliyə də təsir edir, hisslərini sözə çevirirlər. Həmişə emosiyalarını, təmkinini qorumağa çalışan Elçin Şıxlının da sifətindən təsirləndiyi hiss olunur. Umud Rəhimoğlu isə çılğınlıqla Suat bəyin düşüncələrindən təsirləndiyini gizlətmir, minnətdarlıq ifadə etməyə çalışır. Dinməməyindən görünür ki, Aqil Abbas da harasa uzaqlara yollandı xəyallarında. Aydın Quliyev də, Namiq Əliyev, Mustafa Saatçı, Elşən Şirinov da düşüncələrə qapılırlar. Yunus Oğuzla Fəxrəddin müəllim mənə işarə edirlər. Danışmağımı istəyirlər. Danışıram. Heyətin ürəyindən keçənləri hiss edir, dilə gətirirəm. İndiki realist praqmatiklərin meydan suladığı dövrdə mənəvi duyğuların, insan ruhunun qadir olduğu gücün azalması qorxusundan danışıram. Bu görüşə gələndə belə bir söhbətin olacağını xəyalımıza gətirmədiyimizi söyləyirəm. Təəccübümü gizlətmirəm...Sonra Suat bəy danışdıqca baxışlarımızda, üz ifadələrimizdə bu adamlarla belə söhbət etməyin mümkünlüyündən xəbər verən işığı gördüyünü söyləyir, buna görə də bizim auranın bu söhbətə vəsilə olduğunu bildirir. Sonra söhbətinə davam edir, çox az adama dediyi faktları ilk dəfə bizə açır. Universitet qurmağa başladığı ərəfədə ona müxtəlif ölkələrdən gələn cəlbedici təkliflərdən danışır... Amerikada istədiyi qədər kredit və torpaq sahəsi təklif ediblər. İmtina edib. Avropada 30 ildən sonra ödənilməsinə başlayan kreditlər vəd ediblər. Getməyib. Turkiyədən də çox ismarıclar olub. Burda, Kıprısda, öz Vətənində universitetini qurub! Bununla Vətənini qoruyub. Duyğuların, düşüncələrin yaratdığı ovqatda məmnuniyyətlə bu böyuk insanla şəkil çəkdirib, təşəkkür edib, ayrılırıq. Çöldə Fəxrəddin müəllimə də maraqlı görüşə görə  minnətdarlıq edirəm. Suat bəyin həyatından kitab-filan varmı, bu paraları hardan qazanıb – soruşuram. Münaqişə başlayanda evindən – yunan tərəfdəki, doğulduğu Beşiktəpə kəndindən bir çamadanla çıxıb. Heç nəsiz! 37 yaşında universiteti qurub. Danışaram – deyir... Mənsə elə orda hiss edirəm ki, bu görüş barədə mütləq nəsə yazacağam...

525.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə