Müqaviləli müharibə

Zahid ORUC, Milli Məclisin deputatı

Qarabağ münaqişəsinin yaratdığı regioanal şərait elədir ki, burada hər zaman münasibətlərin yenidən genişmiqyaslı silahli toqquşma fazasına qayıdacağı gözləniləndir. Düzdür, 90-cı illərdən fərqli olaraq əsas xarici maraq tərfləri indi sülhün tərəfindədirlər, lakin heç kəs zəmanət verə bilməz ki, balans pozulanda kənardan müharibəyə təhriklər və provakasiyalar edilməyəcək. Diplomatiyanın nəticəsizliyi və Kazan görüşündən sonra tamam iflasa uğraması informasiya və siyasi təhlil dövriyyəsinə yenidən döyüş əməliyyatları fikrini qaytarıb.Rusiya İctimai Palatasının üzvü Denis Dvornikov “müqaviləli müharibə” məsələsini təzədən gündəmə gətirməklə, özü dediyi kimi, bu ətrafda eyforik durumda olan azərbaycanlı tərəfi “ağıllandırmaq” istəyib.

Əlbəttə, razılaşaq ki, hətta qeyri-siyasi adamların və sadə vətəndaşların da dilindən tez-tez səslənir ki, bir həftəlik müharibə ilə köklü dəyişikliklərə nail olmaq olar və ildırımsürətli hərbi əməliyyatlarla elə hərbi üstünlüyə yiyələnmək mümkündür ki, daha münaqişə növbəti mərhələdə siyasətçilərin öhdəsinə buraxılsın. Belə demək mümkündürsə, siyasi dalandan çıxmaq üçün mütləq status-kvo dəyişdirilməlidir.

Dvornikov Azərbaycanın neft renessansını-yaranmış mürəkkəb şəraitdən xilas olmaq üçün yetərli hesab etmir. Rusiyalı ekspertin fikrincə, iqtisadi partnyorlar hesabına bir ölkənin Qarabağa girib “nizam yaratması” qeyri-mümkündür. Çünki vaxtilə Pol Qobl da iki xalqa “torpaq mübadiləsi” variantını təklif etmişdi. Bəlkə də amerikan strategiyası baxımından Meğri və Laçın koridorunu eyni gücdə və hüquqi statusda götürüb də hansısa “həll planı” hazırlamaq olar. Amma yüz minlərlə insanı belə variantın təhlükəsizliyinə inandırmaq qeyri realdır. Ona görə də beynəlxalq sövdələşmə ilə müharibə qərarını vermək çox risqli görünür.

İran-İrak arasında gedən 8 illik müharibənin acı nəticələrindən biri də budur ki, xarici kompaniyalar silah bazarında iki müsəlman dövlətinin timsalında yaxşı müttəfiqlər tapmışdılar və hərbi sənaye özünün unikal inkişaf planlarını məhz həmin dövrdə işləyib həyata keçirirdi. İndi başlıca qorxu ondan ibarətdir ki, Azərbaycanın neft pullarını eyni ssenari ilə məhz beynəlxalq avantüra olan “bir neçə günlük savaş” layihəsinə yönəldəsən. İlham Əliyevin siyasi fəhmi və beynəlxalq siyasəti dərindən təhlil etməsi bizi belə provakasiyalardan qoruyur. Saakaşvili məhz bu cür təhrikin və “zəmanətlərin” nəticəsində hərbi meydanda tək qaldı və əgər Sarkozinin vasitəçiliyi işə düşməsəydi, rus tankları Tbilisidə gürcü prezidentini nümayişkəranə asacaqdı.

Şərti olaraq “7günlük müharibə”adlandırsaq, belə ssenariyə nələr mane olur? Bəli, bu həqiqətdir ki, müharibəni yalnız başlamaq səlahiyyəti bir dövlətin ola bilər. Sonra onun qanunları idarəolunmazdır və döyüşü başa vurmaq heç zaman bir tərəfdən asılı deyil.
Gəlin, regiondakı qüvvələr nisbətinə baxaq. İran ətrafında beynəlxalq sanksiyalar gərginliyi maksmuma çatdırdığı bir dövrdə cənub qonşumuzun sərhədlərinə cəmi bir neçə kilometr yaxınlıqda döyüş əməliyyatlarını aparmaq kifayət qədər mürəkkəb məsələdir. Keçmişdəki vəziyyəti göz önünə gətirməyimiz yetər ki, bunun təhlükəsini daha dərindən anlayaq. “Təsadüfən” İran ərazilərinə düşən bombalar qonşu dövlətin dini elitası tərəfindən təcavüz kimi qiymətlndiriləcək və adekvat tədbirlər hayata keçiriləcək. Köçəryanın etiraf etdiyi kimi, İranın ərzaq, Rusiyanın hərbi yardımı olmasaydı, 1-ci Qarabağ savaşı ermənilərin məğlubiyyəti ilə başa çatacaqdı.

Türkiyənin geniş iqtisadi və xalq maraqları kontekstində Qarabağ məsələsinə hərbi cəhətdən laqeyidliyi mümkün olmayacaqdır. Elə olan təqdirdə bir tərəfdən Ermənistanla sərhəd zonalarında türk ordusunun hərbi təzyiqləri, o biri tərəfdən Azərbaycanla anlaşma və müttəfiqlik çərçivəsində göstəriləcək yardım müharibəni öz məhəlli miqyasından tamam çıxaracaqdır. 13 dəfə Qafqazlar uğrunda, Konsontinopolu tutmaq və isti dənizlərə çıxış sövdası ilə türklərlə savaşa girən rusların indi də belə fürsəti əldən verməyəcəyinə əmin olun. Şübhəsiz ki, onlar arasındakı tərəfdaşlıq və iqtisadi əməkdaşlığın indiki yüksək səviyyəsi fonunda bunu təsəvvür etmək o qədər də asan deyil. Amma geopolitika şeytan kimidir, ən yaxın müttəfiqləri də bəzən əks cinahlarda durmağa vadar edə bilir.

Biz bura danışıqların üzərində on illərdi ki, monopoliyaya nail olmuş Minsk üçlüyünün maraqlarını da gəldiyimiz təqdirdə hörümçək toruna çevrilən Qafqaz konfliktlərinə nə qədər kənar suların qarışdığını görə bilərik. Məhək daşının birinin yerindən tərpənməsi avtomatik digərlərinin də yerindən oynamasına səbəb olur. Beləliklə, onu əvvəlki “tarazlıq vəziyyətinə” gətirmək üçün əlavə resursalara ehtiyac duyulacaqdır.

Beləliklə, müqaviləli qaydada Qarabağın gələcəyini müyyənləşdirmək və gizli danışıqlarla 7 rayonun qaytarılması davasına girmək çıxış yolu deyildir. Bu torpaqların parçalanmasının birmənalı qəbulu demək olardı.

Unutmaq olmaz ki, qısamüddətli müharibədənsə, imzalanmamış və hüqüqi durumu bəlli olmayan situasiya daha əlverişlidir. Ermənistanla müharibəni hazırda onun rəhbəri Sarkisyan özü aparır. Biz o döyüşün nəticəsini gözləməliyik. Hansı qalib gəlsə, bizim düşmənimiz odur!

Yazı Zahid Orucun facebook səhifəsindən götürülüb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə