“Bir neçə mənzili olduğunu bildiklərimiz də qapımızı döyür” (MÜSAHİBƏ)

Əflatun Amaşov: “Bizdə olan məlumatlara görə, mənzil bölgüsünün prinsipləri açıqlandıqdan sonra redaksiyalar daxilində ciddi konfrontasiyalar yaranıb”

- Son zamanlar media ictimaiyyətinin ən çox söz açdığı məsələ jurnalistlər üçün tikilmiş mənzillərin bölgüsüdür. Belə bir məsul missiyanı yerinə yetirmək Mətbuat Şurasına çətinlik yaratmayacaq ki?

- Hər halda çətin olacağı bəllidir. Amma nə etmək olar, asan iş ümumiyyətlə, yoxdur. Mətbuat Şurasının rolu quruma üzv media orqanlarının təmsilçilərindən kimin mənzil almaq üçün daha layiqli olduğunu müəyyənləşdirməyə hesablanıb. Bunun üçün irəli sürdüyümüz konkret prinsiplər də var. Əlbəttə, bu prinsiplərdən kənar hərəkət etmək istəyənlərin də olmasını təbii qarşılayırıq. Amma nəzərə alaq ki, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin çoxu şuranın sıralarında cəmləşib və müvafiq olaraq əsl jurnalistlər də həmin media vasitələrində çalışırlar. Bu səbəbdən müəyyənləşdirdiyimiz xəttin əsas olacağı çox güman ki, şübhə doğurmur.

Mənzillərin bölgüsü məsələsində əsas məsuliyyət redaksiyaların üzərinə düşür. Qəbul etdiyimiz qaydalara görə, onlar daxili iclaslarını çağıraraq hansı əməkdaşlarının mənzil sahibliyi üçün daha layiqli olduğunu müəyyənləşdirməlidirlər. Gündəlik qəzetlər və informasiya agentlikləri üç, həftəlik qəzetlər, jurnallar və xəbər portalları isə bir namizəd irəli sürə bilərlər. Əlavə edək ki, üzv təşkilatlarımızın heç də hamısı namizəd irəli sürmək hüququna malik deyil. Bu hüquq yalnız son üç ildə mütəmadi fəaliyyət göstərənlərə şamil edilir.

KİV-lər jurnalistika sahəsində ümumi iş stajı on il olan, redaksiyada 3 il ardıcıl fəaliyyət göstərmiş əməkdaşlarından ev almaq üçün daha layiqlilərinin kimliyinə aydınlıq gətirməli, sonra həmin şəxslərin adlarını müvafiq qaydada Mətbuat Şurasına təqdim etməlidirlər. Mətbuat Şurası isə toplanmış materialları Prezident Administrasiyasına ünvanlayacaq və yekun qərar orada veriləcək.

- Müəyyənləşdirilmiş prinsiplər üzrə iş gedirmi?

- İkinci gündür ki, prosesə start vermişik. Redaksiyalar iyun ayının 15-dək namizədlərinin adlarını Mətbuat Şurasına təqdim etməlidirlər. Prosesə bilavasitə özümüzün başlamağımızı zəruri saydıq. Buna görə də son üç ildə fəaliyyəti ardıcıl səciyyə daşıyan üzvlərimizə məktublar göndəririk. Həmin sənədlərdə Şuranın prinsipləri rəsmi şəkildə əksini tapır. Prosedur qaydalar haqqında ətraflı məlumatlar da verilir. Fürsətdən istifadə edərək bir daha onları diqqətinizə çatdırmaq istərdim.

Redaksiya daxili iclasını keçirməli, orada müvafiq namizəd və ya namizədlərini müəyyənləşdirməli, iclasın bunu təsdiqləyən protokolundan çıxarışı təşkilatın rəhbərinin imzaladığı və möhürlədiyi məktubla birgə Mətbuat Şurasına çatdırmalıdır. Məktuba həmçinin hər bir namizədin şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən özünün və həyat yoldaşının adına evin və ya mülkün olmadığını təsdiqləyən sənədin əsli, həmçinin tərcümeyi-hal əlavə edilməlidir. Redaksiya mənzil almaq üçün namizədləri müəyyənləşdirəcək bir iclas keçirdiyindən toplantının qərarından çıxarış da bir nüsxə olmalıdır və orada müvafiq qayda, yəni KİV-lərin dövriliyinə qoyulan tələblər nəzərə alınmaqla tək, yaxud üçədək namizədin adı qeyd oluna bilər. Ümidvaram ki, redaksiyaların seçimi ədalətli olacaq və sırf yaradıcılıq baxımından seçilən, sadə dildə desəm, yazıb-yaradan həmkarlarımızın adını namizəd kimi müəyyənləşdirəcəklər. Mənzillər yalnız yaradıcı şəxslər - jurnalistlər üçün nəzərdə tutulub.

- Sizə elə gəlmirmi ki, şərtlər bir qədər sərtdir. İndiki dövrdə yeni media qurumları yaranır, daha yaxşı məvacib təklif edənlər olur və jurnalistlərin də qazanc yeri baxımından belə desək, maddiyyatı üstün tutmaları haradasa təbiidir…

- Prinsipial məqam kimi təklif olundu ki, eyni bir yerdə uzun müddət, yəni azı üç il çalışmış jurnalistlərin fəaliyyəti də meyar kimi əsas götürülsün. Amma siz deyən məqam da doğrudur. Bəzən elə olur ki, yeni yaranmış mətbuat orqanı sıralarında uzun illərin peşəkar qələm sahiblərini cəmləşdirir. Bu kimi hallar da nəzərə alınacaq. Əsas məsələ sırf yaradıcı işlə məşğul şəxsin, yəni yaradıcı jurnalistin əməyinin qiymətləndirilməsidir. Mövcud mənada müəyyən istisnalar da mümkündür.

- Bəs televiziya jurnalistləri necə? Söhbət jurnalistlər üçün tikilmiş binadan gedirsə, onlar da jurnalistdirlər. Tamamilə kənarda qalmaları  nə dərəcədə doğrudur?

- Mətbuat Şurasına onlardan da müraciətlər daxil olur. İçərilərində televiziya jurnalistikasında uzun illər çalışanlar var. Ömrünün əhəmiyyətli hissəsini mətbuatda keçirib, sonradan telekanallara üz tutanlarımız da az deyil. Bu kimi məqamlarda müəyyən mənada fərdi dəyərləndirmənin aparılmasını doğru sayıram. Elə bilirəm, yekun bölgüdə televiziya jurnalistlərinin də nəzərə alınması mümkün olacaq. Belə razılaşdırmışıq ki, onlar müraciətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim etsinlər.

- Mətbuat Şurasına fərdi qaydada müraciət edənlər olurmu?

- Ümumən hamının gözləntisi var və bunu haradasa təbii sayıram. Jurnalistlərin mənzillə kütləvi təminatı indiyədək görünməmiş haldır. Hər kəs çalışır ki, fürsəti əldən verməsin. Hamı özünü layiqli sayır. Əksəriyyət hesab edir ki, Azərbaycan mətbuatının inkişafında xidmətləri var və həmin xidmətlərə görə qarşılıq almalıdır. Söhbət mənzildən gedirsə, düşünülməsi mümkündür ki, bundan yaxşı qarşılıq ola bilməz.

Uzun müddət Azərbaycan mətbuatında çalışan insanlarımız var. Onların bəzilərinin hazırkı sosial-məişət durumları heç də yaxşı vəziyyətdə deyil. Elələri var, ümumiyyətlə, mənzilləri yoxdur, müəyyən qismi də ömürlərini məhrumiyyətlər içərisində sürürlər. Onların bir qismi müraciətlərini birbaşa cənab prezidentə ünvanlayıblar. Əlbəttə, mənzil alanlar içərisində bu kateqoriyadan olanlar də olacaq. Fərdi müraciətlər MŞ-yə də daxil olur. Müraciət müəllifləri ilə əlaqədar məlumatları da Prezident Administrasiyasına təqdim edəcəyik.

Bilirsiniz, Azərbaycan kiçik ölkədir. Jurnalistikamızda isə az qala hamı bir-birini tanıyır. İstərdim ki, hər kəs bu məqama da diqqət yetirsin. Amma bəzən diqqət yetirmirlər. Bizə üz tutanlar içərisində müxtəlif ailə üzvlərinin adına evləri olanlara da rast gəlinir. Özləri də deyirlər. Hətta bir deyil, bir neçə mənzili olduğunu bildiklərimiz də qapımızı döyür.

Tutalım, belələrinin də özlərini dövlətin verəcəyi mənzilə iddialı saymaları məqbuldur. Kimsə düşünə bilər ki, mətbuatımızın inkişafındakı xidmətlərə görə mükafat kimi ona ev verilməlidir. Ancaq gəlin, jurnalistlər üçün mənzil təşəbbüsünün qaldırıldığı üç il əvvələ, ölkə prezidenti cənab İlham Əliyev Azərbaycan Mətbuat Şurasının yeni binasının açılışı zamanı Şura üzvləri ilə keçirdiyi görüşdə səslənən fikirlərə diqqət yetirək. MŞ İdarə Heyətinin üzvləri dövlət başçısına jurnalistlərin sosial-məişət qayğılarının olduğunu bildirmişdilər. Müzakirələr gedişində bəzi məqamlara diqqət yetirilmişdi ki, onlardan ən başlıcası jurnalistlərin evsizliyi, müəyyən qisminin isə mənzil şəraitinin acınacaqlı durumu idi. Biz bu problemi həll etmək üçün cənab prezidentə müraciət etmişdik. Yəni istəyimizin bəlli məqsədi var idi və dövlət başçısı məhz qeyd etdiyimiz məqamları nəzərə alıb. Təsadüfi deyil ki, 22 iyul 2010-cu il tarixli sərəncam Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsini gücləndirməyi nəzərdə tuturdu. Mənzil tikintisi üçün vəsait də məhz buna görə ayrılmışdı. Çox istərdim ki, həmkarlarımız bu cəhətə diqqət yetirsinlər. Mətbuat Şurası hazırda mənzil bölgüsü üçün meyarları müəyyənləşdirərkən ilk növbədə üç il öncə imzalanmış sərəncamın mahiyyətini və haqqında bəhs etdiyimiz görüşdə səslənmiş fikirləri əsas götürüb. Əlbəttə, yekun dəyərləndirmədə ehtiyaclılar içərisində daha çox xidmətləri olanların əməyinin qiymətləndirilməsi də prinsip kimi nəzərə alına bilər. Hər bir halda son qərar ölkə rəhbərliyinindir.

- Mətbuata açıqlamalarınızın birində mənzil məsələsinin jurnalistikamız üçün vicdan imtahanı olduğuna dair fikir bildirmişdiniz. Mediamızın bu imtahandan üzüağ çıxacağına inanırsınızmı?

- Bizdə olan məlumatlara görə, mənzil bölgüsünün prinsipləri açıqlandıqdan sonra redaksiyalar daxilində ciddi konfrontasiyalar yaranıb. Belə görünür, zaman keçdikcə ziddiyyətlərin bir qədər də kəskinləşməsi mümkündür. Mən əlbəttə, jurnalistlərə səbirli, təmkinli olmağı və bir daha deyim, öz vicdanlarının səsinə qulaq asmağı tövsiyə edirəm. İnanıram ki, içərilərindən ən layiqliləri seçə biləcəklər.

Seçimdə dürüst olmaq zəruridir. Jurnalistlərimiz elə davranmalıdırlar ki, cəmiyyətə onların obyektiv siması yansısın. Çünki bu peşə sahibləri vətəndaşlar üçün prinsipcə bəlli nümunə və etalondurlar. Onların öz mahiyyətlərini qorumaları vacibdir. Bunun yeganə yolu yenə də deyim, vicdanlı yanaşmadan keçir.

- Televiziya jurnalistlərinin Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edəcəyini bildirdiniz. Mətbuat Şurası isə mətbuatda çalışanlarla bağlı məsələni tənzimləyəcək...

- Bu bölgü əslində şərtidir. Çünki işləri birlikdə koordinasiya edirik. Mənzil tikintisi üçün lazım olan vəsait KİVDF tərəfindən idarə olundu və qurumun gördüyü işlər uğurlu alındı. Fəaliyyətimiz uğurlu alındı da deyə bilərik. Əlbəttə, indiyədək bütün ağırlığın KİVDF-nin üzərində cəmləşdiyini vurğulamaq lazımdır. Qurum, şəxsən onun icraçı direktoru Vüqar Səfərli istər tikinti işlərinin aparılması istiqamətində görülən tədbirlərin, istərsə də sənədləşmə məsələləri ilə bağlı əvvəlki çətin mərhələsinin başa vurulmasının yükünü məharətlə daşıdı. Hazırda mənzil bölgüsü ilə bağlı prinsipləri də KİVDF ilə birlikdə həyata keçiririk. Yəni, əməkdaşlığımız davamını tapmaqdadır. Əlbəttə, Mətbuat Şurasının fəaliyyəti elədir ki, təşkilat media ictimaiyyəti ilə birbaşa əlaqədə olur. Əsas məsələ isə ümumi işin getməsi və layiqli şəkildə yekunlaşdırılmasıdır. Ümidvaram ki, birgə səylərimiz jurnalistikamızın mənafeyinə hesablanmış məntiqi nəticəsini verəcək.

- Belə söhbətlər gəzir ki, jurnalistlər üçün gələcəkdə də mənzillərin inşası mümkündür. Bununla bağlı fikrinizi bilmək maraqlı olardı.

- Ümumən onu deyim ki, Azərbaycan dövləti mediaya diqqət və qayğını özünün prioritet siyasət xəttinə çevirib. Bunu təsdiqləyən kifayət qədər faktlar var. İstər “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbulu, istər Konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, istərsə də milli mətbuatımızda, ictimai fikir tariximizdə önəmli rola malik şəxslərlə əlaqədar yubiley təntənələri, eləcə də digər məqsədyönlü tədbirlər götürülmüş xəttin davamlılığını söyləməyə əsas verir. Əlbəttə, jurnalistlər üçün yeni mənzillərin tikilməsi məsələsi də gündəmə gələ bilər. Mətbuat Şurası olaraq biz də bu istiqamətdə təşəbbüs irəli sürməyi planlaşdırırıq. Çünki Azərbaycan mediasında evsiz, məişət şəraitinin yaxşılaşmasına ehtiyac duyulan jurnalistlərin sayı kifayət qədərdir.

İndiki məqamda əsas məsələ artıq tikilmiş mənzillərin layiqli sahiblərini tapmasıdır. Hesab edirəm ki, seçimimizdə ədalətli olmağımızdan, məsələlərə təmkinli, bir-birimizin haqqına hörmətlə yanaşmağımızdan gələcək üçün planlaşdırılan bir çox məsələlərin həyata keçməsi də asılı olacaq. Nəzərə alaq ki, bir proses onun üçün zəruri sayılan mühit, münbit zəmin yaranmadan gerçəkləşə bilməz. O zəmini formalaşdıran isə özümüzük. Həssas məqamlarda reaksiyamızın doğruluğu həmin mühitin dayanıqlılığının təminatıdır. Jurnalist ictimaiyyətinin tərkibi kimi bizlər konkret davranışımızla, məsələlərə münasibətimizlə imtiyazlardan bəhrələnmə mədəniyyətimizi ortaya qoymalı, bir-birimizə dəstək göstərməliyik.

Bir məsələ də var, yeri gəlmişkən, ona da münasibət bildirməyi vacib sayıram. Bəzi şəxslər iddialar səsləndirirlər ki, jurnalistlərə mənzillərin verilməsi dövlətin medianı ələ almaq cəhdidir, söz azadlıqlarına ziddir və sair ilaxır. Hesab edirəm ki, bununla bağlı səsləndirilən fikirlər jurnalistikamızın, jurnalistlərimizin mənafeyi baxımından başlanılmış və uğurla davam etdirilməkdə olan prosesə qara yaxmaqdan başqa bir şey deyil. Hər kəs hadisə və proseslərə özünün dünyagörüşünə, əxlaqına uyğun tərzdə reaksiya verir.

Vaxtilə KİVDF yaradılanda da belə mülahizələr ortaya atılmışdı. Hamı gördü ki, qurumun müstəqil fəaliyyəti hansısa müxalifət yönümlü nəşri dəst-xəttindən döndərmədi. Əksinə, istər fərdi jurnalist yazıları müsabiqəsində, istərsə də ayrı-ayrı layihələrində qoyulmuş mövzular jurnalistikanın həyatın ən müxtəlif sahələrinə yaradıcı yanaşmasını stimullaşdırdı. Kim işinə peşəkar yanaşdısa, tənqid də etdi. Heç kəsə irad tutulmadı.

Əlbəttə, medianın dünya miqyasındakı klassik fəaliyyət üslubundan hamımız yaxşı xəbərdarıq. Onun ölkə iqtisadiyyatının tərkib hissəsi kimi özünü doğrultmasının vacibliyi, sahənin rentabelliyinin artırılmasının və bunun üçün şəraitin yaradılmasının zəruriliyi də vurğulanmalıdır. Mövcud istiqamətdəki işlərə ara verilmir. Ancaq reallıqları da nəzərə almaq lazımdır. Bu gün Azərbaycan jurnalistləri sosial cəhətdən aztəminatlı təbəqə sayılırlar. Ancaq müqayisəli yanaşsaq, ötən illərə nisbətən onların həyat şəraitində müsbətə doğru dəyişikliklər çoxdur. Ötən müddətdə buna nail ola bilmişik. Təbii, hələ görüləsi işlər çoxdur. Jurnalistlər üçün mənzil tikməklə onların həyat şəraitini yaxşılaşdırmaq imkanı varsa, bu, niyə olmasın? Mütləq gərəkdirmi ki, medianın sözün həqiqi mənasında özünü dolandıran institut olmasınadək bir jurnalist nəsli təminatsız, bu halda isə evsiz-eşiksiz yaşasın? Kimə lazımdır, Azərbaycan jurnalistini kirayələrdə qalan görmək, anlamaq olmur.

APA

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə