Əsrimizin Səyavuşu (BAXIŞ)

Zahid ORUC, Milli Məclisin deputatı

 

Onlar “üç nəfər” idilər. Hətta ayrı-ayrı tamaşalarda oynayanda belə insanlar onları vahid bir teatrın səhnəsində qəbul edirdi. Bu “üçlük” hələ sağ ikən dağılsa da, cəmiyyətin nəzərlərində monolit vəhdətlərini qoruyub saxlanmışdı və mavr nə qədər çalışısa da milli məfkurədə onların qazandığı, bərkitdiyi, kristallaşdırdığı birlik obrazını parçalaya bilmədi.

Nəsibə, Hacıbaba, Səyavuş xalqın mədəni zövqünü və incəsənət təfəkkürünü formalaşdıran adamlardır. Lakin bundan da böyük missiyaları yaradılan obrazlarda oynanılan rola peşəkar məzmun vermək və ona ürəyini daşımaqda deyil, insanların ağlında, şüurunda və zövqündə yaşamağı bacarmaqdan ibarətdir. Vətəndaş beləcə öz kumirlərinin yerişindən tutub gedir, gülüşü ilə özünü qurur və hər bir hərəkəti ilə təşkil olunurdu. Ona görə sovet nəslinin hər birində azca da olsa, NƏSİBƏ, BİR AZ OLSA HACIBABA VƏ SƏYAVUŞ var. Yəni, milləti formalaşdıran sütünlar- SƏHNƏ ADAMLARI! hündür olduqları qədər də adamları ucaldırdılar! Yeni ilin ekran sifətləri bütöv bir nəslin həyatına dönür və xalq beləcə böyüyürdü.

Səyavuşun ölümü və son mənzili bu dairəni qapatdımı? Daha onlar o dünya üçünmü əyləncə və rahatlıq, müsbət nəşə və motivasiya qəhrəmanı olacaqlar? Belə ölümsüzlər üçün bədbinlik heç yaramazdı. Hətta həyatımızdan azalacaq gülüş proqnozu da bu qəbildəndir. Lakin başlıcası, milləti müəyyən edən keyfiyyət nişanlarının və xəlqi ölçülərin balacalaşmamasıdır. Axı onların “boyu” mədəniyyətimizin meyarlarını müəyyən edir. Barometrimizi kimin üzərində kökləmək lazım olduğunu heç vaxt unutmamalıyıq!..

Nə qədər “üçlüyümüz” var?! Çiyindaşlarmızı seçməyi bizə təlqin edən bu adamların əslində HİCRANI bir idi - azərbaycanlılar! Nə yaxşı ki, sovetlərdən sonra qalıb yaşayırdılar. Dünya onları sıxsa da, mövcud idilər. Xəsətəlik tarixçələri, solğun və boyat həyatları ilə böyük bir ordunun yaşamasının nişanələrinə çevrilmişdilər - nə qədər qəribə səslənsə də. Onlar dünyadan köçəndə hərədə bir parça adam öldü. Ancaq insanlar zirvələrə qayıdacaqlar. Kimsə davamçılarını yaratmasa belə passionar enerji milli varlığı zəiflərin üzərində kökləyə bilməz!

Piramıdalar möhkəm təməllər üzərində qurulur. Varlığın mövcudluq fəlsəfəsi budur. Azərbaycanın mədəniyyət məbədləri güclü beynəlxalq basqılara və informasiya təzyiqinə yalnız korifeylərinin verdiyi dünya ilə çıxa bilər. İçinizdəki nəsibələri, hacıbabaları və səyavuşları ölməyə qoymayın!

Adamlar öz iradəsi əleyhinə dünyaya gəlir və elə də həyatdan gedirlər! Lakin fiziki ömür müddəti ilə tarixin yaşı hesablansaydı, “ƏSRİMİZİN SƏYAVUŞLARI” heç yaddaşlara gəlməzdi. Üçölçülü fəza çoxdan öz yerini ZAMANIN SONSUZLUĞUNA verib. Dünyanın coğrafiyasından qat-qat böyük bir mənəvi Aləm var ki, onu Tanrı insanlara bəxş edib. 

Ruh daşıyıcıları heç vaxt ölmürlər! Səyavuş dünyaya gələndə özü ağlamış, onlarla doğmasını sevindirmişdi. Ölümü ilə əbədi dayanan ürəyi bəlkə də çöhrəsində çoxdankı iztirblarını son qoyub ona təbəssüm verdi, milyonları isə kədərləndirdi. Bax həyatın və yaşamın mənası bundadır!

Yazı millət vəkili Zahid Orucun facebook səhifəsində götürülüb

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə