Zorlama hadisəsinə sözardı (BAXIŞ)

Əvəz RÜSTƏMOV

Belə görünür, bu günün şok xəbəri Sabunçu rayonunun Albalı qəsəbəsində yaşayan hicablı qadının həyat yoldaşının dostları kimi qələmə verilən iki şəxs tərəfindən zorlanmasıdır. Sosial şəbəkələr, internet xəbər portalları bu iyrənc olayın təfərrüratlarını paylaşmaqdan yorulmurlar. Həqiqətən də tükürpədici hadisədir. Məni bu məsələdə narahat edən başqa məqamlar da var. İstərdim onlardan danışım.

Bəli, zaman-zaman jurnalistlər gileylənirlər ki, məmurlardan, elə götürək polis orqanlarından məlumat almaq müşkilə çevrilib. Təbii, haqlıdırlar. İctimaiyyət üçün zəruri sayılan məlumatları sirr kimi saxlayanların, bununla da əslində nəyə xidmət etdiyini anlamayanların naşı hərəkətlərinə çox şahidlik etmişik. Amma söhbət bu gün xəbəri yayılmış zorlama hadisəsindən gedirsə, mən olayla əlaqədar məlumat verən Sabunçu Rayon Polis İdarəsinin nəyə xidmət etdiyini heç anlaya bilmədim…

Məlumatda cinayətdə şübhəli bilinənlərin adları çəkilir. Onlardan birinin Naxçıvandan olduğu deyilir. Hadisənin spesifikliyindən çıxış edərək ilk sualımı ünvanlayıram: nə dəxli var, adam hardandır? Həmin adamın mənsub olduğu yeri polisin öz informasiyasında verməsi lazımdırmı? Görünür, lazımdır. Niyə?.. İkinci suala keçid alıram. Zorlanmış qadının hicab taxtığını və dindar olduğunu qabartmağa nə ehtiyac var? Polis üçün həmin qadın prinsipcə adi vətəndaşdır. Diqqət yetirək, hadisə demək olar, kənd yerində - Albalı qəsəbəsində baş verib. Deməli, naxçıvanlı şəxs Bakının kəndində qadına təcavüz etdi - effektin məhz buna hesablandığını düşünməyə başlayıram. Özü də söhbət hicablı qadından gedir. Təsəvvürə gətirirsinizmi, belə bir xəbərin yayılması hansı reaksiyaları doğura bilər? Dindar kəsim var. Şübhəsiz, bu kəsimin məsələyə radikal yanaşması proqnozlaşdırılandır. Radikallığın bir müddət öncə keçirilən «hicab aksiyası» zamanı hansı həddə çatdığını görmüşdük. Yenə oxşar vəziyyət təkrarlansınmı? Bu günkü zorlama hadisəsini əldə bayraq edərək müəyyən sifarişlər yerinə yetirənlərin də meydana atılması mümkündür.

Digər tərəfdən, üzr istəyirəm, qudurğan naxçıvanlı obrazının yaradılmasına diqqət yetirək. Sizcə, Sabunçu Rayon Polis İdarəsinin belə təqdimatı regionçuluq yaratmırmı? Yenə də deyirəm, polisin hələ tutub məsuliyyətə cəlb etmədiyi halda potensial cinayətkarın (məhkəmə qərarının yoxluğuna görə potensial cinayətkar yazıram) bölgə mənsubiyyətini qabartmasını, şəxsin məhz Naxçıvandan olduğunu bəyan etməsini heç cür anlaya bilmirəm…

Tutalım, haradasa qətl hadisəsi baş verir və qətli törədənin kimliyi bilinmir və ya ehtimal olunur. Bu durumda da istintaq sirri deyilən şey var. Hərdən həmin sirr səbəbindən hansısa məlumat ictimaiyyətə açıqlanmır. Bəzən də ad çəkilir, foto-robot hazırlanır və sair ilaxır. Amma hazırkı durumda məsələ həssaslıq nöqteyi-nəzərdən tamam başqadır. Güman edirəm, həssaslığı izah etməyə ehtiyac yoxdur… Yaxşı olmazdımı ki, hadisə barədə ümumiyyətlə mediaya informasiya verilməyəydi? Yaxud heç olmasa, adları çəkilən günahkarlar kimdirsə, onlar tutulub saxlanaydı, sonra məlumat yayımlanaydı? Polisə bu rəzilliyin cəmiyyətə çatdırılması çoxmu lazım idi? Birdən hadisədən hiddətlənmiş hansısa kənar şəxs cinayəti törətməkdə şübhəli bilinən (adı açıqlanmış) adamlara xəsarət yetirsə, onu həyatdan məhrum etsə, necə? Əlbəttə, cəmiyyətdə xaos yaranacaq. Əslində xaosun müəyyən qismi artıq yaranıb. Bir çoxu ağlına gələn, cılız fantaziyasından, yarımçık seksual təsəvvürünün nakam bucağından boylanan başlıqları sıralayır. Ay nə bilim, «Qruppavoy» zorladılar», «Hicablı qadın zorlandı»…

Daha bir məqam. Məlumatda polis idarəsinin adı çəkilməyən nümayəndəsindən belə bir sitat var: «Biz hətta ailədə parçalanma olmaması üçün qadına zorlama barədə ərinə danışmamağı təklif etdik. Lakin o dedi ki, həqiqətin üstü əvvəl-axır açılacaq və buna görə də, o, hər şeyi ərinə etiraf edəcək». Adama deyərlər, ay zalım oğlu, sən aləmi bir-birinə vurmusan, o naxçıvanlı kimdirsə, onun dəhşət saçan manyak rəsmini çəkmisən, indi bəlkə Albalıda həyat yoldaşı hicab taxan kişilərin hamısı bir-birinə dəyib, sənin qadına təklif etdiyinin nə mənası var? Guya ailənin parçalanmasını istəmir! Sənin nümayiş etdirməyə çalışdığın yarımçıq insanlığının vəzifə səlahiyyətinə nə dəxli var? Qadına nə təklif etmisən, etmisən, demək çoxmu lazım idi?! Məlumatdakı başqa bir cümləyə diqqət yetirək: «Bu əclaflar qanunun tam ciddiyyəti üzrə cavab verəcəklər…» Polisin informasiyada işlətdiyi "əclaflar" sözünə bax. Qanun ona ciddi yanaşmanı tələb edirsə, get adamı tut da, özü də bilirsən kimdir, niyə boş-boş Ceyms Bondluq edirsən? Bircə "vorzakon" kimi danışmaq qalmışdı...

Əlbəttə, bu informasiyanın qəsdən yayıldığını, prezident seçkisi kimi önəmli proses öncəsi məqsədli şəkildə nifaq yaratmağa hesablandığını söyləmək də mümkündür. Düşünsək ki, Azərbaycanın polis sistemi şüurlu, hər addımının yerini bilən, hadisə və prosesləri dəqiq təhlil etmək bacarığına malik şəxslərdən ibarətdir, belə mülahizə yürütmək tam yerinə düşür. Yox, əgər hesab etsək ki, Sabunçu Rayon Polis İdarəsinin, konkret olaraq cəmiyyətə belə bir rəzil mahiyyətli informasiyanın ötürülməsinin həyata keçirilməsinə məsul şəxsin Azərbaycanın yüksək ənənələrə malik polis sisteminə aidiyyatı yoxdur, o zaman bu sistemin təsadüfi simalardan təmizlənməsi təmin olunsun. Nəzərə alınsın ki, belə tükürpədici olayların sayının artması xeyli dərəcədə həmin təsadüfi simaların yarıtmaz fəaliyyətilə bağlıdır.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə