Şərif Güneldən nə alıb? (BAXIŞ)

Əvəz RÜSTƏMOV

Ömrümdə bir dəfə də olsun əlini sıxmadığım, keyfiyyətlərinə bələd olmadığım Şərif Ağayarın kulis.az-da gedən «Günelin nəyi var ki, satsın?!» sərlövhəli yazısını təhlil etməkdən uzağam. Nə də millətçiliyi qıcqırmışlardanam. Şərif bəyə xoş getməsi üçün deyim ki, qələm adamı kimi onun qədər tanınmamışam. Özümə də xoş gəlsin deyə bildirim ki, Şərif Ağayarın tanındığı kimi tanınmağı arzulamıram.

Onu da etiraf edim ki, Dostoyevskini, Pamuku, Tolstoyu, elə lap Anarı da Şərif bəy qədər dərindən oxumamışam. Sadəcə bir qədər düşünmüşəm. Düşündükcə də belə qənaətə gəlmişəm ki, bu və ya digər məsələyə yanaşma tərzi ilə ədəbiyyatı və müharibəni ayrı-ayrı şeylər edən cəhətləri tamamilə aradan qaldırmaq olar. Hətta ədəbiyyatın müharibə yaratması da mümkündür. Məsələn, hamımızın yaxşı tanıdığı şair Rüstəm Behrudi şerində Bakını fahişə qadına bənzədirsə və oxşar bənzətməsini fərqli formalarla təkrarlayırsa, yüz də bədii təsvir vasitəsindən yararlandığını desin, xeyri olmayacaq… Bu misalı ona görə çəkdim ki, yaradıcı şəxs konkret hazırlıqlı oxucu auditoriyasına ünvanlanmış fikirinin eyni zamanda hazırlıqsız toplumda hansı effekti doğuracağını hesablamalıdır. Söhbət Azərbaycan kimi ölkədən gedirsə, daha həssas olmaq şərtdir. Və mən tutalım hazırlıqsızları düşünərək soruşmuram ki, R.Behrudi əxlaqlı adamdırsa, niyə fahişəni sevir? Gəlin, lap bədii formada etiraz edim və deyim ki, bu adamın dövlətimiz Azərbaycanın paytaxtı Bakı şəhərini fahişəyə olan sevgisinin ilahiləşdirmə ünvanı seçməsi murdarlıqdır. Lap murdarlıq olmasın e, hər halda hazırkı səviyə etibarilə sadə azərbaycanlının Behrudinin bənzətməsindən görüb-götürəcəyi heç nə yoxdur. Üstəlik şairin boya-başa çatdığı yerin əhalisi də adını hansısa demokrat qoyan adamın onun doğma yurdu barədə bədii çərənləmələrinə dözməz. Məncə, heç dözməz. Deməli, bu durumda ədəbiyyat müharibə də yarada bildi.

Kütlə hər bir halda zəifdir. Şərif bəyin təbirincə desək, linç edəndir. Ziyalı bu zəifliyin aradan qaldırılmasına köməklik göstərməlidir. O, həqarət yağdırırsa, yaşadığı toplumun  qavram tərzini, ümumən reallıqları görmürsə və həmin reallıqlara uyğun şəkildə xalqın rifahı üçün zəruri mübarizə vasitələrini axtarmırsa, yazdıqları, söylədikləri nə qədər bəşəri dəyərlərə, insanların dinc, birgəyaşam musiqisinin notlarına köklənsə də, zamanında səslənmədiyi üçün yaxşı halda ifratdan o yana keçməyəcək. Pis halda həmin adam Əkrəm Əylisliyə çevriləcək. Çünki Əkrəm Əylisli «Mənim nəğməkar bibim» üçün formalaşdırdığı auditoriyanı «Daş yuxular» üçün formalaşdırmamışdı. Axı, Əkrəm Əylislini Əkrəm Əylisli olaraq sevən və sözün həqiqi mənasında məşhurlaşdıran «Daş yuxular»ın yox, «Mənim nəğməkar bibim»in auditoriyası idi. Nə qədər axmaq olasan ki, bunu nəzərə almayasan! Yox, nə Əkrəm, nə də Günel axmaqdır, özlərini axmaqlığa vururlar, hesab-kitablarını hamımızdan yaxşı bilirlər.

Hə, anlamayasan və Güneli müdafiə edirmiş kimi yazasan ki, serjantdan qorxan, millət vəkillərinin qarşısında quyruq bulayan, haqqı tapdananda susan adamlar yazıçının üstünə xoruzlanırlar. Söz konkret kimə atılır bilmirəm, amma qoyuluş eynilə Günelin müsahibəsindəki kimidir, toplumsaldır. Xanım Mövlud da Azərbaycanı başdan ayağa yaltaqların, şərəf və ləyaqətini satanların məskəni kimi qələmə verir. Cəmiyyəti bu qədər aşağılamaq olarmı?

Bu, necə ola bilər ki, ölkədə hamı daimi qorxu və həyəcan içərisində yaşasın?! Kim özünə belə yaşayışı rəva bilir? Lap tutalım kimlərsə bu cür yaşayırlar və vəziyyətlərini hiss etməyəcək qədər iflicdirlər. Günel prinsipcə istəməlidir ki, onlara kömək göstərsin. Amma o nə edir? Dünya görüşünü və təfəkkürünü eqoist adam görüntüsü yaratmağa xərcləyir. Nə olsun, Markesi, ay nə bilim Trotskini, Pamuku, Drayzeri oxuyub? Oxuyub ki, özünü ağıllı qələmə versin, ətrafdakıları bəyənməsin? Bəyənmədi neynədi ki? Nəticə etibarilə bəyənmədiklərinin bir çoxunun vaxtilə əl atdığı üsula əl atdı, yalan danışdı, dedi ki, hədələnib. Məsələləri bir-birinə qarışdırdı, bir müsahibəsində bildirdi ki, Azərbaycanda cahillik insanları hicaba sürükləyir və dinə yuvarlanma hakimiyyətin marağındadır, o biri açıqlamasında hakimiyyətin guya dini sıxışdırdığını dilə gətirdi… Bəli, Şərif bəy, Sizin tanıdığınız Günel məntiqi, istedadı yerində olan birisidir, amma öz sözünü deyəndə. Bu halda «Günel Mövlud hara müsahibə verib, nə deyib, bu onun öz işidir» demək olmur. Çünki onun bütün körpüləri yandırdığı, yaradıcı potensialından yaraşmaz bir tərzdə bəhrələndiyi, siyasi oyunbazlığa yol verdiyi apaydın görünür. Nəyə görə? Almaniyada yaxşı həyat şəraiti sürmək üçünmı?! O gün facebook profilində yazmışdı ki, Almaniya hökumətinin dəstəyi ilə Berlin küçələrində gəzməyə çıxacaq…

Günel həmişə bu və ya digər dərəcədə pislənilirdi. Şərif bəy, Siz buna linç deyirsiniz. Bilirsinizmi niyə o, linç edilirdi? Yenə də deyirəm, fikirlərini insanları o fikirlərə hazırlamadan ifadə edirdi. İnsanları hazırlamaq üçün iş görmürdü. Özünü fikir adamı kimi göstərməyin yolu heç də o deyil ki, hamı ilə münaqişədə olasan. Azad seksdən danışasan, onu sanki insan azadlığının fantanı kimi qiymətləndirəsən. Qonşumuz Fatmanisə xala, hələ onun fasebook-dakı nəvələri üçün Günel əlbəttə tərbiyəsiz adam olacaq. Günelə tərbiyəsiz deməyənlər və ona cəsarət mücəssiməsi kimi baxanların da şüuru o səviyyədə deyil ki, azad seksi zorlamaq anlamında görməsin. Belədə bu məsələ, bu azadlıq deyək, kimə lazımdır? Mən öz yanımdan düşünə bilərəm ki, belə bir ideyanın kimlərinsə üzərində cəmiyyətə sırıdılması məsələn, Azərbaycanda vəziyyəti qarışdırmaq istəyənlərin şüuraltı həyata keçirdikləri tədbirlərdən biridir. Kim kimi istəyir zorlasın, cəmiyyət mənəvi deqredasiyaya uğrasın. Zatən görünən də buna doğru yol almağımızdır.

Mümkündür ki, günellər, o birilər oyundakı alətlərdir. Bu oyunda saxta beynəlmiləlçilik, Azərbaycandan, Gürcüstandan və Ermənistandan yeni benilüks düzəltmək niyyəti də var. Bu niyyətdə azərbaycanlı, erməni və gürcü üçün vahid Qafqaz evi əsas tutulur və Qarabağın Ermənistan ərazisi kimi rəsmiləşməsi heç kəsin vecinə olmur. Planı həyata keçirmək üçün ortaya adamlar çıxır və onlar deyirlər ki, «mənim əqidəmə görə xalqlar və millətlər biri-biri ilə düşmən olmur heç zaman». Müstəqil Azərbaycan Respublikasının torpağının 20 faizi, elə xanım Mövludun doğulub boya-başa çatdığı Cəbrayıl, Şərif Ağayarın yurdu Laçın işğal altında qalır. Şərif bəy, bu məğlubiyyətin və məhrumiyyətin heyfi necə alınsın?!

Heç kəs istedadlı qələm adamının beyninə girib onun düşüncəsini dəyişəcək qədər əbləh deyil. Amma gərəkdir ki, qələm adamı da insanlardan əbləh düzəltməsin, onları zombi qiyafəsində görməsin. Nəhayət, ağıllı olmaq istəyirsə, bunu ətrafdakıları dəli yerinə qoyaraq etməsin. Hamının hara qədər, hansı məqamlarda dəli olduğu, nə zaman, nədən asılı olaraq özünü ağıllı apardığı və nəhayət hansı dəyərləri satdığı hər kəsə yaxşı məlumdur. Şərif bəy, Günel Mövludun məqsədini bir kənara qoyuram, zənnimcə o, erməni saytına demokratliyi imitasiya etməklə ilk növbədə oxuduğu kitabların mütərəqqi müəlliflərinin ona aşıladığı dəyərləri nəinki satdı, həmin dəyərlərin tonqalda yandırılmasını seyr etdi.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə