BAMF-ın layihəsi çərçivəsində mühüm görüşlər keçirilib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) UNİCEF-in dəstəyi ilə həyata keçirdiyi və  Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin regional liderləri ilə UNİCEF-in ofisində görüş olub. Bu barədə məlumat 168.az-a BAMF-ın informasiya departamentindən daxil olub.

Görüşdə UNICEF-in Azərbaycan üzrə direktoru Mark Herevard və qurumun digər rəsmiləri, layihənin əsas koordinatoru Nik Nvolisa, regional koordinator Həcər Əsgərova, regional liderlər Ülviyyə Babayeva, Rafiq Əliyev, Ceyhun Quliyev, Fuad Sadıqov və Nuridə Həsənova iştirak ediblər.

Regional liderlər layihənin icrasında iştirak edən könüllü yeniyetmə və gənclərdən ibarət Təbliğat Qruplarının çoxşaxəli fəaliyyətindən, gənclərin ən çox üzləşdikləri erkən evlilik, narkotikadan istifadə hallarına, sağlam həyat tərzinə, ətraf mühitin mühafizəsinə zidd hallara qarşı mübarizə məqsədilə apardıqları maarifləndirmə və təbliğat işləri barədə Mark Herevarda məlumat veriblər. Onlar layihənin region gəncləri arasında böyük rəğbət qazandığını, gənclərin fəallığının artmasına, innovativ təşəbbüslərin dəstəklənməsinə, regionların sosial-iqtisadi inkişafı proseslərində onların rolunun artmasına təsir göstərdiyini, gənclərin şəbəkəsinin genişləndiyini vurğulayıblar.    

UNİCEF-in Azərbaycan üzrə direktorunun müavini Rəşid Mustafa gənc liderlərə qurumun dünyadakı və Azərbaycandakı missiyasından danışıb, gənclərin, xüsusilə regionda yaşayan və fəaliyyət göstərən oğlan və qızların fəal həyat mövqeyinin formalaşması, ictimai fəallıqlarının artırılması, sağlamlığının təminatı istiqamətində layihələri daim dəstəklədiyini bildirib.

UNİCEF-in beynəlxalq məsləhətçisi Metyu Nauman gənclərin regionda üzləşdikləri çətinliklərlə, yerli hakimiyyət, özünüidarəetmə orqanları və icma rəhbərləri ilə əməkdaşlıq zamanı üzləşdikləri problemlərlə və hansı dəstəyə ehtiyac duyduqları ilə maraqlanıb. Gənc liderlər layihənin icrasına yerli icra strukturları, icma rəhbərləri, gənclər və idman idarələri tərəfindən daim dəstək verildiyini bildirdilər.

Regional liderlər UNİCEF-in ofisi ilə tanış olublar. Təşkilatın əməkdaşları Ayda Aylarova, Elnur Əliyev, Natiq Umarov, Leyla Həsənova və Kənan Məmmədli  onlara ayrı-ayrı departamentlərin fəaliyyəti barədə məlumat veriblər.

“Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin gənc liderləri həmçinin Gənclər və İdman Nazirliyində də görüşdə olublar. Nazir müavini İntiqam Babayev layihənin gedişi ilə maraqlanıb və regionda belə bir təşəbbüsün həyata keçirilməsini gənclərin ictimai fəallığının artırılması istiqamətində uğurlu bir addım olduğunu vurğulayıb. O, ölkədə gənclərlə bağlı reallaşdırılan dövlət siyasətindən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi xüsusi etimad və qayğıdan söz açıb. Sonra regional liderlər nazirliyin ayrı-ayrı şöbələrinin fəaliyyəti ilə tanış olublar. Sonda regional liderlərə Gənclər və İdman Nazirliyinin hədiyyələri təqdim olunub.

Xatırladırıq ki, məqsədi regiondakı gənclər və yeniyetmələri idarəetmə işlərinə daha yaxından cəlb olunmaları istiqamətində təlimləndirməkdən, ətrafda baş verənlərə daha fəal mövqe nümayiş etdirməyə həvəsləndirməkdən, gənclərin həyatı ilə bağlı müsbət dəyişiklikləri müdafiə etməkdən ibarət olan layihənin icrasına 2011-ci ilin oktyabr ayından başlanılıb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə