İcazəsiz aksiyada “PRESS”li iştirakçılar olub

Üzərində «PRESS» yazılmış xüsusi göcəkçələrdə olan bir sıra şəxslər heç də peşə fəaliyyəti ilə məşğul olmayıblar, digər iştirakçılarla birgə aksiyanın içərisində yer alıblar. Mətbuat Şurasının bu gün yaydığı məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, Azərbaycan Mətbuat Şurası bu gün Bakının mərkəzində - Fəvvarələr meydanında keçirilmiş icazəsiz aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri sahəsindəki vəziyyətin monitorinqini aparıb.

MŞ-nin Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu aksiyanı işıqlandıran kütləvi informasiya vasitələri təmsilçilərinin əksəriyyətinin üzərində «PRESS» yazılmış xüsusi göcəkçələrdə olduqlarını müəyyənləşdirib. Onlara qarşı hər hansı təzyiq faktı qeydə alınmayıb. Bununla əlaqədar qrupun üzvlərinə də müraciət daxil olmayıb.

MŞ-nin monitorinq qrupunun üzvləri üzərində «PRESS» yazılmış xüsusi göcəkçələrdə olan şəxslərə hərəkətlərinin jurnalistika prinsiplərinə zidd olduğunu bildiriblər. Həmin şəxslərin bəzisi hansı media orqanında çalışdıqları ilə bağlı sualı cavablandırmaqdan yayınaraq aksiya yerindən uzaqlaşıb.

Məlumatda həmçinin bildirilir ki, Azərbaycan Mətbuat Şurası bir daha kütləvi aksiyaları işıqlandıran jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdən istifadəni, ekstremal vəziyyətlərdə xüsusilə diqqətli olmağı tövsiyə edir. Jurnalist cəmiyyəti baş verən hadisə barədə dəqiq, qərəzsiz və ədalətli informasiya ilə təmin etməyə məsuldur. Buna görə də aksiya iştirakçısı təsiri bağışlayan hərəkətlərin şəxsi təhlükəsizliyə, informasiya çatdırmaq missiyasının yerinə yetirilməsinə mənfi təsir göstərə biləcəyi nəzərə alınmalıdır.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə