Umud Rəhimoğlu Nursultan Nazarbayevin qızı ilə görüşüb

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutu (BMİ) İdarə Heyətinin üzvü və qurumun possovet respublikaları və Şərqi Avropa ölkələri üzrə mandatını həyata keçirən Bakı Regional Mərkəzinin rəhbəri Umud Rəhimoğlu və BMİ Azərbaycan Milli Kimitəsinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət Qazaxıstan və Qırğızıstan respublikalarına səfər ediblər. Bununla bağlı məlumat 168.az-a Beynəlxalq Mətbuat İnstitutunun Bakı Regional Mərkəzindən daxil olub. Səfərdən əsas məqsəd XI Avrasiya Media Forumunda iştirak etməkdən, hər iki ölkədə BMİ-nin Milli Komitələrini yaratmaqdan və müvafiq qurumlarla BAMF-ın əməkdaşlıq məsələlərini müzakirə etməkdən ibarət idi.

Səfərin birinci günü onlar Qazaxıstanın paytaxtı Astana şəhərində XI Avrasiya Media Forumunda iştirak ediblər. İki gün davam edən bu tədbirə Avropadan,  Rusiyadan və Şərq ölkələırindən tanınmış jurnalistər, media qurumlarının rəhbərləri və ekspertlər qatılıblar. Forumun açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və Avrasiya Media Forumu İdarə Heyətinin sədri, Forumun təşkilat komitəsinin sədri Dariqa Nazarbayeva çıxış ediblər.

“Səfər zamanı Dariqa Nazarbayeva ilə keçirdiyimiz görüş böyük əhəmiyyət kəsb edirdi. Görüş əsnasında BMİ-nin regionda maraqları, qurumun Qazaxıstan Milli Komitəsinin çox tanınmış media mənsublarından ibarət tərkibi haqqında məlumat xanım Nazarbayevanın diqqətinə çatdırıldı. Biz Avrasiya Media Forumu ilə gələcək əməkdaşlıqda maraqlı olduğumuzu bildirdik. D.Nazarbayeva görüşdən olduqca məmnun qaldığını və əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını qeyd etdi” -deyə Umud Rəhimoğlu bildirib.

Səfərin üçüncü günü Alma-Ata şəhərində BMİ-nin Qazaxıstan Milli Komitəsinin yığıncağı olub. Milli Mətbuat Klubunda baş tutan yığıncaq iştirakçılarına BMİ Bakı Regional Mərkəzi barədə məlumat verilib. Sonra MK-nın fəaliyyəti, BMİ-nin region ölkələrində müstəqil medianın və söz azadlığının inkişafı sahəsində strateji maraqları, Bakı Regional Mərkəzi ilə əlaqələrin davamlı şəkildə inkişaf etdirilməsi mövzusunda müzakirələr aparılıb, üzvlərə BMİ Milli Komitəsinin üzvlük biletləri təqdim edilib.

Umud Rəhimoğlunun sözlərinə görə, Qırğızıstan görüşləri də faydalı olub. O, Bişkek şəhərində BMİ-nin Qırğızıstan Milli Komitəsinin təsis yığıncağında iştirak edib. BMİ-nin tərkibi 5 nəfər təcrübəli və tanınmış jurnalistdən ibarət olan Milli Komitəsi formalaşdırılıb və qurumun rəhbəri seçilib, MK-nın fəaliyyətinin prioritet istiqamətləri müzakirə olunub.

Qırğızıstanda daha bir neçə faydalı görüşlər baş tutub. Umud Rəhimoğlunun  Qırğızıstan “Xəbər” Milli İnformasiya Agentliyinin direktoru Kubanıçbəy Taabalgiyevlə, Qırğızıstan Respublikası İctimai Yayım Korporasiyasının baş derektoru Kubat Otorbayevlə və Qırğızıstan KİV  İşçilərinin Həmkarlar Təşkilatının sədri Meri Bekoşovla görüşlərində müstəqil medianın və söz azadlığının inkişafı və bu sahədə BMİ Milli Komitələrinin rolunun artırılması məsələləri, ölkələr arasında davamlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə mövzusuna çevrilib.

Səfər çərçivəsində Umud Rəhimoğlu Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla da görüşüb. Görüşdən çox məmnun qalan səfir regiona səfərin məqsədilə maraqlanıb. Görülən   bütün işlər, keçirilən görüşlər və tədbirlər barədə səfirə məlumat verilib. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə