KİV-lər Parisi necə azad etdilər? (MÜHARİBƏ)

Müasir dövrümüzün Liviya və Suriya kimi müharibələrinin ayrı-ayrı epizodlarının sosial şəbəkələrdə, internet xəbər portallarında və ya kütləvi informasiya vasitələrinin elektron səhifələrində yayılmasını görür və buna laqeyd yanaşmırıq. Media müxtəlif proseslərə münasibətdə istiqamətləndirici funksiya daşıyır və bu missiya getdikcə daha çox  özünü göstərməkdədir. Ancaq yəqin çoxlarımız bilmirik ki, ilk dəfə medianın proseslərdə aktiv iştirakı 70 il öncə Parisdə yaşanıb. Bəli, informasiya müharibəsində qələbə qazanmanın ilk metodları İkinci Dünya Müharibəsi dönəmində istifadə edilib.

1944-cü ilin avqustunda müttəfiq qoşunları Normandiyanı ələ keçirdikdən sonra əraziyə hərbi birləşmələrlə yanaşı, qəzetçilər, fotomüxbirlər, kino operatorları, radio repartyorları da daxil olmağa başladılar. Həmin vaxt Normandiyada olan qurama Vişi faşist hökumətinin tabeçiliyindəki kütləvi informasiya vasitələri də sıradan çıxdı və onların yerini Fransa Azadlıq Hərəkatının tabeçiliyindəki mətbu vasitələr tutdu. O zaman təhlükənin sovuşmamasına baxmayaraq, ərazidə çoxlu sayda qəzet çıxırdı. Onların hamısı demək olar, eyni formatda vərəqə şəklində nəşr olunurdu. Çünki ağır artireliya atəşləri şəraitində başqa vasitələrə əl atmaq mümkünsüz idi. Orada dərc edilən fotolarda alman nasistləri köməksiz halda təsvir olunurdular. Ancaq KİV-lərdə yazılanlar heç də həmişə həqiqəti əks etdirmirdi.

Əlbəttə, həmin dövrdə çəkilmiş fotolar heç də yüksək keyfiyyətə malik deyildi. Lakin istər onların, istərsə də qəzetlərdə gedən informasiyaların əsas yükü Parisi düşməndən xilas etməyə yönəlmişdi. O dönəmdə bir sıra parislilər məlumatları belə demək mümkünsə, havadan əldə edirdilər. Çap olunmuş qəzetlər Parisə hərbi təyyarələrdən atılırdı və beləcə insanlara ruh yüksəkliyi aşılanırdı. Nəticədə nəinki sadə parislilər silaha atıldılar, eyni zamanda əllərində olan fotoaparatları ilə döyüş səhnələrini lentə almağa girişdilər. Bəzən özləri də hiss etmədən sənət əsərləri yaratdılar. Ən əsası isə müqavimət göstərərək mübarizəyə öz töhfələrini verdilər.

Parisin ələ keçirilməsi gedişində radiolar da əsas rolu oynadı. Radio yayımının köməyilə parislilər şəhərin hansı hissəsində barrikadaların qurulmasının vacibliyi barədə informasiyalar əldə edirdilər. Ən mühüm missiya da elə bu idi. Həm radiolarda, həm də qəzetlərdə partlayıcı vasitə olan «Molotov kokteyli»nin hazırlanması üsulları təlqin edilirdi. Bundan başqa yaralıları hansı məntəqələrə daşımağın zəruriliyi izah olunurdu.

BBC-dəki «Azad Fransa» hərəkatının radio xidməti 1940-cı ilin yayında yayıma başladı və onun işi hadisələrin gedişi ilə manipulyasiya etməkdən ibarət oldu. Avqustun 23-də radiostansiya hətta Parisin düşməndən azad edioməsinə dair tamamilə yalan informasiya yaydı. Həmin vaxt məsələni elə beləcə də qəbul edən parislilər küçələrə çıxır və elə oradaca almanların güllə-boranına tuş gəlirdilər. Müharibənin sonuna yaxın da eyni taktikadan istifadə edildi, ancaq müttəfiq qoşunlarının tabeçiliyindəki mətbu vasitələrin bu gedişi nəticəsini verdi.

Ümumən müharibənin sonlarına yaxın Avropanı dezinformasiyalar bürümüşdü. Hər yerə faşizm üzərində qələbənin qazanıldığı car çəkilirdi. Planlı şəkildə həyata keçirilən bu tədbir nəticəsini də verdi. Paris azad edildikdən sonra jurnalistlər artıq generel Şarl de Qolun Yelisey sarayının önündəki çıxışını yayımladılar.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə