Eldar Mahmudova haker hücumları ilə bağlı MÜRACİƏT

 

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi son günlər «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin saytına haker hücumu ilə bağlı Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, qloballaşan dünyada dövlətlərin təhlükəsizlik meyarları sırasında informasiya təhlükəsizliyi məsələsi ön planda dayanır. Hər bir dövlət fəaliyyətində bu amili dəyərləndirir və iş prinsiplərini ona uyğun şəkildə qurur.

İnformasiya təhlükəsizliyi mühitinin diqtə etdiyi şərtlər sırasında ölkələrin ictimai həyatına təsir göstərən mühüm institut kimi media orqanlarının da sərbəst və maneəsiz şəkildə yayımı mühüm yer tutur. Amma təəssüf ki, son bir ildə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin saytlarına, eləcə də elektron xəbər resurslarına haker hücumları getdikcə adiləşməkdədir. Bu baxımdan 2013-cü ilin avqust ayının ilk ongünlüyündən başlayaraq «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin saytına olan hücumları göstərmək mümkündür.

Hər iki kütləvi informasiya vasitəsinin elektron resurslarına edilən hücum müəyyən dairələrdə ölkədə söz və ifadə azadlıqlarını məhdudlaşdırmaq cəhdi kimi də qiymətləndirilməkdədir. Prezident seçkisi kimi taleyüklü həssas hadisənin yaxınlaşdığı bir dönəmdə belə münasibətin meydana çıxması Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir, ölkədə son illər media sahəsində reallaşdırılmış məqsədyönlü kompleks tədbirlərin əhəmiyyətinə kölgə salır. Kiber cinayətləri həyata keçirənlərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilmələrinin təmin olunması bu kimi xoşagəlməz qiymətləndirmələrə rəvac verən amillərin aradan qaldırılması baxımından da önəmlidir.

Müraciətdə həmçinin MTN rəhbərindən «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin saytına haker hücumu ilə bağlı məsələni diqqətdə saxlamaq, günahkarların tezliklə tapılaraq qanun qarşısında dayanmaları üçün bütün zəruri vasitələrdən istifadə xahiş olunur. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə