Jurnalist-QHT Koalisiyası Lənkəranda və Xaçmazda seçicilərlə görüşdü

 

“Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan “2013-cü il prezident seçkilərinin monitoriniqi” layihəsi çərçivəsində növbəti görüşlərini Lənkəran və Xaçmaz şəhərlərində keçirib.

Tədbirlərdə çıxış edən “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyasının rəhbəri Seymur Verdizadə rəhbərlik etdiyi alyansın məqsəd və vəzifələri barədə məlumat verib. S.Verdizadə jurnalistlərin cəmiyyətin aktiv hissəsi olduqlarına diqqəti yönəldib, bu peşə sahiblərinin ayrı-ayrı vətəndaş qrupları ilə təmaslarının önəmini vurğulayaraq 9 oktyabr prezident seçkisini xalqın iradəsindən asılı olan proses kimi dəyərləndirib. Bu iradənin nümayişi ölkədə baş verən prosesləri görmək, onlardan düzgün nəticə çıxarmaq məsuliyyətini ön plana çıxarır. “Jurnalist-QHT Koalisiyası olaraq bizim istəyimiz budur ki, insanlar seçkiyə getsinlər və iradələrini ortaya qoysunlar, vətəndaşlıq borclarını yerinə yetirsinlər, seçdikləri namizədə səs versinlər. Onların düzgün seçimlərindən bu ölkənin və onun hər bir insanının gələcək taleyi asılıdır. Elə bilirəm ki, sizlər də seçkinin məsuliyyət yükünü məhz bu cür dəyərləndirirsiniz. Hamınızı seçkidə fəal iştiraka dəvət edirəm” deyən S.Verdizadə prezident müxtəlifə sərəncamlarının, eləcə də ümumilikdə dövlət siyasətinin seçkinin azad, ədalətli və şəffaf təşkili üçün hüquqi baza rolunu oynadığını vurğulayıb.

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komistəsinin icraçı direktoru Əvəz Rüstəmov isə çıxışında bildirib ki, seçkilərin azad və ədalətli şəkildə keçirilməsi üçün ona vətəndaş cəmiyyətinin nəzarəti mütləqdir. Media təkcə seçki prosesini işıqlandırmır, eyni zamanda vətəndaşlar arasında fəal maarifləndirici rol oynayır. «Seçki hüququ insanların təməl hüquqlarındandır. Yəni bizlər seçkidə iştirak etməklə, müəyyənləşdirdiyimiz namizədə səs verməklə özümüzün təməl hüquqlarımızdan istifadə etmiş oluruq. Bu hüquqlardan istər Azərbaycan, istərsə də beynəlxalq qanunvericilikdə kifayət qədər geniş bəhs edilir”. Ə.Rüstəmov seçkidə iştirakın həm də mühüm siyasi mədəniyyət nümunəsi olduğunu vurğulayıb.

Tanınmış jurnalist Etibar Cəbrayıloğlu isə 70 illik imperiya əsarətini yaşamış Azərbaycanda uzun müddət seçki ənənəsinin olmadığına diqqət çəkib. «Şübhəsiz, burada toplaşmağımız da seçki fəallığının təminatına yönələn addımlardan biridir. Müzakirələr nəticəsində ortaq mənafe və baxışlarımızı müəyyənləşdiririk, fikir və düşüncələrimizi qətiləşdiririk. Hesab edirəm ki, belə formatlı toplantılarda səslənən hər bir fikir ümumən vətəndaş cəmiyyəti quruculuğuna dəstəyin nümunəsidir».

Demokratik Jurnalistlər Liqasının sədr müavini Malik Bayramov sivil cəmiyyət quruculuğu mərhələsinin mühüm atributu olan demokratik seçki prosesində bütün təbəqələrin aktiv rol oynamasının vacibliyini önə çəkib. Medianın mövcud xüsusda bir növ katalizator kimi çıxış etdiyini deyən M.Bayramov eyni zamanda bildirib ki, görülən işlərin vətəndaşlar içərisində adekvat qarşılandığını görmək effektivliyin təminatı baxımından zəruridir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə