Umud Rəhimoğlu BMİ-nin İdarə Heyətinin Vyanada keçirilən iclasına qatılıb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu Avstriyanın paytaxtı Vyanada qlobal media şəbəkəsi olan BMİ-nin İdarə Heyətinin iclasında iştirak edib.

BMİ-nin İdarə Heyətinin bu ilki iclası gərgin və səmərəli əməkdaşlıq çərçivəsində keçib. İdarə Heyətinin toplantısı zamanı, mətbuat azadlığı istiqamətində 2013-cü ildə əldə olunmuş nailiyyətlər, BMİ-yə üzvlüklə bağlı strateji sənəd, BMİ-nin 2014-cü il üçün media azadlığı strategiyası və prioritetləri, BMİ-nin 2014-cü il dünya konqresi, innovativ xəbər platforması və digər məsələlər müzakirə mövzusu olunub. Mətbuatının vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi zamanı Azərbaycan Milli Komitəsinin fəaliyyəti xüsusi qeyd edilib.  Xüsusən post sovet məkanında azad söz və fikrin təşviq edilməsi üçün media qurumlarının və təşkilatlarının Beynəlxalq Mətbuat İnstitutunun işinə cəlb edilməsi təqdir edilib.

BMİ-nin milli komitələrinin təşəbbüsü ilə əsası qoyulan Bakı Regional Mərkəzinin səyləri nəticəsində Gürcüstan, Qazaxıstan, Qırğızıstanda yaradılan milli komitələrin mətbuat azadlığının qorunması, jurnalist təşəbbüslərinin dəstəklənməsi, təcrübə imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Bununla yanaşı Azərbaycanda diffamasiya haqqında qanunun qəbul edilməsinin ildən ilə ləngiməsindən narahatlıq ifadə edilib. Qanunun qəbulu istiqamətində təşəbbüslərin və fəaliyyətin gücləndirilməsi, konkret addımların atılması məqsədi ilə  Azərbaycanda diffamasiya haqda qanunun qəbulu məsələsi BMİ-nin 2014-cü il iş planına daxil edilib. Tədbir zamanı Azərbaycanda medianın vəziyyəti ilə bağlı BMİ-nin Norveç Milli Komitəsinin BMİ İdarə Heyətinə ünvanladığı, Azərbaycanda azad medianın təzyiq altında olması qeyd edilən, 2013-cü ilin iyun bəyanatına münasibət bildirən Umud Rəhimoğlu bununla bağlı qurumun rəhbəri Tom Hetlandla konstruktiv müzakirələr aparıb. Görüş zamanı Azərbaycanda mətbuatın problemlərinə toxunan Umud Rəhimoğlu, ifadə azadlığı və mətbuatın inkişafı istiqamətində görülən işlərdən danışıb, qaldırılan məslə ilə bağlı aydınlıq gətirib.

Sonda Umud Rəhimoğlu BMİ-nin strukturlaşması və fəaliyyətinin gücləndirilməsi üçün səylərin bir aya gətirilməsi istiqamətində çıxış edərək azad medianın qorunması, müasir jurnalistikada kibercinayətin qarşısının alınması, jurnalist təhlükəsizliyinin qorunmasına həsr edilən BMİ-nin 2014 –cü il Keyp Taunda keçiriləcək dünya konqresinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.  

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə