Əsl dost (BAXIŞ)

Əflatun AMAŞOV, Azərbaycan Mətbuat Şurasının sədri

 

Çıxışına başlayar-başlamaz sanki gərginliyi götürür. Söhbətimizin səmimi alınmasına çalışırE Səs tonu, fikir və düşüncələrini ifadə tərzi, əhatəlilik, jestikulyasiya, mimika, bir sözlə, hər davranışı səmimilik göstəricisidir, zarafatları da. Jurnalistlərlə dost olmağın onun üçün böyük şərəf olduğunu vurğulayır. Qarşımızdakı əsl dostdur. Bunu hiss edirik. Bəli, jurnalistlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə növbəti görüşü də tarixə çevrildi! Özü ilə birgə tarix yaratdı! Gerçək tarix!

"RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Jurnalistlərin dostu" mükafatı ilə bağlı keçirdiyi sorğuda dövlət başçısının qalib gəldiyi barədə məlumatın yayılmasından sonra media ictimaiyyətində mükafatın təqdimatı anının gerçəkləşməsinə dair müəyyən gözləntilər var idi. Əlbəttə, hamı məhz dövlət başçısı ilə görüşü gözləyirdi. Axı, Prezidentlə birbaşa təmas hər zaman vacibdir. Jurnalistlərin cənab İlham Əliyevlə artıq ənənəyə çevrilmiş görüşlərlərinin, fikir mübadiləsi aparmalarının vacibliyi ümumən prosesin faydalı olmağındadır. Bu faydalılığı bir neçə cəhətdən əsaslandırmaq mümkündür.

Əvvəla, ölkə rəhbərinin şəxsi keyfiyyətlərini vurğulamaq lazımdır. Dünyada və ölkədə baş verən prosesləri duymaq, medianın həmin proseslərdəki rolunu təhlil etmək bacarığı, fenomenal dünyagörüşü, yüksək səriştə - sadaladıqlarım cənab İlham Əliyevin siyasi portretini cızmaq nöqteyi-nəzərdən deyilməli fikirlərin çox cüzi hissəsidir. O, bir çox məsələlərin həllini olduqca məharətli tərzdə jurnalistika ilə bağlayır. Peşənin mənafelərini üstün tutmaq şərtilə dövlətin və xalqın da mənafelərində paralellər, ortaq nöqtələr müəyyənləşdirir. Bəzi xarici dairələrin ölkəmizin uğurlu inkişafını qəbul etmək istəmədiyindən, müstəqil xəttimizin və bir çox məsələlərlə bağlı barışmaz mövqeyimizin müəyyən dairələri hərəkətə gətirdiyindən və onlarda narahatlıq yaratdığından söz açan Prezident qeyd edir ki, Azərbaycan hər zaman bu kimi hallara tutarlı cavab verir. Çünki Azərbaycan cəmiyyəti reallıqları bilir. "Biz bütün bunlardan qorunmaq üçün daha da güclü olmalıyıq və bütün bu proseslərdə medianın rolu böyükdür", - deyən Prezident  ali dövlət idarəçiliyi kursunun media ilə üzvü surətdə bağlılığını, bir növ, vəhdətini ortaya qoyur. Mövcud mənada onun daha bir fikrinə diqqət yetirək: "Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır".

Təsadüfi deyil ki, cənab İlham Əliyevin çıxışına münasibət bildirən jurnalistikamızın ağsaqqalı Şirməmməd Hüseynov bildirir: "...Buradakı jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs keçdi. Təşəkkür edirəm". Elə bilirəm, cənab Prezidentlə görüşün təəssürat payı hamımızın ona təşəkür etməsi üçün əsaslar yaradır.

Bütün dünyada belədir. Məmurlar jurnalistlərlə təmaslara bir o qədər maraq göstərmirlər. Hətta inkişaf etmiş ölkələrdə də jurnalistlərdən yayınma hallarına rast gəlinməkdədir. Azərbaycanın dövlət müstəqilliyinin yaşı çox azdır. Əlbəttə, idarəçilik strukturu da ümumən yenidir. Həmin strukturda müəyyən mənada uzun müddət tərkibində yaşadığımız keçmiş sovet rejiminin stereotipləri də saxlanılmaqdadır. Bəzən mövcud amil özünü ayrı-ayrı vəzifə sahiblərinin müxtəlif hadisə və proseslərə yanaşma tərzində qabarıq göstərir. Əlbəttə, köhnəliklərlə müşayiət olunan neqativ məqamları görəndə təəssüflənirik. Fərd olaraq bizlərin hər birinin təəssüfü isə öz mənfi nəticələrini Azərbaycan dövlətinin mənafelərinin qorunmasında göstərir. Deməli, xoşagəlməzliklərdən uzaqlaşaraq, məmur-jurnalist münasibətlərində nümunə yaratmaq lazımdır. Hesab edirəm ki, bu baxımdan canlı örnək olan Azərbaycan Respublikasının Prezidentinin jurnalistlərlə hər təması digər yüksək vəzifə sahibləri üçün də medianın cəmiyyətdəki yeri və rolunu anlamaq mesajına çevrilməlidir və çevrilir də. Çünki dövlət başçısı çox dəqiq bir tərzdə bildirir ki, dövlət maraqlarının təmin edilməsi nöqsanların aşkarlanmasından keçir. Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatların getdiyini önə çəkir: "Mən bunu alqışlayıram. Xüsusilə, bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir. Milli-mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmaması - bütün bunlar diqqət çəkir. Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir və istər-istəməz müsbət təsir göstərir. Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq. Mən hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir".

Azərbaycan dövləti kimi, mediası da gəncdir, problemləri kifayət qədərdir və onlardan yetərincə söz açılıb. Bu barədə danışa-danışa, dilə gətirdiklərimizi əməli iş müstəvisinə çevirməklə çətinliklərin bir çoxunu geridə qoymuşuq. Ümumən, Azərbaycan dövlətinin media sahəsində yeritdiyi xəttin qayəsi də jurnalistikanı dinamik ictimai institut kimi möhkəmləndirməyə yönəlib. Ancaq elə məsələlər var ki, həllində birbaşa dövlət başçısının iradəsi, tutduğu mövqe çox önəmlidir. Bunu dəfələrlə hiss etmişik. Elə götürək "Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı. Konsepsiya fundamentallığı ilə bir ilkdir. Xarici ölkələrdəki həmkarlarımız sənədə qibtəylə yanaşırlar. Çünki jurnalistikanın daxili mahiyyətini anlayırlar. Bilirlər ki, söz və mətbuat azadlıqlarına önəm verməyən hakimiyyətlər üçün həmin azadlıqların hər hansı seqmenti belə təhlükə mənbəyidir. Konsepsiya isə açıq sənəddir. O, media dəyərlərinin aliliyini bəyan etməklə jurnalistika ilə dövlətin maraqlarını uzlaşdırır, birincini ikincinin idarəçilik mexanizmində aparıcı qüvvəyə çevirmək naminə silahlandırır. Sənəddə forma və məzmunca nəzərəçarpan komplekslik medianın hər hansı formada ələ alınmasına yönələn önyarğıları tam heçə endirir.

Ancaq istər Konsepsiyanın qəbulu, istərsə də ondan irəli gələn vəzifələrin reallaşdırılması qətiyyət tələb edirdi. Bu qətiyyət isə dövlət başçısından gəldi. Jurnalistlərlə görüşdə biz bir məsələni də müəyyənləşdirdik - Prezident yeritdiyi media siyasətində hər bir detalı nəzərə alır. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qəzet köşklərində satışın vəziyyətinə dair narazılıqlarını dilə gətirir. Təsəvvür edin ki, məsələyə münasibət bildirən Prezident həmin köşklərin ölkəyə gətirilməsinin təşəbbüskarı olduğunu vurğulayır. Onun həssaslığından heyrətlənməyə bilmirsən. Bu fikirdən sonrakı sərt reaksiyanı proqnozlaşdırmaq o qədər də çətin deyildi. Və cənab İlham Əliyev qəzet satışına məhdudiyyətin yolverilməzliyini, hətta dözülməzliyini bəyan edir. Bu halda dövlət başçısı jurnalist cameəsindən gələn sifarişə həssas yanaşdığını ortaya qoyur. Mövcud sifarişin azad jurnalistikanın, müstəqil medianın yaradılmasında mühüm rol oynadığından söz açır: "Ancaq eyni zamanda, dövlət siyasəti olmadan bu proseslər lazımi səviyyədə təşkil edilə bilməz. Hesab edirəm ki, Azərbaycanda, bax, bu iki əsas istiqamətin birləşməsi bugünkü müsbət dinamikanı təmin etmişdir".

Diqqət yetirmişəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistlərlə hər görüşündə media peşəkarlığına dair də önəmli mesajlar verir. Hər birində mükəmməl uzlaşdırma var. Dövlət başçısı müəyyən mənada jurnalist peşəkarlığının soyuq stereotiplərindən uzaqlaşmasının vacibliyini vurğulamaqla, əslində, ona yeni, məxsusi peşəkarlıq nəfəsi gətirir. Peşəni xalqın və dövlətin təəssübünü çəkən qismində daha yüksək statusa qaldırır. Medianın insanlara pozitiv enerji verməsinin vacibliyindən söz açarkən dünyanın hər yerində qəbul olunan standartlara müraciət edir. Yada salaq, Amerika teleməkanında Əfqanıstanda həlak olmuş ABŞ əsgərlərinin tabutlarını göstərmək qadağası var idi. CNN 11 sentyabr terroru ilə əlaqədar materiallarında qanlı səhnələri yayımlamırdı. Belə nümunələr kifayət qədərdir. Ancaq dövlət başçısının da bildirdiyi kimi, hazırda Azərbaycan mediası üçün xarakterik olan informasiyaların mənfilik yükünün qabardılması tendensiyası elə həmin inkişaf etmiş ölkələrdən gəlir: "Bu, necə deyərlər, bir meyildir - Qərbdən gələn meyildir. İlk xəbərlər ancaq mənfi reaksiya doğura biləcək xəbərlərdir - ya zəlzələ, ya maşın qəzası, ondan sonra hansısa ölüm hadisəsi. Əlbəttə, bu, insanların şüuruna da müsbət təsir etmir... Amma hər halda burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun".

Söhbətimin əvvəlində jurnalistlərin Prezident İlham Əliyevlə görüşünün faydalı olduğunu vurğuladım və düşüncələrimi əsasən mövcud istiqamətdə izah etməyə çalışdım. Bu mövzudakı yazılarımda bildirmişdim ki, Prezidentimizin şəxsində dövlətimizin nümayiş etdirdiyi cəsarət və istək Azərbaycan jurnalistinin daxili aləminə hakim kəsilmiş səmimiyyətə ən böyük qarşılıqdır. Belə yanaşma dövlətlə ictimai missiya yerinə yetirən medianın vəhdətinin yaradılmasına xidmət edən böyük, nəsillərə miras qalacaq örnəkdir. Bu, eyni zamanda, səmimiyyətin rəhni sayılan dostluğun misilsiz ifadə formasıdır. Azərbaycan jurnalistləri cənab İlham Əliyevə ikinci dəfə "Jurnalistlərin dostu" mükafatını təqdim etməklə dostluğa olan sədaqətlərini bir daha ortaya qoydular. Düşünürəm ki, bu dostluq ölkədə media ilə bağlı reallaşdırılmaqda olan siyasi xəttin davamı, Azərbaycan jurnalistikasının yeni zirvələrə doğru inamla addımlaması baxımından ən mühüm məqamdır. Bunu söyləmək üçün Prezident tərəfindən verilən konkret təminat var: "Mən dostluqda sadiq adamam və hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir".

"Azərbaycan" qəzeti, 27 noyabr 2013-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə