«İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər»

«RUH» AJMK Yevlaxda bu mövzuda «dəyirmi masa» keçirib

Bu gün Yevlax şəhərində «İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər» mövzusunda «dəyirmi masa» keçirilib. «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı «İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi» layihəsi çərçivəsində baş tutmuş sayca ikinci olan toplantıda Yevlaxla yanaşı, Mingəçevirdə, Tərtərdə, Bərdədə və Goranboyda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin yerli ictimaiyyətin, Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax Şəhər Təşkilatının nümayəndələri iştirak ediblər.

«Dəyimi masa»nı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Yevlax Şəhər Təşkilatının aparat rəhbəri Əli Quliyev açıb. O, Yevlaxda həyata keçirilən geniş abadlıq və quruculuq işlərindən danışıb. Bildirib ki, prezident İlham Əliyevin diqqət yetirdiyi media siyasətinə rayonda böyük önəm verilməkdədir. Yerli «Kür» qəzeti bölgə mətbuatı içərisində tirajının yüksəkliyi baxımdan seçilən nəşrlərdəndir. Yevlaxda regional əhəmiyyət daşıyan «El» telekanalı uğurla fəaliyyət göstərməkdədir. Rayonda həmçinin yeni medianın funksiya və vəzifələrinə də böyük önəm verilməkdədir. Ümumən onlayn və ənənəvi medianın timsalında Yevlaxın daha da inkişafına və çiçəklənməsinə xidmət edən model fəaliyyət göstərməkdədir.

«RUH» AJMK-nın icraçı direktoru, «İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi» layihəsinin koordinatoru Əvəz Rüstəmov təmsil olunduğu təşkilat, eləcə də qurumun həyata keçirdiyi layihə ilə bağlı iştirakçılara geniş məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılmaqda olan layihə çərçivəsində mart ayında Gəncədə «dəyirmi masa» keçirilib. «Bu,  sayca ikinci tədbirimizdir. Mart ayında Gəncədə eyni adlı «dəyirmi masa» təşkil etmişdik. Azərbaycanda internet media geniş vüsət almaqdadır. Təbii ki, bu cəmiyyətdə söz və ifadə azadlıqlarının dərinləşməsi baxımından mühüm amil sayılmalıdır. Artıq Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. Güman edirəm, dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu rəqəm daha da artacaq. Mövcud artım daha çox media fəaliyyətinə təsir göstərir. Yeni internet media orqanları yaranır. Ancaq onların fəaliyyəti cəmiyyətin tələblərinə nə dərəcədə adekvatdır? Güman edirəm ki, mövzu ətrafında düşünməyə, fikir mübadiləsi aparmağa ehtiyac var. İnternet media ilə bağlı yeni praktik situasiyaların şahidi oluruq. Lakin burada mənəvi dəyərlərin qorunmasına nə dərəcədə riayət olunur?» - deyən Ə.Rüstəmov dünya miqyasında internetin hüquqi tənzimlənməsi praktikasına üstünlük verilmədiyini vurğulayıb. Belə bir durumda ictimai tənzimlənmənin aktual tərəflərinə diqqət çəkib. Əlavə edib ki, layihənin əsas məqsədlərindən biri jurnalist peşəkarlığı ilə bağlı dəyərləri rəhbər tutaraq ictimaiyyətin diqqətini internet media müstəvisində meydana çıxan və milli-mənəvi dəyərlərin pozulması ilə müşaiyyət olunan məsələlərə yönləndirməkdir.

«Dəyirmi masa»da ekspert qismində «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri Seymur Verdizadə «İnternet media saytlarının fəaliyyəti və beynəlxalq təcrübə» mövzusunda məruzə edib. O, çıxışında internet media və ənənəvi medianın təsnifatındakı fərqlərə, internet sahəsində tənzimləmənin müxtəlif cəhətlərinə, sosial şəbəkələrlə, bloggerliklə bağlı məsələlərə toxunub. S.Verdizadə bildirib ki, internet medianın ənənəvi medianı tədricən sıradan çıxarmağa doğru getdiyi hazırkı vəziyyətdə transformasiyanın, yəni medianın fəaliyyət üsul və vasitələrini dəyişməsi prosesinin ağrısız keçməsi böyük şərtdir. Bunu isə cəmiyyət özü də təmin etməlidir. Əlbəttə, mövcud sahədə dövlətin də müəyyən addımlar atması zəruridir.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifov, Yevlaxın “Kür” qəzetinin əməkdaşı əməkdaşı Züleyxa Bəşirova, Goranboyun “Mübariz” qəzetinin baş redaktoru Fəxrəddin Xəlilov, Bərdənin eyni adlı qəzetinin baş redaktoru Elburus Məmmədov, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Etibar Məmmədov, gənc bloger Zərif Qurbanova və başqaları çıxışlarında mövzunun aktuallığını vurğulayaraq internet media sahəsində ictimai tənzimləmənin milli-mənəvi dəyərlərin qorunmasına dəstək baxımından vacibliyini əsaslandırıblar.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə