Jurnalist təşkilatı Avropa Parlamentinə etiraz edir

Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair qəbul etdiyi qətnaməyə qarşı etiraz bəyanatı yayıb.

JAM-ın bəyanatda bildirilir:

“Dünyanın müxtəlif  bölgələrində “qaynar nöqtələr”in çoxaldığı, millətlərarası və dinlərarası dözümsüzlük tendensiyasının gücləndiyi bir şəraitdə real nəticələrə hesablanan qlobal inteqrativ təşəbbüslərin irəli sürülməsinə ciddi ehtiyac hiss olunmaqdadır. Bu baxımdan, qeyd edilən missiyanı üzərinə götürmək imkanında olan nüfuzlu beynəlxalq təşkilatların barışdırıcı təşəbbüslərlə çıxış etmələri və dünyada, konkret regionlarda hökm sürən gərginliyin azaldılmasına səy göstərmələrinə yönəlik gözləntilər böyükdür. Lakin çox təəssüf olsun ki, bu çərçivədə müəyyən ümidlər bəslənilən beynəlxalq təşkilatlar nəinki həmin gözləntiləri doğrultmur, əksinə  qarşılıqlı etimadsızlığı artıran yanlış qərarları ilə vəziyyəti bir qədər də gərginləşdirirlər.

Bu mənada daha da irəli gedən Avropa Parlamenti (AP) qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edərək, uydurma tarixin rəsmiləşdirilməsinə qərar verib. AP belə bir qətnamə qəbul etməklə, olmayan tarixdən öz siyasi məqsədləri  naminə istifadə etməyin, tarixi-siyasi həqiqətləri saxta iddialara qurban verməyin onun üçün çətin olmadığını bir daha nümayiş etdirdi. Jurnalist Araşdırmaları Mərkəzi (JAM) AP-nin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamənin çirkin siyasi məqsədlərdən qaynaqlandığını bəyan edərək, bu addımı qətiyyətlə pisləyir.

AP-nin yuxarıda göstərilən səbəblərdən irəli gəlinərək qəbul etdiyi məlum qətnamə son iki əsrdə ermənilərin misilsiz vəhşiliyinə məruz qalan, bu gün də onların törətdikləri böyük dəhşətlərin ağrısını yaşayan Azərbaycanda da böyük hiddət doğurub. AP-nin belə bir addımla işğalçı dövləti daha da stimullaşdırması Qərbin Türkiyə ilə Azərbaycana istiqamətlənmiş əsassız təzyiqlərinin növbəti təzahürü kimi qiymətləndirilir. 

JAM dünyanın mütərəqqi kəsiminə, jurnalist təşkilatlarına, obyektivliyini qoruyan nüfuzlu beynəlxalq qurumlara, mediya müraciət edərək, onları AP-nin ermənilərin saxta iddialarını təmin edən məlum qətnaməsi əleyhinə etiraz səsini ucaltmağa və bu məsələdə ədalətli mövqe tutmağa çağırır”.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə