Jurnalist Milli Qəhrəmanlarımız

Yazı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Müstəqil dövlətə malik istənilən xalqın tarixində ən mühüm səhifələri onun öz istiqlaliyyəti üçün tökdüyü qanlar,  xarici işğalçılara qarşı mübarizəsi təşkil edir. Təbii, mücadilə verən və bunun nəticəsində qarşıya qoyduğu məqsədə nail olan xalqların uğur qazanmalarında bir neçə amilin müstəsna təsiri var.  İlkin şərt xalqın birliyini təmin edərək yüksək səviyyədə təşkilatlanmaqdır. Bu işlərin lazımi dərəcədə həyata keçirilməsi isə zəruri şəraitdə xalqın yetişdirdiyi, bütün vacib keyfiyyətlərə malik şəxsiyyətlərin önə çıxması ilə əlaqədardır. Lakin bütün hallarda danılmaz həqiqət bundan ibarətdir ki, aparılan ağır mübarizələrdə əldə olunan nailiyyətlərin böyük pay sahibləri qismində yüz minlərin, milyonların deyil, çox az fərdin adı tarixdə qalır. Çünki uzunmüddətli mərhələni əhatə edən savaşlarda iştirak edənlərin hər birinin eyni dərəcədə ağıl, cəsarət, güc sərf etdiyini düşünmək imkan xaricindədir.  Mübarizələrdə fərqli davranış, üstün cəhətlərindən doğru yararlanmaq və anında göstərdiyi şücaətlər şəxsləri məhz qəhrəmanlara çevirir.

Zaman-zaman böyük imperiyalar quran, ətrafına hökm edən xalqımız, xüsusilə, son iki əsrdə bir neçə dəfə tarixin dəhşətli istehzası ilə üzləşdi. XIX əsrin 20-ci illərində ilk çar, XX əsrin yenə də 20-ci illərində isə bolşevik Rusiyasının işğalına məruz qalan Azərbaycan çox ağır imtahanlardan keçməli oldu. Dövlətçiliyini, milli elitasını, ərazilərini itirən xalqımız bunlar azmış kimi, torpağında yer verdiyi ermənilərin misilsiz xəyanəti ilə də baş-başa qaldı. 

XX əsrin əvvəllərindən başlayaraq, Bakı da daxil olmaqla Azərbaycanın bir sıra bölgələrinə - özəlliklə Qarabağa – iddialarını orta qoyan ermənilər hamilərindən açıq-gizli dəstək alaraq daha da azğınlaşdılar. XX əsrin sonlarına doğru Mixail Qorbaçovun sabiq SSRİ hakimiyyətinə gəlişindən sonra Azərbaycana qarşı fəaliyyətlərini genişləndirən ermənilər 1988-ci ilin fevralında Azərbaycanın o vaxt  muxtar vilayət statusunda olan Dağlıq Qarabağ bölgəsinə olan istəklərini irəli sürdülər.

Həmin tarixdən başlayaraq, ermənilər Dağlıq Qarabağdakı azərbaycanlı kəndlərinə və Ermənistanla həmsərhəd olan yaşayış məntəqələrimizə müntəzəm hücumlar təşkil etməyə başladılar. SSRİ-nin süqutundan sonra ermənilər Azərbaycna qarşı ərazi iddialarını artıq genişmiqyaslı müharibə ilə təmin etməyə başladılar. Əlbəttə, onlar Rusiyanın və Sovet ordusunun qalıqlarının dəstəyi olmadan belə bir cəsarət göstərməyə qadir deyildilər. O zaman özünü müdafiə etmək üçün hətta yüngül ov silahlarından da məhrum edilmiş xalqımız ermənilərin silahlı təcavüzünə qarşı bir müddət əliyalın mübarizə aparmalı oldu. Lakin tədricən Milli Ordunun qurulması, vətənpərvər övladlarımızın fədakarlığı sayəsində düşmənə göstərilən müqavimət Azərbaycanın yeni savaş tarixinin ilk şanlı səhifələrinə çevrildi. Çox təəssüf ki, Rusiyanın hərtərəfli dəstəyi və Azərbaycanda baş verən neqativ proseslər fonunda ermənilər ərazilərimizin 20 faizini işğal etdilər, 1 milyona yaxın soydaşımız öz yurd-yuvasından didərgin düşdü.

Müharibədəki müvəqqəti uğursuzluğa baxmayaraq, Azərbaycanın fədakar övladları xalqımızın qəhrəmanlıq tarixinə silinməz izlər həkk etdilər. Birinci Qarabağ Savaşının davamında Azərbaycan əsgərləri mərdliklə çarpışaraq, dəfələrlə qeyri-bərabər döyüşlərdə düşmənə ağır zərbələr endirdilər, minlərlə hərbçimiz fərdi igidlik nümunəsi göstərərək, son damla qanlarınadək vuruşdular. Azərbaycanın ən yeni tarixinin ayrılmaz hissəsi olan Birinci Qarabağ Müharibəsi mərhələsində indiki gənc və gələcək nəsillərə əsl örnək olan qəhrəmanlıq salnaməsi yaradıldı. Savaşda xüsusi rəşadət göstərən 200-dək soydaşımız “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülərək, adlarını əbədi olaraq Vətən tarixinə yazdılar. Bu şərəfli ada layiq görülmüş qəhrəman övladlarımız içərisində qələmini süngüyə çevirən jurnalistlərimiz də var. Bu yazıda onların həyat və döyüş yoluna yenidən nəzər salmaqla, bütün şəhidlərimizin ruhunu bir daha dərin hörmət və ehtiramla yad etməyi düşünürük.

Dəli bir ağlamaq keçir könlümdən…

Azərbaycanın şəhid jurnalisti Alı Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulub. Burada orta təhsil alıb (1959-1969). Hərbi xidmətdən sonra Bakı elektrik maşınqayırma zavodunda tokar işləyib (1971-1976). Zavod direksiyasının göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib (1976-1981). Təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinə göndərilib. Qısa müddətdə böyük rəğbət qazanıb.

Erməni quldurlarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb. 

1991-ci il noyabrın 20-də A.Mustafayevin Azərbaycanın dövlət və hökumət xadimləri ilə birlikdə olduğu vertolyot Qarabağın Qarakənd səmasında ermənilər tərəfindən vuruldu. Ölümündən sonra ona Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi. Hazırda paytaxtın Nərimanov rayonundakı 202 saylı orta məktəb məzarı Şəhidlər Xiyabanında olan mərhum jurnalistin adını daşıyır.

A.Mustafayev jurnalistlik fəaliyyəti ilə yanaşı bədii-publisistik nümunələri, özünəməxsus poeziyası ilə də yaddaşlarda qalıb. Onun “Dəli bir ağlamaq keçir könlümdən” şeiri bu gün də A.Mustafayevin öz taleyinə yazdığı öncəgörmə kimi qiymətləndirilir.

Çingiz Mustafayev – cəsarət və qorxmazlıq nümunəsi

Daha bir şəhid jurnalistimiz -  Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Tibb İnstitutuna (indiki Tibb Universiteti) verir və oranı 1983-cü ildə bitirir. 

Qarabağ münaqişəsinin baş qaldırmasından sonra Ç.Mustafayev hər zaman maraq göstərdiyi telejurnalistikaya yönəlir, cəsarətli və aktual süjetlər hazırlamağa, onların yayılmasına xüsusi səy göstərir. 

Əlində kamera Ordumuzun hücum əməliyyatlarını tarixə köçürən Çingizin həyatı da elə növbəti döyüş əməliyyatlarından biri zamanı yarıda qırılır. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində döyüş vaxtı çəkiliş apararkən mərmi qəlpəsindən aldığı yara Çingiz üçün ölümcül olur. Bütün səylərə baxmayaraq, çoxlu qan itirdiyinə görə jurnalistin həyatını xilas etmək mümkün olmur.

Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür.  

Müharibəni yaddaşlara köçürən tele-operator

1991-ci il noyabrın 20-də Azərbaycanın yüksək vəzifəli dövlət rəsmilərinin, hərbçilərin və jurnalistlərin olduğu vertolyot Dağlıq Qarabağın Qarakənd kəndi üzərində ermənilər tərəfindən vuruldu. Həlak olanlar arasında dövlət televiziyasının üç əməkdaşı – telejurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov və işıqçı Arif  Hüseynzadə də vardı.

Fəxrəddin Şahbazov 1950-ci il yanvarın 22-də Bakıda anadan olub. 1957-1967-ci illərdə orta təhsil alıb. 1969-1971-ci illərdə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra 1972-ci ildə o zaman çoxlarının xəyal etdikləri yerdə - Azərbaycan Teleradio Şirkətində fəaliyyətə başlayıb.

Ötən əsrin 80-ci illərinin sonuna doğru Azərbaycanda yenidən vüsət alan milli hərəkatında F.Şahbazov da fəal iştirak edir. Onun Qarabağ müharibəsindən çəkdiyi kadrlar da özünəməxsusluğu ilə seçilir. Bu baxımdan F.Şahbazovun 1991-ci il noyabrın 20-də Qarakənd səması üzərində ermənilərin vurduğu vertolyotda olması təsadüf yox, özünəməxsus bir qanunauyğunluq sayılmalıdır.

Həlak olduqdan sonra Şəhidlər Xayabanda dəfn olunan F.Şahbazova 1992-ci il dekabrın 4-də “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Bakının Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki  küçələrdən biri də şəhid operator F.Şahbazovun adını daşıyır.

Aslanın erkəyi dişisi olmaz…

1961-ci il dekabrın 16-da Bakıda anadan olmuş Salatın Əsgərovanın nə vaxtsa jurnalistikaya üz tutacağı, tanınmış imza sahibinə çevriləcəyi, nəhayət peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalacağını çoxları, yəqin ki, heç onun özü də təsəvvür etmirdi. 1979-cu ildə 18 saylı orta məktəbi bitirərək sənədlərini Neft və Kimya İnstitutuna (indiki Dövlət Neft Akademiyası) vermiş S.Əsgərovanın  mətbuata gəlişi gözlənilən deyildi.

O, əvvəlcə “Baku” qəzetində işləməyə başlasa da, 1988-ci ildə  “Molodyoj Azerbaydjana” qəzetinə keçir. Qarabağda məlum hadisələr baş qaldırdıqdan sonra muxtar vilayətə tez-tez səfər edən jurnalistlər arasında S.Əsgərovanın adı öndə çəkilir.  

1991-ci il yanvarın 9-u düşmən gülləsi bu fədakar qadın jurnalistimizin həyatına son qoydu. S.Əsgərova layiq olduğu yerdə - Bakının Şəhidlər Xiyabanında dəfn edildi.

Azərbaycan dövləti və xalqı öz qəhrəman qızının, şəhid jurnalistimizin xatirəsini hörmətlə yaşatmaqdadır. Salatın Azərbaycan prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İlk jurnalist Milli Qəhrəman

Azərbaycanın şəhid jurnalistlərindən biri də Kazımağa Möhsün oğlu Kərimovdur. O, 1951-ci il sentyabr ayının 1-də Qubadlı rayonunun Sarıyataq kəndində çoxuşaqlı ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olub və təhsilini uğurla başa vurub.

Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant kimi vətən torpağının müdafiəsinə qalxdı. O, döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak edib. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tapqaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə rəhbərlik edən komandir üçün bu döyüşlər sanki bir sınaq olsa da, o, bu sınaqdan alnıaçıq çıxıb. Bu uğurlarla kifayətlənməyən Kazımağa Kərimov komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu əməliyyatın məqsədi düşmən tapdağı altında olan  Ağcakəndin (o zamankı Şaumyan rayonunun) azad olunması idi. Təəssüf ki, bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu döyüş olur. 1992-ci ilin 12-13 iyun tarixlərində gedən döyüşdə Kazımağa Kərimov ağır yaralanır. Amma o, düşmənlə üzbəüz dayanmış əsgər və zabitləri ruhdan salmamaq üçün döyüşü davam etdirmək əmri verir. Çoxlu qan itirsə də, bu cəsur komadiri səngərdən çıxarmaq mümkün olmur. Düşmənin canlı qüvvəsi və sonuncu hərbi texnikası məhv edilənə kimi Kazımağa Kərimov silahı əlindən yerə qoymur. Məhz bunun sayəsində həmin tarix Ağcakəndin, yəni o zaman rayon statusunda olan bütöv bir ərazinin azad olunduğu gün kimi təqvimə həkk olunur.

Kazımağa 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə ucaldı. Ölümündən bir həftə sonra Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adın layiq görüldü. K.Kərimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk jurnalist idi.

Qədirbilən xalqımız onun yolunda canından keçən qəhrəman övladlarını heç vaxt unutmayacaq! 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə